vuqar55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

araz.az xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Məmmədov ifadə verib.

O bildirib ki, daha çox binanın texniki məsələlərinə nəzarət edib: “Divarlara vurulan “oboy”lar İtaliya və İspaniya istehsalı idi. Maaşların hamısı köçürülmə yolu ilə həyata keçirilirdi. Maliyyə məsələlərinə mən baxmırdım. Möhür də məndə deyildi, mühasibdə olurdu. “Forma 2″yə mən baxmırdım”.

Daha sonra N.Məmmədov jurnalistlər üçün inşa olunan binaların tikintisi zamanı qiymətlərin şişirdilməsi, həmçinin qeyri-qanuni işlərin görülməsi ilə bağlı sualları cavablandırıb: “Bizim orada qeyri-qanuni işimiz olmayıb. Qiymətlərin şişirdilməsini də görməmişəm. Texniki məsələlərlə məşğul olmuşam. Mən qiymət qoyan deyildim”.

Məhkəmədə digər təqsirləndirilən – “Altun” restoranının direktoru T.Xəlilov da dindirilib. O bildirib ki, V.Səfərli tədbirin keçirilməsini əvvəlcədən sifariş edirdi: “Hər dəfə 3 tədbir təşkil olunurdu. Müğənni və onlara verilən pul və mükafatların hazırlanmasına xeyli vəsait lazım idi. Deyirdik ki, hamısını özünüz edin. Biz isə yemək təşkil edirdik. Dövlət tədbirlərini yaxşı təşkil etdiyimizə görə digər tədbirlər də bizdə təşkil olunurdu. Tədbirin detallarını Vüqar və Təhminə ilə razılaşırdıq, orada 400 nəfər iştirakçı olurdu, 40 min manat pul sərf edilirdi. Artıq qalan xərcləri isə özlərinə qaytarırdıq. Bizə heç bir pul qalmırdı”.

Bundan başqa, digər təqsirləndirilən “Xəmsə” şadlıq sarayının icarədarı V.Orucov da ifadə verib. O deyib ki, “Xəmsə” şadlıq sarayını 2017-ci ildə icarəyə götürüb: “Tender elan olundu ki, tədbir bizdə təşkil edilsin. Müğənniləri mən təşkil edirdim. Pullarını da mən verirdim. Həmin pullar hesabıma köçürülürdü”.

Proses noyabrın 18-i davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.