“Erməni təxribatları davam edəcəyi təqdirdə Azərbaycan Laçın koridorunu tamamilə bağlaya və yalnız terrorçular zərərsizləşdirildikdən sonra orada hərəkəti bərpa edə bilər. İstənilən halda, biz təmkinli olmalı və hadisələri doğru-düzgün analiz etməliyik. Mövcud təxribatların qarşını almaq üçün Azərbaycan silahlı qüvvələri ayıq-sayıq olmalıdır. Əgər Rusiya sülhməramlıları və birgə monitorinq mərkəzi tərəfindən lazımi addımlar atılmazsa, Azərbaycanın tam haqqı çatır ki, ərazidə anti-terror əməliyyatı keçirsin və terrorun yuvasını dağıtsın”.
araz.az Pravda.az-a istinad’n bildirir ki, Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Qarabağda aktivləşən erməni təxribatları barədə danışarkən deyib.
Deputat bildirib ki, Ermənistan terrordan qaynaqlanan, terrordan qidalanan bir dövlətdir: “Faktiki olaraq, ermənilər tarixin müxtəlif dövrlərində böyük güclərin aləti və “əl maşası” olublar. Belə dövlətlər türk dünyasına və İslam aləminə qarşı hər zaman ermənilərdən istifadə ediblər. Təəssüflər olsun ki, bu günlərdə də Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri mövcuddur və onlar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə yaşayırlar. Ona görə də onların törətdiyi cinayət və hadisələr birbaşa olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyətindədir, lakin Rusiya həmin ərazilərdə silahlı birləşmələrin mövcudluğuna göz yumur. Erməni diversantlarının törətdiyi hər bir hadisə mütləq adekvat cavab verilməlidir. İlkin olaraq, həmin erməni terrorçularına, qanunsuz silahlı dəstələrə məhz Rusiya sülhməramlıları tərəfindən cəza kəsilməlidir. Fikrimcə, həm Azərbaycanın xüsusi xidmət orqanlarında, həm də Rusiya sülhməramlılarında ərazidə terror və təxribat törətməyə meyilli olanlar haqqında müəyyən məlumatlar var. Beləcə, bütün şübhəli şəxslər tam nəzarətə götürülməli, onların əlindən silahlar alınmalı və terrorçular Azərbaycana təhvil verilməlidir. Əks təqdirdə, bu cür təxribatlar yenidən törədilə bilər. Ötən gün Rusiya sülhməramlılarının postunun yaxınlığında törədilən terror əməli növbəti günlərdə müxtəlif postlarda həyata keçirilə bilər. Nəticə etibarilə bütün bunlar regionda sülhün və əmin-amanlığın qorunub saxlanılmasının əleyhinə xidmət edir. Ermənistan tərəfi məsuliyyətini dərk etməlidir. Erməni rəsmiləri bu cür hadisələrin baş verməməsi üçün çağırışlar etməli və şübhəli bildikləri vətəndaşlarını özləri cəzalandırmalıdırlar. Əks halda, regionda baş verəcək istənilən xoşagəlməz hadisə nəticədə Ermənistanın növbəti rəzil məğlubiyyətinə səbəb ola bilər. Həmçinin Rusiya sülhməramlıları da öz fəaliyyətlərində dönüş etməli və təxribata meyilli olan qanunsuz erməni silahlı qüvvələrinin və şəxslərinin zərərsizləşdirilməsini bir an belə təxirə salmadan həyata keçirməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.