Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Axıska türklərinin öz ata-baba torpaqlarından sürgün edilməsinin 77-ci ildönümü münasibətilə tədbir keçirilib.
araz.az Report-a istinadən bildirir ki, tədbirdə Türkiyənin Gəncə şəhərində ki, Baş konsulu Zəki Öztürk, Azərbaycanda yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Axıska türklərinin Azərbaycanın Qərb bölgəsi üzrə rəhbəri Əhməd Cabbarov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və axıskalı ziyalılar, müəllimlər və rəsmiləri iştirak ediblər.
Mərasimdə Azərbaycan və Türkiyə himnləri səsləndirilib, hər iki dövlətin şəhidləri 1 dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Axıska türklərinin sürgün tarixindən, sonra yaşananlardan və onların Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmaları üçün dövlət tərəfindən göstərilən köməkliklərdən bəhs ediblər.
Qarabağ müharibəsində Axıskalı türklərinin də qəhrəmançasına döyüşlərdə iştirak etdikləri, birinci Qarabağ müharibəsində 83, Vətən Müharibəsi dövründə isə 8 Axıska türkünün şəhid olduğu bildirilib. Daha sonra axıskalı məktəblilər tərəfindən Axıska ilə bağlı şeirlər səsləndirilib, Axıska tarixinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Axıska türklәri 1944-cü il 14 noyabr tarixində SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin qərarı ilə Gürcüstanın Mesxetiya regionundan Mərkəzi Asiyaya məcburi şəkildə sürgün edilib. Sürgün zamanı 212 kənddə yaşayan 94 min 955 nəfər Axıska türkü öz evlərindən didərgin düşərək vaqonlara yerləşdirilərək Orta Asiyaya, əsasən Özbəkistan, Qırğızıstan, Qazaxıstan ərazisinə göndəriliblər. Sürgün zamanı arasında uşaqların, qadın və yaşlıların da olduğu 50 minə qədər insan həyatını itirib.
SSRİ rəhbərliyi köçürülən Axıska türklərinin yaşadığı yerə isə Mesxetiya adı verib və əraziyə 32 min xristian erməni yerləşdirib.
Hazırda sayları yarım milyonu keçən Axıska türkləri əsasən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya və Azərbaycanda yaşayırlar. Ölkəmizdə isə 10 mindən çox axıskalı məskunlaşıb. Onlar əsasən Saatlı, Sabirabad, Xaçmaz və Gəncə-Qazax zonasında yaşayırlar.
araz.az xəbər portalı.