Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının bununla bağlı “proqram” xarakterli çıxışından belə qənaət hasil olur.
araz.az Yeni Müsavat-a istinadən bildirir ki, Araik Arutyunyan yerli əhalini silahlanmağa çağırıb.
Rusiya mediasının məlumatına görə, A.Arutyunyan bildirib ki, bölgədə yaranmış gərginlik əhalinin fərdi şəkildə silahlanmasını zəruri edir. O bunun üçün “silah saxlamaq haqqında qanuna” dəyişikliklər ediləcəyini deyib. Rusiya prezidenti Vladimir Putinə minnətdarlıqla yekunlaşan müraciətdə Araik “Rusiya Federasiyasının sülhməramlı kontingentinin verdiyi hərbi-siyasi təminatlardan istifadə edərək, əhalinin təhlükəsizliyini ardıcıl surətdə yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə qeyd edib.
Əsas hədəf, əlbəttə ki, bütövlükdə oradakı əhalini qanunsuz şəkildə silahlandırmaq, anklavın Azərbaycanın yurisdiksiyasına qayıdışını daha da əngəlləməkdir.
Göründüyü kimi, kapitulyasiya aktından 1 il ötsə də Qarabağda gizlənən erməni quldur dəstələri tərk-silah edilmək əvəzinə, sayları daha da artıb və artırılmaq istiqamətində iş gedir. Təbii ki, Rusiya sülhməramlılarının ən azından göz yumması nəticəsində. Tutaq ki, onlar Laçın dəhlizindən keçirilən silah-sursatı görmürlər, bəs 2 gün öncə Xankəndində olan Ermənistan müdafiə naziri Arşak Karapetyanı necə, onu da görmədilər, tanımadılar? Bu Ermənistanın hansısa maliyyə naziri, XİN başçısı deyil, müdafiə naziridir. Onun Qarabağda nə ölümü? Demək, hərbi xarakterli məqsədlər olub.
Beləcə, Azərbaycanın xoş məram göstərib razılıq və icazə verdiyi Laçın dəhlizindən ermənilər revanşist planlar qurmaq və separatizmi qızışdırmaq üçün, sui-istifadə edirlər. Bu təhdidlər fonunda Bakının önləyici tədbirləri nə(lər) olmalıdır? Bu tədbirlər Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmalıdırmı, yoxsa antiterror əməliyyatı qəfil və lokal şəkildə aparılmalıdır?
Politoloq Yeganə Hacıyeva öncə bildirdi ki, rusiyalı sülhməramlılar üçtərəfli razılaşmanın 4-cü bəndinin yerinə yetirilməsi istiqamətində öz öhdəliklərini yerinə yetirməyib. Bu bəndə görə, Rusiya sülhməramlıları bölgədən çıxardıqları erməni silahlıların yerinə yerləşməliydi, yəni bu proses paralel olmalıydı: “Həmin bənd yerinə yetirilmədiyi üçün risklər formalaşdı ki, bunun əsas səbəbi rus sülhməramlıların öz məsuliyyətlərini bu günə qədər yerinə yetirməməsidir. Araik Arutyunyan Azərbaycan qanunvericiliyinə görə cinayətkardır. Onun son çağırışı Azərbaycan dövlətinə qarşı silahlı qiyama çağırışdır. Arutyunyan göstərməyə çalışır ki, Ermənistan dövlətinin nəzarətindən kənarda proses gedir və bu prosesə cavabdeh də məhz Qarabağ əhalisidir.
Bir neçə vaxtdır ki, Qarabağın etnik erməni olan Azərbaycan vətəndaşları açıq şantaj olunurlar. Xankəndində 9 noyabrda Şuşayla bağlı şəkillər çəkib Azərbaycan teleqram kanallarının altında paylaşan ermənilərə qarşı guya sonra bu şəkillərdən istifadə olunduğu üçün repressiyalar baş verdi. Kriminal xunta orada nəinki Azərbaycan qanunlarını pozur, həm də Azərbaycan vətəndaşlarına qarşı repressiya aparır. Kriminal xuntanın girovu kimi müharibədə əliyalın əhalini silahlı xunta rəhbərləri nəyə desəniz məcbur edə bilərlər.
Oradakı etnik erməni olan vətəndaşlarımızın müdafiəsi də Azərbaycan Konstitusiyasına görə Azərbaycan tərəfinin məsuliyyətidir. Burada rus sülhməramlılarına etibar etmək olmaz. Bu çağırış Azərbaycan dövləti üçün özünün Qarabağda mövcudluğunun təmin edilməsi baxımdan bir çağırış kimi qəbul olmalıdır. Çünki bu bizim uzunmüddətli təhlükəsizliyimiz üçün hədədir və biz qəfil antiterror əməliyyatları keçirib, nəhayət, Araiklə və Qarabağdakı erməni silahlı dəstələri ilə bağlı addımlar atmalıyıq. DTX-nin Xüsusi təyinatlı qüvvələri və Daxili Qoşunların vasitəsilə təmizləmə aparılmalıdır. Birinci növbədə Rusiyalı sülhməramlılar 4-cü bəndi yerinə yetirməlidir və bu çağırışa görə Azərbaycan həm də hüquqi cinayət təqibi başlamalıdır. Əslində, bu Araik barədə hüquqi cinayət təqiblərinin birinin də əlavə olunması deməkdir. Bu adam nəhayət həbs olunub Bakıya gətirilməlidir. Azərbaycan rus sülhməramlılarına müəyyən şərtlər irəli sürməlidir. Qarabağ Azərbaycanındır və müharibə yoxdur ki, atəşkəs olsun, burada kriminal terrorçu dəstələr var, o dəstələrin də addımlarının qarşısını antiterror əməliyyatları ilə almalıyıq“.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.