Gəncə sakinləri Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Həsənov Eldəniz Maksim oğlundan şikayətçidir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində paylaşılıb.
İddialara görə, DYP əməkdaşları Gəncədə yaşayan sürücüləri qeyri-qanuni şəkildə istədikləri zaman saxlayaraq, incidirlər. Əsassız mübahisələr zamanı DYP əməkdaşlarının kobud davranışları sürücülərlə davaya qədər gətirib çıxarıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) və onun əməkdaşları ilə bağlı dərc edilən iddialar əsassızdır:
“Qeyd etmək istəyirəm ki, DYPŞ-nin əməkdaşları xidməti fəaliyyətlərini qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edərək, şəhər ərazisində hərəkətin təhlükəsizliyini təmin etmək üçün müvafiq profilaktik-monitorinq xarakterli tədbirlər həyata keçirirlər. İstər vətəndaş, istərsə də jurnalistlər adları çəkilən əməkdaşların xidmətlərində hansısa neqativ hal aşkarlayarsa bununla bağlı DİN-ə müraciət edə bilərlər. Həmin şəxslər əmin olsunlar ki, bütün müraciətlər kimi, onların da müraciəti qanun çərçivəsində araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək”.
Könül CƏFƏRLİ.
araz.az xəbər portalı.