İndi də, kömək üçün üz tutduqları bütün rəsmi ünvanlarda hədsiz biganəlik görərək, naümid geri dönən 44 günlük Vətən Müharibəsi qazilərinin, son ümid yeri kimi, ölkənin kütləvi informasiya vasitələrinə — qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarına ünvanladıqları şikayət xarakterli ürəkgöynədən müraciətləri ilə daha çox rastlaşırıq. Onlardan biri — əslən Ucar rayonunun Bərgüşad kəndindən olan Samir Yusif oğlu Abbaslı tərəfindən, bu günlərdə, belə bir Müraciət də, araz.az-ın redaksiyasına ünvanlanıb. Bu Vətən Müharibəsi Qazisi də, (050) 569-51-05 nömrəli əlaqə telefonu olduğunu qeyd etdiyi öz Müraciətində, üz tutduğu hər yerdə üzləşdiyi biganəliklərdən bəhs edir. Onun yazdıqlarına görə, səhhətindəki ciddi problemlərlə bağlı, qapısını döymədiyi aidiyyatı dövlət qurumu qalmayıb, lakin…
…Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında, mənfur düşmən üzərində əldə edilən, hətta bütün dünyaya böyük hadisə kimi səs salan 44 günlük Vətən Müharibəsində qazandığımız Möhtəşəm Qələbəmizdə payı danılmaz daha bir Qazimizin başına gətirilənlərlə, dəyərli oxucularımız və ictimaiyyət nümayəndələri, onun özü tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev cənablarının adına yazdığı və araz.az-ın nöqtəsinə-vergülünə toxunmadan dərc etdiyi video-foto faktlı aşağıdakı Müraciətindən də tanış ola bilərlər:
“Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Sizə müraciət etməyimin əsas səbəbi, hərbi xidmət keçdiyim zamanı üzləşdiyim və həyatımı bütünlüklə məhv edən haqsızlıqlardır. İlkin məlumat olaraq, öncə Sizə də çatdırmaq istəyirəm ki, mən, 2012-ci ilin yanvar ayının 16-dan, 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci ilin avqust ayından etibarən, MAHHXHQ əsgər kimi, hərbi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, sonra isə, 701 saylı hərbi hissələrdə xidmət etmişəm.Vətən Müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda, el arasında “Papanin hospitalı” adıyla daha çox tanınan hərbi tibb müəssisəsində müalicə almışam. Buradakı müayinələr zamanı, müharibədə aldığım əlavə qəlpə yaralarından başqa, məndə ürək çatışmazlığı olduğu da müəyyən edilib və hərbi xidmətə tam yararsız hesab edilmişəm. Lakin sonradan mənə deyirlər ki, mənim ürək çatışmazlığımın kökü anadangəlmədir. Di gəl ki, bu tam yalandır, çünki mən, doğrudan da, hərbi xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam.
Vaxtınızı almaq istəmədiyim üçün, bu ciddi məsələ ilə bağlı, üz tutub, qapısını döydüyüm aidiyyatı dövlət qurumlarında üzləşdiklərimi tam təfsilatı ilə yazmağa ehtiyac duymadım. Sonda, konkret olaraq, öz xalqının və haqqın tərəfdarı bir rəhbərimiz olaraq, diqqətinizə, məni hədsiz narahat edən bu ciddi əsas məsələni çatdırıb, köməksiz və imkansız bir əsgərin tək, acizanə şəkildə, Müraciətimin obyektiv araşdırılmasına göstəriş verməyinizi, mənim müharibə əlili sayılmağıma yardımçı olmağınızı Sizdən xahiş etmək qərarına gəldim! Mən, edəcəyiniz köməyə inanıram, — haqq çərçivəsində etdikləriniz hər an bir kino lenti kimi gözlərim önündən keçdiyi üçün, — mənim yardımçım olmağınıza görə də, öz dərin minnətdarlığımı qabaqcadan Sizə çatdırıram!
Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Axı, mən, hərb sənətini xoşladığıma görə, bir müddət, sevib-seçdiyim bu sahədə çalışmışam. Nə edim ki, yuxarıda göstərdiyim ciddi xəstəliyimə görə, hərbi xidmətə tam yararsız hesab olunmuşam. Buna baxmayaraq, məsuliyyətsiz vəzifə sahiblərinin və həkimlərin günahları ucbatından, guya, məndə, ürək çatışmazlığının kökünün anadangəlmə olduğu diaqnozu yalandan ortaya çıxarılıb. Axı, mən, nədən, müharibə əlili hesab edilməməli, mülki qaydada, ümumi səbəblərlə sadə əlillik dərəcəsi almalıyam?! Əgər, məndə ürək çatışmazlığı anadangəlməydisə, niyə, onda məni həqiqi hərbi xidmətə aparıb, üstəlik, hələ hərbdə işə də götürüblər?! Bir də ki, əgər, ürək çatışmazlığım əvvəl hiss olunmayacaq dərəcədə olduğu üçün orduya qəbul edilmişəmsə, onda, indiki sağlamlıq vəziyyətimə görə, nədən, müharibə əlili sayılmamalıyam?!
Hazırkı sağlamlıq durumumun göstəricilərinə əsasən, həkimlər açıq ürək əməliyyatı olunmağımı zəruri saysalar da, əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına tam əminliklə söz vermir, hər dəfə həyatımı itirmə riskinin çox olduğunu xüsusi vurğulayırlar. Digər bir tərəfdən, müharibə əlili sayılmayacağım təqdirdə, bu əməliyyatı mülki xəstəxanalarda ödənişli şəkildə etdirməyimi deyirlər. Axı, bu ödənişlər üçün, heç bir maddi imkanım yoxdur və bu vəziyyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyim təhlükəli olduğundan, mənə nə iş verirlər, nə də ki, əlillik dərəcəsi təyin edirlər. Belə çıxır ki, mən, yıxılıb ölməliyəm! Vətən Müharibəsi Qazisi olaraq, başıma gətirilənləri birbaşa ədalətsizlik, qanunsuzluq və açıq-aşkar törədilən cinayət hesab edirəm…
Səməndər QURBANOV,
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.