“Bu il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın strukturları, o cümlədən Gənclər Birliyi yenidən formalaşdırılıb”.
Bunu YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinə münasibət bildirərkən söyləyib.
E. Quliyev qeyd edib ki, Gənclər Birliyinin 30 nəfərdən ibarət tərkibi barədə məlumat YAP-ın saytında yerləşdirilib: “Bu tərkiblə YAP-in saytında tanış olmaq olar”.
Qeyd edək ki, Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinir.
araz.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iş üzrə iki nəfər zərərçəkmiş şəxs var: “Onlardan birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A. Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcələssinin 178.2.3-cü (dələduzluq,) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2.3-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq hərəkətləri davam etdirilir”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.