Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
araz.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R. Cəbrayılovun hüquqi varisi qismində həyat yoldaşı Aidə Cəbrayılova təmsil olunub.
A. Cəbrayılovanın nümayəndəsi İlqar Kamızov çıxış edərək bildirib ki, iş üzrə zərərçəkmişlər dindirilsin: “Zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqeyimizi bildirəcəyik”.
A. Cəbrayılova çıxış edərək qeyd edib ki, şikayətlər Rafael yox, Elşən barəsində olub: “İstintaqda bu nəzərə alınmayıb. Xahiş edirik ki, məhkəmə bunları nəzərə alsın”.
Zərərçəkmişin nümayəndəsi Kamandar Nəsibov bildirib ki, istintaqda da şikayətlər təkcə sabiq deputat barəsində deyil, həm də qardaşı Elşən Cəbrayılovdandır: “Biz işin geri qaytarılması istəyirik. Çünki bunlar cinayət işində ağırlaşdırıcı hallardır. Ona görə cinayət işi geri qaytarılmalı, Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır. Elşənin bu işdə böyük rolu var. Rafael müəllim dəfələrlə ofisimdə olub. O da mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir. Elşənin əmlakların çoxu xaricdədir”.
Hüquqi varis gələn prosesdə geniş ifadə vermək üçün məhkəmədən vaxt istəyib.
Bu səbəbdən prosesin dekabrın 2-də davam etdirilməsi qərara alınıb.
Xatırladaq ki, Rafael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin bir neçə prosesi keçirilib. R. Cəbrayılov bu il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.