hacibala

Faiq İsmayılov: “Bu cinayətə görə cavabdehlik daşımalıdırlar və dəymiş zərəri mütləq şəkildə ödəməlidirlər”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq aparat rəhbəri Rasim Quliyevin məhkəməsində diqqət çəkən fakt aşkarlanıb.  

Məhkəmədə səsləndirilib ki, 2019-cu il mayın 6-da keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Baş nazirin sabiq müavini Hacıbala Abutalıbova məktub göndərib. Məktubda qeyd olunub ki, Dilarə Əliyeva 141 və 145 ünvanlardakı ikimərtəbəli binalar yerli əhəmiyyətli tarixi abidədir. Məktubda göstərilib ki, həmin binalar qəzalı vəziyyətdədir, binalarda çatlar əmələ gəlib.

Daha sonra Hacıbala Abutalıbov həmin binaların tarixi abidələr siyahısından çıxarılması üçün aidiyyəti qurumlara müraciət edib. Aidiyyəti qurumların bəziləri həmin binaların bərpasına külli miqdarda vəsait tələb olunduğunu əsas gətirərək bu binaların tarixi abidələrin siyahısından çıxarılmasına etiraz etməyib.

Tarixi abidəni necə və hansı şərtlərlə siyahıdan çıxarmaq olar? Məgər tarixi abidəni dövlət reyestrinə məmurların göstərişi ilə daxil edirlər, yaxud çıxarırlar?

  • “Tarix və mədəniyyət abidələri öz əhəmiyyət dərəcəsindən asılı olmayaraq heç bir halda dövlət reyestrindən çıxarıla bilməz”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, maddi-mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov bizimlə söhbətində bildirdi ki, tarixi abidəni, tarixi binanı dövlət reyestrindən çıxarmağa heç kəsin hüququ yoxdur: “Tarix və mədəniyyət abidələri öz əhəmiyyət dərəcəsindən asılı olmayaraq heç bir halda dövlət reyestrindən çıxarıla bilməz. Hətta həmin abidə dağılıb yararsız vəziyyətə düşsə belə, onun qeydiyyatdan kənarlaşdırılması, dövlət reyestrindən çıxarılması hüquqi cəhətdən mümkünsüzdür. İkinci bir tərəfdən, abidələrin qeydiyyata alınması və dövlət reyestrində qeydiyyata götürülməsi olduqca mürəkkəb bir prosesdir. Deyək ki, ilkin təşkilatlar tərəfindən onun qeydiyyata alınması aparılır, Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti bunu ilkin olaraq qeydiyyata götürür. Bu, Mədəniyyət Nazirliyinə təqdim olunur, nazirliyin xülasəsi ilə Nazirlər Kabineti tərəfindən qərarla təsdiq olunur.

Bunlar belə bir qanunsuzluqlar ediblərsə, mənim bunların hərəkəti ilə bağlı deyəcəyim söz yoxdur. İkinci bir tərəfdən, tarix-mədəniyyət abidələri qeydiyyata alındığı gündən xalqın milli dəyəridir. Tarixi abidələr heç kimin şəxsi mülkiyyəti deyil, buna heç kəs şəxsi münasibət göstərə, öz şəxsi əmlakı hesab edə bilməz, ondan sui-istifadə edə bilməz. Hətta bu abidələr hansısa bir dövlət qurumuna, yaxud özəl təşkilata icarəyə verilirsə belə, mütləq şəkildə aktlaşdırılmalıdır. Həmin abidə üzrərində işlərin aparılması, onların təmir edilməsi, rənglənməsi qətiyyən yolverilməzdir, bu qadağandır. Baş verənlər isə qanunsuz hadisədir. Bu, BŞİH-nin sabiq rəhbərliyi və Mədəniyyət Nazirliyi tərəfindən törədilən özbaşınalıqdır. Bu tarixi binaları “yerli əhəmiyyətli abidədir, yaxud uçub dağılmaq təhlükəsindədir” deyib dövlət reyestrindən çıxarmaq heç bir qanuna sığmır. Ona görə ki, bizim ümumi baxışda yerli əhəmiyyətli abidə kimi qeyd etdiyimiz bir abidənin gələcək tədqiqatlar nəticəsində yerin təkində ümumi məzmunu aşkarlana bilir. Arxeoloji qazıntılar zamanı bu üzə çıxır”.  

F.İsmayılov qeyd etdi ki, bu gün tarixi abidə kimi siyahıda olan binalar, abidələr sabah ölkə və dünya əhəmiyyətli abidələr siyahısına salına bilər. “Mən bunu özbaşınalıq və xalqın tarixi mədəniyyətinə, mədəni irsinə vurulmuş zərər olaraq qiymətləndirirəm. Onlar etdikləri bu cinayətə görə cavabdehlik daşımalı və dəymiş zərəri mütləq şəkildə ödəməlidirlər.

Onu da əlavə etmək istəyirəm ki, abidələrin qeydiyyata alınmasında AMEA-nın Arxeologiya və Etnoqrafiya və Tarix institutlarının rəyi də mütləq şəkildə nəzərə alınmalıdır”-deyə F.İsmayılov vurğuladı.

İradə SARIYEVA 

araz.az xəbər portalı.