Noyabrın 13-də Şuşada Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib.
araz.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları da iştirak ediblər.
Əvvəlcə qonaqlar Qarabağın “hava qapısı” adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə tikilən 3 aeroportdan birincisidir. Beynəlxalq aeroport Prezident İlham Əliyevin göstərişinə əsasən səkkiz ay müddətinə inşa edilib.
Sonra qonaqlar İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Zəfər yolu ilə tanış olublar. Məlumat verilib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu çətin relyef şəraitində məhz bu yolla irəliləyərək Şuşa şəhərini işğaldan azad edib.
Daha sonra Şuşa şəhərinə gələn qonaqlar burada dəyirmi masada iştirak ediblər.
Həm rusiyalı siyasi ekspertlər və elm xadimləri, həm də azərbaycanlı mütəxəssislər müharibədən sonra Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbirdən sonra qonaqlar Şuşa qalasını ziyarət ediblər.
araz.az xəbər portalı.