Moldovanın nüfuzlu “tribuna.md”, “noi.md”, “deschide.md” və “dosarmedia.md” xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin VIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışına geniş yer ayırıb.
araz.az xəbər verir ki, rus və rumın dillərində dərc olunan məqalələrdə dövlət başçımızın 44 günlük Vətən müharibəsi, Azərbaycanın xarici ölkələrə peyvənd yardımı, ölkəmizin qaz tədarükü barədə fikirlərinə geniş yer ayrılıb. Prezident İlham Əliyevin sitatlarına istinadla qeyd olunub ki, azad olunmuş ərazilərimiz tamamilə yerlı-yeksan olub. Hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür.
“Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qaldı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”, – deyə məqalədə dövlət başçımızın çıxışına istinadla vurğulanıb.
Məqalədə yazılır ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə başlamaq üçün təklif irəli sürüb, lakin təklif hələ cavabını almayıb.
Digər məqalədə Prezidentin çıxışında pandemiya dövrünə dair fikirlər yer alıb. Qeyd olunub ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırıb. Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırıb.
Başqa bir məqalədə isə vurğulanıb ki, bu ilin 10 ayı ərzində Azərbaycan bu marşrutla Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox qaz çatdırıb. Bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.
araz.az xəbər portalı.