behruzmeherremov

“ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da onlayn formatda keçiriləcək “Demokratiya zirvəsi” adlı sammitə Azərbaycan, Türkiyə və Macarıstan kimi dövlətlərin dəvət olunmaması əslində proqnozlaşdırıla bilərdi. Sirr deyil ki, bir sıra iri güc mərkəzləri üçün “demokratiya” dəyərə yox, imperialist ideologiya üçün vasitəyə çevrilib. Yəni, hər hansı ölkəni işğal etmək, daxili siyasətdə söz və nüfuz sahibi olmaq üçün müdaxilə edərkən həmin dövlətdə “demokratik durum” gündəmə gətirilir. Həmin dövlətə aidiyyatı olmayan yad dəyərlər fonunda, adət və ənənələr nəzərə alınmadan tələblər qoymaqla təzyiq və müdaxilələr başlanır”.

araz.az  Pravda.az-a istiunadən bildirir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərəmmov ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da keçiriləcək “Demokratiya zirvəsi” sammiti barədə danışarkən deyib.

Parlament üzvü qeyd edib ki, bu proseslərdən əvvəl həmin ölkələrdə daxili dayaq kimi “5-ci kolon” tipli kütlələr formalaşdırılır: “Məlumdur ki, uzun zaman Azərbaycan da həmin riyakar siyasətlə üz-üzə qalıb, hətta ayrı-ayrı mərkəzlərə xidmət edən daxili qruplaşmalar belə formalaşdırılıb. Bu gün onlar daxildə milli həmrəyliyin pozulması, zəfərimizin nəticələrinə kölgə salınması fəaliyyəti ilə məşğuldurlar. Lakin istər ümummilli lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyevin idarəçiliyi dövrü qətiyyətli daxili və xarici siyasət yad meyillərin qanad açmasına imkan vermədi, böyük coğrafi arealda uğur qazanan rəngli inqilab dalğası Azərbaycanda uğursuz və gülünc kloun hərəkatından fərqlənmədi. Əksinə, Azərbaycan özü bütün ikili standartları darmadağın edib beynəlxalq ictimaiyyət tərəfindən göz yumulan işğala hərbi-siyasi yolla son qoyub beynəlxalq hüququ bərpa etdi. Cənab İlham Əliyev Azərbaycanı regionun hərbi-siyasi güc mərkəzinə, diqtə edən dövlətinə çevirdi. Türkiyə isə öz növbəsində artıq qlobal gücdür. Macarıstan, Avropanın mərkəzində qədim Türk yurdu, milli kimliyini dərk etmiş bir dövlətdir”.

B.Məhərrəmov qeyd edib ki, cənab Baydenin “Demokratiya zirvəsi”ndə sonradan təzyiq vasitəsinə çevirmək üçün bizə əxz ediləcək hər hansı ideologiyanın perspektivi yoxdur: “Bu mənada bizim dəvət olunmamağımız əslində bir güc kimi özümüzü təsdiq etməyimizin, qarşımıza yol xəritəsi və ya tezisin qoyula bilinməyəcəyinin göstəricisidir. Ermənistanda 1 il öncəyə kimi quldarlıq qurluşunun elementləri yaşanırdı, generallar əsgərləri qul kimi şəxsi məqsədlərlə işlədirdilər. Həbs olunan fəalların, jurnalistlərin, siyasətçilərin sayı isə bəllidir. Yəni, İrəvanın insanlığa, bölgəyə hansısa demokratik töhfəsindən danışmaq yersizdir. İrəvan məlum “zirvə”yə Rusiyadan qopmaq üçün, yaxud, qərbin proteksiyasına keçmək üçün müvafiq tezis almağa gedir. Biz isə bölgədə gündəmi müəyyən edən dövlətik, biz özümüz tezis, yol xəritəsi verəcək gücük. Baş verənlərə bu prizmadan yanaşılmasının tərəfdarıyam. Biz Türk dünyası olaraq öz zirvəmizi  İstanbulda Demokratiya və Azadlıqlar Adasında ən yüksək səviyyədə təşkil etdik. Bölgə üçün ən təsirli və faydalı olanı da məhz budur”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.