gunel9000

Nərimanov Rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həkim Araz Bayramova qarşı iddiası üzrə məhkəmə iclası başa çatıb.

araz.az  Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Gözəlovanın iddiası təmin edilməyib.

Qərardan narazı qalan telejurnalist apellyasiya şikayəti verib.

G.Gözəlovanın sözlərinə görə, vəkili Elçin Sadıqov oktyabrın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində başqa bir cinayət işi üzrə əvvəlcədən təyin edilən məhkəmə iclasında olub: “Həmin gün də bizim iddiamız üzrə aparılan məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyi ilə bağlı ərizə göndərib, iclasın təxirə salınmasını xahiş etmişdi. Nərimanov Rayon Məhkəməsinin hakimi isə ərizəni qeydiyyata almadı. Daha sonra məhkəmə iclası keçirilib və iddiam rədd edildi.

Məhkəmə iclasında ekspertiza rəyi ilə razı olmadığımızı bildirərək, qanuni hüququmuzdan istifadə edib öz ekspertimizi işə daxil edərək növbəti ekspertiza barədə vəsatət qaldıracaqdıq. Eyni zamanda bir çox faktları ortaya çıxara biləcək xəstəlik tarixçəsini tələb edəcəkdik. Lakin məhkəmə iclasında bizim iştirakımız təmin edilmədən qətnamə çıxarıldı. Qətnamədə isə bizim iştirakımız barədə heç nə yazılmayıb, izah verilməyib”.

G.Gözəlovanın iddia ərizəsində qeyd olunub ki, telejurnalistin həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) “Buta” Klinikasında cərrah uroloq-androloq A.Bayramova müraciət edib.

Bu ilin fevralın 6-da həmin klinikada uroloq A.Bayramovun təyinatı üzrə A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub.

Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə hələ də müalicə alır.

Xəstənin ailəsi və “Buta” Klinilasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, A.Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

G.Gözəlova həkimin cəzalandırılmasını istəyir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.