prezident66 1

Noyabrın 12-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının VII Zirvə Görüşünün Bəyannaməsi yayımlanıb. Bəyannamənin mətni ilə tanışlıq onu deməyə əsas verir ki, Azərbaycan bütün türk dünyasının “nüvə mərkəzi”nə çevrilib.

Öncə Zirvə Görüşü zamanı qurumun adının dəyişdirilməsinə diqqəti yönəldək. Qərarı Türkiyə prezidenti RT.Ərdoğan elan etdi və Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Bu, nə üçün lazım idi?

2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğısıstan arasında Naxçıvan müqaviləsi imzalandı və bu müqavilə əsasında Türk Şurası təsis olundu. Təşkilatın adının dəyişdirilməsi çox vacib məsələ idi. Çünki “Türkdilli xalqlar” ifadəsi vaxtilə Rusiya istilaçıları tərəfindən dövriyyəyə buraxılmış termindir. Bu ifadə türk xalqlarının “gəlmə olduqlarını” tezis şəklində beyinlərə yeridirdi. Ancaq təşkilatın adındakı dəyişiklik tarixi və inqilabi hadisə oldu, “Türk xalqları” ifadəsinin tarixə salınması türklərin gəlmə yox, bu torpaqların əsl sahibləri olduqlarını özündə ehtiva edir.

Türk Dövlətləri Təşkilatının Bəyannaməsində nə deyilir? Sənəddə Azərbaycanın 44 günlük müharibə nəticəsində əldə etdiyi qələbə və ölkəmizin öz torpaqlarını azad etməsi təqdir olunur, bu münasibətlə Azərbaycana təbrik ünvanlanır. Bu amil onu deməyə əsas verir ki, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin bundakı sonrakı mərhələlərində də türk dövlətləri birmənalı şəkildə dövlətimizin yanındadır. Təşkilatın Şuşa şəhərinin “Mədəniyyət paytaxtı” elan olunmasını alqışlaması da mühüm hadisə idi. O baxımdan ki, Şuşa şəhəri Azərbaycanın “Mədəniyyət paytaxtı” elan olunub, ancaq türk dövlətləri təşkilatının da bu qərarı alqışlaması Şuşanın siyasi-iqtisadi və mədniyyəti əhəmiyyətini daha da artırır. Deməli, Şuşa türk dövlətləri üçün də mühüm nöqtəyə çevrilir.

Məsələ bundadır ki, Türkmənistanın da Türk Dövlətləri Təşkilatına müşahidəçi dövlət kimi qoşulması təşkilatın əhatə dairəsini genişləndirməklə türk dövlətləri arasındakı iqtisadi-siyasi əlaqələrin genişləndirilməsinə də öz töhfəsini verəcək.

Təşkilatın Azərbaycan-Ermənistan arasındakı münaqişənin başa çatmasını mühüm amil kimi qiymətləndirməsi və iki ölkə arasında normal münasibətlərin qurulmasını təşviq etməsi əslində Ermənistana bir çağırış idi. Ermənistan hansı addımları atmalıdır? Sərhədlər müəyyənləşdirilməli, Ermənistan Azərbaycanın suverenliyinə hörmət etməli və sülh müqaviləsinə imza atmalıdır. Ermənistanın iqtisadi-siyasi və sosial sabitlik əldə etməsi Azərbaycanla olan münasibətlərindən asılıdır, rəsmi İrəvan Azərbaycanla normal münasibətlər quracaqsa, o zaman regional layihələrdən də istifadə edə biləcək. Yox əgər yenidən torpaq iddiası ilə çıxış edəcəksə, o zaman Ermənistanı daha böyük uçurum gözləyir.

Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının VII Zirvə Görüşündə Ermənistana ciddi xəbərdarlıq edərək bildirdi ki, Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək:

“Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”.

Macarıstanın bütün türk dövlətləri ilə strateji səviyyəyə yüksəltməsi Türk Dövlətləri Təşkilatının resurslarının daha da zənginləşməsinə gətirib çıxaracaq. Üzv dövlətlərdə diplomatik nümayəndəliklərin təsis edilməsi Təşkilatın beynəlxalq aləmdəki proseslərə təsir imkanlarını da artırmış olacaq.

Ən vacib məsələlərdən biri Azərbaycanın işğaldan azad olunan ərazilərdəki bərpa işlərinə dəstəyin ifadə olunması idi. Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşmanın tamamlanması və 2022-ci il 1 sentyabr tarixindən gec olmayaraq imzalanmasının qərara alınması Türk dövlətlərinin iqtisadi əlaqələrini gücləndirməklə yanaşı Azərbaycanın dünya üçün mühüm logistik-iqtisadi mərkəzə çevriləcəyinin ifadəsidir.

Samir FEYRUZOV.

araz.az xəbər portalı.