Özünü bloger kimi təqdim edən Ata Abdullayev növbəti dəfə məhkəmə önünə çıxarılıb.
araz.az “SAVAŞ” -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Elçin Əliyev deyib ki, Ata Abdullayev sosial şəbəkələrdə onun haqqında yalan məlumatlar yayıb. Elçin Əliyev tikinti ilə məşğul olduğunu, Ata Abdullayevin ondan qanunsuz tikinti apardığını iddia edərək 15 min tələb etdiyini söyləyib.
“Dedi ki, ya 15 min manat verəcəksən, ya da sosial şəbəkədə səni biabır edəcəm. Dedi ki, 15 min versəm, siləcək”– deyə zərərçəkmiş qeyd edib.
A.Abdullayev zərərçəkmişi tanımadığını söyləyib: “Dünyanın 78 ölkəsində olmuşam. Heç bir yerdə jurnalistin küçədə pul istədiyini görməmişəm. Bir söz də deyim. “Real Madrid”in futbolçusu Kərim Benzema da mənim kimi şantajda təqsirli bilinirdi. Kərim Benzema “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanın intim videosunu yaymaqda vasitəçi olduğu üçün təqsirli bilinir. Buna baxmayaraq, ölkəsi ittihamı qəbul eləmir. Ortaya fakt qoyulub. İndi 1992-1993-ci illər deyil. Göydə peykimiz var. Nə isə olan kimi zəng edirsən, lazım olan adamlar gəlir”.
Digər zərərçəkmiş Cəmil Babayev də məhkəmədə ifadə verib.
O bildirib ki, Ata Abdullayev onu ağacları qanunsuz olaraq kəsməkdə ittiham edərək ondan pul istəyib:
“Külək Yasamal rayonunda ağacı aşırmışdı. Aidiyyatı qurumlara zəng etdim, səhəri günü gəldilər, ağacı kəsib götürdülər. Həmin vaxt Ata Abdullayev telefonda canlı yayım açaraq mənim haqqımda yersiz ittihamlar səsləndirirdi. Məndən 7 min manat pul istədi”.
Ata Abdullayev isə günahsız olduğunu deyib və zərərçəkmişə “qardaşım” deyə müraciət edib.
Zərərçəkmiş isə “Allah eləməsin, mənim sənin kimi qardaşım olsun” deyə cavab verib.
Həmçinin zərərçəkmiş şəxs bildirib ki, Ata Abdullayevə pul verməyib.
A.Abdulayev deyib ki, ki, yeganə jurnalist olub ki, hər yerə canlı yayınla girib.
Bildirək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
Cinayət işi üzrə Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş kimi tanınıb.
Ata Abdullayevin bu şəxslərdən şantaj yolu ilə pul tələb etdiyi bildirilir.
Qeyd edək ki, Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir. Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.