zaur66Ya Zaur Mikayılovun Əhmədzadədən qalan “balaca oliqarxlara” gücü çatmır, ya da əksinə, yeni sədr korrupsiya mühitinə adaptasiya olunub…

Prezidentin fərmanı ilə altı aydan çoxdur ki, Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin olunub. Lakin bu 6 ayda fəaliyyəti də hiss olunmur və demək olar ki, ASC-də heç bir ciddi yenilik və islahat müşahidə olunmur.

Qeyd edək ki, uzun illər boyu Əhməd Əhmədzadənin rəhbərliyi altında olan Meliorasiya və Su Təsərrüfatı ASC dövlət büdcəsinin qara dəliklərindən biri olub. Hər il ölkənin suvarma və melorasiya sisteminin təkmilləşdirilməsinə milyonlar ayrılsa da, bu pullar Əhmədzadə və onun yerlərdəki korrupsionerləri tərəfindən mənimsənilib. Faktiki olaraq Əhmədzadənin çalışdığı dönəmdə melorasiya və suvarmanın təkmilləşdirilməsi ancaq sənədlərdə baş verib. Və bu sənədlərə uyğun olaraq “xərclənən” pullar əslində mənimsənilib. İndi bütün rayonlarda Meliorasiya və Su Təsərrüfatı ASC-yə aid idarələrin müdirləri qeyri-rəsmi milyonerdirlər. Bunun müqabilində isə ölkənin suvarma sistemləri fəlakət həddindədir.

Maraqlıdır ki, Zaur Mikayılov ötən yarım il müddətində yerlərdəki çox saylı korrupsioner idarə müdirlərinə, o cümlədən ASC-nin rəhbərliyindəki korrupsionerlərə “gözün üstə qaşın var” deməyib. Yerlərdəki idarə müdirləri də əvvəlki qaydada kağız üzərində ölkənin melorasiya və suvarma sistemini “təkmilləşdirir və inkişaf etdirir” və dövlət vəsaitlərini mənimsəyirlər. Onların “pul yuyan” maşınlarını isə durduran yoxdur. Bəlkə ona görə ki, Zaur Mikayılovun bu “balaca oliqarxlara” gücü çatmır. Ya da əksinə, yeni sədr korrupsiya mühitinə adaptasiya olunub.

Hələlik Zaur Mikayılovu qoyaq bir kənara və keçək Əhmədzadənin və Mikayılovun ən adlı sanlı korrusioner kadrlarından birinə. Söhbət Yuxarı Şirvan Kanalı İstismarı İdarəsin rəisi İlyas Səfərovdan gedir. AzFakt.com-a daxil olan məlumata görə Zaur Mikayılovun gəlişindən sonra kiçik problemlər yaşayan İlyas Səfərovun ulduzu yenidən parlamağa başlayıb. Əməkdar korrupsionerin yenə də ulduzu parıldamağa başlayıb və yenə də İlyas müəllimin korrusiya maşını saat kimi çalışmaqdadır. Saytımıza ünvanlalan şikayət məktubunda qeyd olunur ki, İlyas Səfərov idarənin balansında olan texnikaları kənarda, şəxsi mülklərdə çalışdıraraq hər ay böyük gəlirlər əldə edir. Eyni zamanda sənədlərdə həmin texnikalar Yuxarı Şirvan Kanalı təmizləyir və digər işləri görürlər. “Görülən işlərin” pulu isə yenə də İlyas müəllimin cibinə axır. Amma bu da hamısı deyil. İlyas müəllim texnikların işləməsinə sərf olunan yanacaq və sürtkü yağlarını satıb cibinə qoyur.

Şikayət məktubunda qeyd olunur ki, İlyas müəllimin çoxlu sayda “ölü canları” da var ki, bu “ölü canlar”ın maaş kartlarını da rəis adətən öz evində saxlayır.

araz.az xəbər portalı.