Ermənistanda revanşist qüvvələrin mitinqində “ümummilli müqavimət prosesi” formalaşdırıldığı elan edilib, milli müqavimət hərəkatının əsasının qoyulduğu bildirilib. Müqavimət xarici və daxili cəbhə üçün nəzərdə tutulub.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Görünən odur ki, erməni xalqı düşdüyü acınacaqlı durumu hələ də anlamaq istəmir. Minlərlə itki, mühacirət, iqtisadi problemlər içində çabalayan xalq hələ də azərbaycanofobiya, türkofobiya xəstələyindən qurtula bilmir. 30 il onlara yalan, “məğlubedilməz dövlət” kimi xülyalar aşılayan liderlərinə qulaq asmaqda davam edir. Daxillərindəki kin və xisləti atmaq əvəzinə yeni müharibədən dəm vurur, indiki hakimiyyəti bütün bəlaların baiskarı kimi görməyə üstünlük verirlər. Həmin təbəqə anlamaq istəmir ki, Azərbaycanı təhdid etməkdə davam etsələr, bu dəfə onlar üçün olduqca ağır nəticələr ola bilər. Azərbaycan rəhbərliyinin ismarıcları, xəbərdarlıqlarından dərs çıxartmaq əvəzinə, yenidən torpaqları geri qaytarmağı düşünməyə ağılsızlıqdan başqa ad vermək olmur.
Azərbaycan Zəfərinin ildönümü ərəfəsində İrəvanda siyasi partiyaların iştirakı ilə aparılan müzakirənin adına nəzər salanda erməni müxalifətinin hələ də ötən əsrin 90-cı illərindəki eyforiyanın təsiri altında olduğunun şahidi oluruq. Keçirdikləri tədbirin adı belə adamda gülüş doğurur – “İtirilmiş qələbə: xəyanət, yoxsa savadsızlıq?”. Adından da göründüyü kimi, məğlubiyyətlərinin səbəbini hələ də anlamaq istəmirlər. Yəni hələ də elə düşünürlər ki, onlar qələbə qazanmalı imişlər, kimlərsə, nələrsə buna mane olub. Bir il əvvəl açıq şəkildə Rusiyada, Vladimir Putində günah axtaran ermənilər indi də “Bayraktar”ı ittiham edirlər. Bir erməni ortaya çıxıb məğlubiyyətin səbəbini yüz ildən çoxdur apardıqları mənasız, zərərli, işğalçı, miflərlə dolu davranış və siyasətlərində olduğunu demir.
Bir neçə gündür ki, parlament müxalifəti 44 günlük müharibə ilə bağlı komissiyanın yaradılması təklifi ilə çıxış edir. Müxalifətin bu yolla Paşinyanın mövqelərini zəiflətməyə çalışdığı bəllidir. Baş nazir də belə bir komissiyanın yaradılmasına etiraz etmir, əks halda məğlubiyyətə görə məsuliyyətin tamamən öz üzərində olduğuna razılaşardı. Ancaq Paşinyan və onun parlamentdəki tərəfdarlarının komissiyanın fəaliyyəti ilə bağlı önəmli əlavələri var. Onlar digər prezidentlərin dövrünün də araşdırılmasını istəyirlər. Sözsüz ki, Paşinyan komissiyanın yaradılmasına razılıq verməklə hiyləgər gediş edib. Hər kəs də bilir ki, Ermənistanın bəlaları Paşinyanın hakimiyyətə gəlişindən əvvəl başlayıb. İndiki müxalifətin liderləri Robert Köçəryan və Serj Sərkisyan Qarabağ danışıqlarını böhrana saldılar, orduda yeyinti və özbaşınalıq hökm sürürdü. Yəni Paşinyan demək istəyib ki, müharibədəki məğlubiyyətə görə məni ittiham edənlər güzgüyə baxsınlar.
Siyasi texnoloq Vigen Akopyan də hesab edir ki, komissiya 44 günlük müharibənin bütün günahını əvvəlki hakimiyyətin üzərinə yıxacaq. “Nikol Paşinyan da bunu dəqiq müəyyən edib. Paşinyan deyəndə ki, 30 il ərzində baş verənlər tədqiq olunacaq, hər şey anlaşılır. “Köhnələr”dir günahkar və onların dövründə ordu, iqtisadiyyat məhv edilib, korrupsiya çiçəklənib”, – deyə Akopyan bildirib. Beləliklə, Paşinyanın parlamentdə yaradılacaq komissiyanın fəaliyyətini Qarabağ klanı və orduya rəhbərlik edən generallara qarşı yönəldəcəyi aydındır. Nikol Paşinyan komissiyanın tərkibinə əməkdaşlıq etdiyi parlamentdənkənar müxalifət təmsilçilərini də salmaq istəyir. Bu amil də komissiyanın gələcək qərarının Qarabağ klanına qarşı tuşlanması məqsədi daşıyır. Bu hesabla, parlament komissiyasının yaradılması prosesi və müzakirələri növbəti mərhələdə Ermənistanı xeyli çalxalayacaq.
Yeri gəlmişkən, bir neçə gün əvvəl keçmiş prezident Robert Köçəryanın himayəlik etdiyi müxalif “Hayastan” blokunun mitinqində “ümummilli müqavimət prosesi” formalaşdırıldığı elan edilib. Ermənistan parlamentinin sədr müavini, “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bəyan edib ki, Ermənistanın türkləşməsinə və yeni kapitulyasiyaya yol verməyəcək milli müqavimət hərəkatının əsasını qoyurlar və müqavimət prosesi iki – xarici və daxili cəbhədə yeridiləcək. “Xarici cəbhədə bütün dünyaya, xüsusilə düşmənlərimizə göstərməli və isbat etməliyik ki, Nikol erməni xalqının ümumiləşdirilmiş obrazı deyil və ona ölkəni yeni güzəştlərə aparmaq mandatı verilməyib. Bu hakimiyyət tərəfindən imzalanmış hər hansı anti-erməni sənəd bizim üçün qəbuledilməz olacaq”, – Saqatelyan deyib. Müxalifət daxili həyatda “dövlətçilik və ölkə üçün bütün dağıdıcı” hallara qarşı müqavimət göstərməyə çağırır. Ən maraqlı qiyməti isə politoloq Beniamin Matevosyan verib. Bildirib ki, ölkədəki mövcud durum qeyri-standart vəziyyətə oxşayır, cəmiyyətdə isə siyasi apatiya görünür.
Müxalifət artıq “Ermənistanın xilası naminə vətəndaşların müqavimət hərəkatına” yazılması üçün Yerevanda bir neçə informasiya məntəqələri açıb, yaxın günlərdə rayonlarda da belə məntəqələrin açılacağı nəzərdə tutulur.
Sarkisyan və Köçəryanın nəzarətində olmayan bəzi müxalif qüvvələr mitinqdə iştirak edəcəklərini bildirsələr də, onları görmək mümkün olmayıb. Aksiyada bildiriblər ki, hakimiyyət onların qələbələr və bayram günlərini alıb, əvəzində matəm, təhqir, kədər günləri bəxş etdi: “Məğlubiyyət partiyası əmin-amanlıq və inkişaf gətirə bilməz, məğlubiyyət simvolu olan hakimiyyət ölkə maraqlarının layiqli təmsilçisi ola bilməz. Öz şəxsi maraqları və vəzifə naminə minlərlə insanı ölümə göndərən insan dövlətimizə rəhbərlik edə bilməz”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.