putin pashinyanAzərbaycan Prezidenti İlham Əliyevlə Soçidə noyabrın 26-da planlaşdırılan görüş öncəsi Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya xoş gəlmək üçün bir neçə tezis səsləndirib.Bu tezislərin nələrdən ibarət olduğunu göstərməzdən öncə deyək ki, Paşinyan növbəti dəfə riyakarlığın zirvəsini adladığını nümayiş etdirir.Paşinyanın siyasi-psixoloji portretinin cizgilərində riyakarlığa dair elementlər bütün mahiyyəti ilə göz önündədir.İndi onun Moskvaya ünvanlanan xoşməramlı müraciətləri də öz qaynağını həmin riyakarlıqdan götürür.Söhbət ondan gedir ki, Paşinyan ölkəsinin Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını bəyan edir.Halbuki bundan əvvəl Paşinyan az qala KTMT-ni şantaj cəhdlərini ortaya qoyurdu. Bununla bağlı bəzi məqamları qeyd edək:

1. Azərbaycan 2021-ci ilin may ayında Kəlbəcər, Laçın istiqamətlərində Ermənistanla sərhədin müəyyənləşdirilməsini hərbi müstəvidə başlayandan bir müddət sonra Paşinyan üzünü Qərbə tutdu. O təklif edirdi ki, sərhəddə ya KTMT, ya da NATO qüvvələri yerləşdirilsin.

Bu, Ermənistanın üzvü olduğu KTMT-yə şantaj idi və Moskva bunun cəzasını müxtəlif zamanlarda verir.

2. Bu il noyabrın 16-da Ermənistan sərhədin Laçın, Kəlbəcər zonasında genişmiqyaslı hərbi təxribat törədib dərsini aldıqdan sonra yenidən Kremlə yalvarışqarışıq şantajını gündəmə gətirdi.Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlama ilə çıxış etməsi bunun bariz nümunəsi idi.Nikol Paşinyan hakimiyyəti bu bəyanatları nə zaman səsləndirmişdi – bu sualın aydınlanması üçün səbəblərə üz tutduqda qeyd etməliyik:

1. Paşinyan bu il noyabrın 9-da Rusiyanın təşəbüsü ilə keçiriləcək üçtərəfli görüşdən imtina etmişdi. Bunu özü də etiraf etdi, amma məsələnin mahiyyətinə fərqli formada təqdimat verməyə çalışdı. O dedi ki, guya görüşdə erməni hərbçilərin geri qaytarılmasına dair razılıq əldə olunmayacağına görə görüşün noyabrın 15-nə təxirə salınmasını təklif edib.

2. Əslində isə Paşinyan bu periodda Rusiyanın orbitindəki qırmızı xətti keçərək Qərbə üz tutmuşdu, yəqin ki, onun sərhəddə təxribata imza atmasının kökündə də hansısa vədin güdazına getməsi dayanır.Sərhəddəki toqquşmalar dayandıqdan sonra isə İlham Əliyevlə Nikol Paşinyanın bu ilin dekabrın 15-də Brüsseldə görüşəcəyi açıqlandı, bu, onu göstərir ki, Paşinyan Rusiyadan xəbərsiz Avropa İttifaqı ilə sövdələşməyə getmişdi. Əslində bu sövdələşmənin tarixi sərhəd insidentlərindən də əvvələ təsadüf edirdi, Moskva isə bunu başa düşür və İrəvanı cəzalandırır.İndi Nikol Paşinyanın üzünü Kremlə çevirməsinin səbəbləri aydınlaşır, bu, çarələri tükənən İrəvan üzərində diktələrin edilməsinin göstəricisidir.Görünür ki, Paşinyan ölkəsinin KTMT-dən çıxmayacağını bəyan etməklə Soçi görüşündən dividentlərlə çıxmaq niyyətlərini ortaya qoyur, amma anlamır ki, görüşün harada keçirilməsindən asılı olmayaraq İlham Əliyevin şərtləri konkret və aydındır:

1. Azərbaycanın ərazi bütövlüyünü tanı,

2. 10 noyabr və 11 yanvar bəyanatlarını icra et,

3. Sülh müqaviləsi imzala.

Paşinyan bu cür təzyiqlərin altında inildəyərək “ya olum, ya ölüm” dilemması qarşısındadır. Bütün planları iflasa uğrayan Paşinyan üçün bu dilemmanın ortalığa çıxması labüd idi.

Aqşin KƏRİMOV.

araz.az xəbər portalı.