download 1

Bu gün İkinci Qarabağ Savaşı şəhidi, Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Cavadovun anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Lerik rayon təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

Cəlil Ağaddin oğlu Cavadov 1989-cı il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 1995-2003-cü illərdə Z. Səfərov adına Blaband kənd tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun kapitanı olan Cəlil Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Cavadov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub. “İgidliyə görə”,”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin məzarı başında VHP Lerik Rayon Təşkilatının sədri Həşim Nəsirli İkinci Qarabağ Savaşı və 44 günlük Vətən Müharibəsindən danışıb. Bildirib ki, Azərbaycan Ordusu 30 il işğalda olan Vətən torpaqlarını azad etdi. Ordumuz şərəflə, qeyrətlə döyüşdü və işğalda olan torpaqları azad etdi. Vətən oğulları canı, qanı ilə döyüşdülər. Canlarını vətənə, millətə və dövlətə qurban verdilər. 30 ildir xəcalət içində gəzirdik. Şəhidlərimizin, qazilərimizin və şanlı ordumuzun hesabına başımız ucadır. Düşmənə qalib gəldik və biz bu günkü qələbəni, zəfəri şəhidlərə borcluyuq. Canını fəda edənlərdən biri də Cəlil Cavadov idi. Vətəninə, millətinə və dövlətinə bağlı gənclərdən biri idi. Gözünü qırpmadan da canını fəda etdi. Biz bütün şəhidlərə borcluyuq və ömrümüzün sonuna kimi də bu borcu ödəyə bilmərik.

araz.az xəbər portalı.