korcetka3

“Rusiya İkinci Qarabağ müharibəsinin ilk dövründə Azərbaycan və Ermənistanla yaxşı münasibətlərdən istifadə edərək savaşı dayandırmağa çalışıb. 44 günlük müharibədə Nikol Paşinyan Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu gördükdən sonra üçtərəfli bəyanatı imzalamağa razılaşdı. Bu gün Rusiya uğurlu sülhyaratma əməliyyatı həyata keçirir”.

araz.az  xəbər verir ki, bu fikirləri Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ADA Universitetində “44 günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın təxribatları müharibənin başlamasına səbəb olub: “Ermənistanın o vaxtkı müdafiə naziri “Yeni ərazilər uğrunda yeni müharibə!” doktrinası irəli sürmüşdü, Azərbaycanın neft-qaz strukturunun hədəf alınacağını bəyan etmişdi. Ermənistan Azərbaycanı daim təşvişdə saxlamağa çalışırdı. Sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyata başladı”

Ermənistanın 30 il ərzində işğal altındakı ərazilərdə törətdiyi dağıntılardan danışan hərbi ekspert bu ölkənin siyasi rəhbərliyinin Azərbaycanın böyük şəhərlərini ballistik raketlərdən atəşə tutduğunu da xatırladıb: “Bu halda Nikol Paşinyanın Səddam Hüseyndən fərqi nədir? Əmri konkret kimin verdiyinin nə fərqi var, fakt odur ki, Ermənistan Ordusu Azərbaycan şəhərlərini atəşə tutub”.

İ.Korotçenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsini vacib sayır: “Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan, bölgə ölkələri arasında nəqliyyat əlaqəsini təmin etməlidir. Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı İşçi qrupu yaradılıb. Ancaq praktiki nəticələr yoxdur. Bu ilin dekabrında Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının növbəti görüşünün keçirilib-keçirilməyəcəyini də bilmirik. Nikol Paşinyan ölkədə revanşist qüvvələrin ciddi təzyiqi ilə üzləşir. Yeri gəlmişkən, keçən ilin noyabrında üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan parlamentinin o vaxtkı spikeri kütlə dərəfindən linç edilmişdi. Ancaq indi xarici işlər naziri olan şəxs nədənsə qeyri-konstruktiv mövqedən çıxış edir”

 

araz.az xəbər portalı.

 

 

araz.az xəbər portalı.