“Diplomatik xidmətdə olduğum müddətdə başqa ölkələrin zəfər günləri ilə bağlı tədbirlərə dəvət alırdım. Həmişə düşünürdüm ki, bizim də tariximizdə belə Zəfər olacaq?”.
araz.az-ın xəbərinə görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, artıq Azərbaycan tarixində də belə bir Zəfər Günü var: “Xaricdə tədbirlərdə məğlub olmuş ölkənin nümayəndəsi kimi çıxış etmək də çox çətindir. İndi xaricdəki diplomatik nümayəndəliklərimizdə Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunur. Ali Baş Komandana təşəkkür edirik!”
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə problem mövcuddur və bu münasibət dəyişməlidir.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, ölkələr bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır”, – H. Hacıyev vurğulayıb.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialar onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır: “Buna son qoyulmalıdır. Ermənistan Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidir”.
O vurğulayıb ki, Ermənistanın Cənubi Qafqazda daha bir dövlət yaratmaq niyyəti iflasa uğradı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.