bandicam 2021 11 06 12 14 19 114

“Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə 1 saat gec başladı”.

araz.az  bildirir ki, bunu hazırda həbsdə olan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, E.Həsənovu hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətiriblər:

“Şahid ifadələri dinlənilməli idi. Amma, atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi…Onun müayinə sənədlərini Türkiyədə atamı müalicə etmiş həkimlərə göstəririk, şoka düşürlər. Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır”, – S.Hüseynova qeyd edib.

Xatırladaq ki, aparılan istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.