FotoJet 2021 11 11T200754.783

“Müharibə dövründəki ən ağır çəkilişlərimizdən biri Gəncədə oldu. Gözümün qabağında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altından insan bədəninin bir hissəsini çıxardı. Həmin dəhşətli hadisə hələ də gözümün önündən getmir. Elə o an dayanıb özümə “İlahi, mən hara gəlmişəm?” sualını verdim”.

araz.az  Report-a  istinadən bildirir ki, bu fikirləri  44 günlük Vətən müharibəsində keçmiş cəbhəyanı ərazilərdə jurnalist kimi fəaliyyət göstərən İsmayıl Nəsibli deyib.

Onun sözlərinə görə, keçmiş cəbhəyanı ərazilərdə olmaq, müharibəni daha yaxından izləyib oradan xəbərləri çatdırmaq tam başqa hiss idi: “Mən orada erməni vandallığına, onların törətdiyi vəhşiliklərə yaxından şahid oldum. Mülki insanları hədəfə alan, düşmənin atdığı raketlər nəticəsində yaralanan, dünyasını dəyişən insanları görmək, həmin ərazilərdə çəkilişlər etmək həqiqətən ağır idi.

Biz, əsasən Tərtər, Ağdam, Bərdə rayonlarında olurduq. Oradan oxuculara xəbərləri anında çatdırır, ərazilərdə çəkilişlər aparırdıq. Amma Gəncəyə raket atıldığı xəbərini eşidəndə yerimdə dayana bilmədim, çəkiliş heyətimizlə birgə oraya yollandıq. Gəncədə gördüklərim məni dəhşətə gətirdi”.

İ.Nəsibli qeyd edib ki, oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələrinin Bərdəni bombaladığı an rayon ərazisində olub: “Smerç” raketlərinin bombacıqları bir neçə metr yaxınlığımıza düşdü. Hər tərəfdən gurultulu səslər gəlirdi. Tez avtomobilin yandığı əraziyə getdik. Gördüklərimizdən dəhşətə gəldik”.

“Amma şükürlər olsun ki, nə erməni vandallığının qurbanı olan mülki insanlarımızın, nə də şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu qisasımızı alıb 30 il düşmən tapdağında olan torpaqlarımızı azad etdi”, – o vurğulayıb.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/Hx6zfduKhnc'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.