mirsahin12Mir Şahin…

və yaxud

Konstitusiya Günündə epistolyar düşüncələr

Bu gün onun – uzun illər ərzində yaranışının ilk günündən bağlanışının son gününə qədər ANS-in (qısaca dilimizə və yaddaşımıza belə hopub: ayrı vaxtı sadəcə ANS yazmaq təhrif sayılardı, gərək ardınca mütləq də yazaydıq ki … şirkətlər qrupu və s), indi isə REAL.TV-nin – Azərbaycanda ixtisaslaşmış ilk xəbər kanalının sifəti, üzü, siması, reportyoru, redaktoru, PR meneceri, efir prodüsseri… Mir Şahinin doğum günüdür: 58-i tamamlayır!

58 Ömür, 38 Jurnalist, elə bir 38 il də Efir Yaşında Mir Şahinin uğuru özünün və adının BRENDə çevrilməsidi: təqdimata ehtiyc yaranmır! Dünyanın tanıdığımız bütün efir ulduzları kimi: Kiselyov, Nevzorov, Opra Uinfri…

Təəssüf ki… Azərbaycanda çox adlar brendə çox rahat çevrilib və çox da hörmət və sayğı göstərilir, fəqət təkcə “Mir Şahin” adı həm də sevgiylə dolu nifrətlə səslənir! Bizim xalq minnətdarlığını həm də belə ifadə edir!

Neçə illər ərzində mənim də fikir vermədiyim maraqlı bir məqam var: Onun doğum günü həm də bizim ölkənin Konstitusiya günü ilə eynidir!

Və… danışanda 200 illik Konstitusiyaya malik, Konstitusiyanı dəyişilməz hesab edən, Prezidentləri iki dəfədən artıq namizədliyi verilməyən ölkələri, xalqları üstün, ali bilən xalqın özünün Konstitusiyası üç dəfə… “inkişaf etmiş, təkmilləşdirilmiş” olduğu halda, Özünün Efir Konstitusiyasına cüzi redaktələr etmiş Mir Şahinlə günə başlayıb günü bitirib bayram etməkdənsə, GÜNÜlük etməyi şən bilir özünə!

Adam çabalaya-çabalaya qalır: a bala, sənin konstitusiyan üç dəfə dəyişib e (day demirəm necə), sənin prezidentlərinin yalnız bir familiyası olub, halbuki hər dəfəsində yeddi familiya səslənib…

Mir Şahinin gözəl portretini çəkə bilərdim – Ona Sözün, Sözünün, Sözümüzün Ağası deyirəm: təkcə bu təyinlər üstündə səhifələrlə, yüzminəcən işarə civarında yazılar da yazardım, polemika da açardım, ancaq… qısaca deyirəm: elə bir dönəmə çatmışıq ki, analarımız da Mir Şahinlik edir – bu qənaətə gəldiyim üçün günümüzün “cahanşümul mübarizi, Ceki Canı, Kerası” Kəramət Böyükçölə təşəkkür düşür! O Kəramətə ki, “İlham Əliyevin duxu çatmır onu tutmağa”… və Anası ona neyləmək lazım olduğunu xatırladanda cavabı “Mir Şahinlik eləmə” olur!

Biz özümüz də, siyasilərimiz də, ziyalılarımız da hər gün elə miskin işlərlə məşğuluq ki, analarımız dəsmal götürüb ağlayır! Yəqin ki, analarımız neylədiyimizi gözəl bilir və başa düşür ki, bu yol bizi uçuruma aparır! Onda analarımız Mir Şahinlik etməli olur!

Bu günümüzün adı-təyini məhz belədir: Mir Şahinin vaxtı!

Zaman o zamandır, ölkə və xalq taleyinin bu dönəmini yaşayır!

Konstitusiyasını üç dəfə, prezidentini bircə dəfə dəyişən xalqın özünü HEÇ dəyişməmək qabiliyyəti Mir Şahinin Real(lıqları) Təhlil süzgəcində ayrı cür görünə bilməz – kimə xoş deyilsə, günahı özündədir!

Əzizim Miri, əvvəllər deyirdim ki, bu xalq ya Mircə Cəlildən, Sabirdən, Haqverdiyevdən imtina etməlidir ki, bu xalq onların yazdığı xalq deyil, ya da etiraf etməlidir ki, elə onların təqdim etdiyi miskin vvə aciz xalqdır!

Sən bu sualın ömrünü bir az da uzatdın! Bircə şərtlə: Sən bu xalqın ucada olduğu, ucalıq anlarını, uca adamlarını da təqdim edirsən… arada! Ömər aşırımından, Murov zirvəsindən ta Davosa qədər!

Milləti, Dövləti gördüyün, təqdim etdiyin ucalıqlardan yenmə!

Efirimizin Konstituiyası olmaqda gücün tükənməsin, Sözün Ağalığından düşmə!

Hələ ki nehrəmizi ayrıları çalxalayır, özümüz nehrəmizi çalaxalayana qədər Diri qalmağını arzulayıram!

Və bir də… Sənə daş atıb öz üz-gözünü yaralayanları qucaqlamaqda, dərdlərinə məlhəm olmaqda davam et – bu, Sənin Missiyandır!

Əvvəl əlyazmalar yanmırdı, indi kasetlər, disklər qoruna bilir!

Bu xalqı və bu zamanı Tarix üçün Realda olduğu kimi Gələcəyə çatdırmaqda Ülyazhəzrət Sözə Əlahəzrət olmaqda Yaradan yardımçın olsun!

Altmışa – bu milləti 40 il Söz Səhrasında gəzdirib Söz Peyğmbəri olmağının mükafatı yəqin ki… olacaq! Daşları yığmağa hələ bir az var!

Bizi Sözünlə qoruduğunda həm də Özünü Sözdən qoru: Səni vuran Sözün olmasın, Sözümüz aciz qalar, Səni Sözlə qoruya bilmərik, çünki Söz Səndədir!

(ardı 60 yaşında olacaq)

Aydın CAN.

araz.az xəbər portalı.