KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi şahid ifadələri ilə davam edir. Şahidlər artıq neçənci dəfədir ki, KİVDF-ni bilavasitə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun idarə etdiyini, onun Vüqar Səfərlinin cinayət ortağı olduğunu iddia edirlər. Keçmiş şöbə müdirinin cinayətdə iştirakına dair dəfələrlə iddilar səsləndirilsə də o, məsuliyyətə cəlb olunmayıb, hətta şahid qismində belə prosesə cəlb olunmayıb.Buna səbəb nədir, Əli Həsənovla bağlı iddialar niyə araşdırılmır? Hüquqşunas Ələsgər Məmmədli Yenisabah.az-a danışaraq məsələyə aydınlıq gətirib. O, məhkəmənin bu cür işlərə obyektiv yanaşmalı olduğunu bildirib: “Bu məsələlərdə faktların qiymətləndirilməsi məhkəmə tərəfindən obyektiv aparılmalıdır. Prosesə baxan hakim hazırda təqdim olunan şahid ifadələrində istintaqın obyektiv getmədiyi qənaətinə gəlsə, həmin şəxsin işi yenidən istintaqa göndərilə bilər.
Bu məsələdə cəmiyyətin də müəyyən gözləntiləri var. Əgər işdə siyasi müdaxilələr üst səviyyədə olubsa, bununla bağlı çoxsaylı faktlar səslənirsə, o zaman istintaqı dar çərçivədə yekunlaşdırmaq yox, bütün komponentləri, müdaxilələri nəzərə alaraq, daha geniş məsuliyyət çərçivəsi müəyyən edib məhkəməyə təqdim etmək lazımdır. Hakim prosesə baxdığı zaman bununla bağlı ciddi şübhələrin olduğu qənaətinə gəlirsə, ictimai rəydə də bu məlumatlar sistemli şəkildə aydın görünürsə, yəni burada birbaşa siyasi müdaxilələr var, o zaman hakim prosesin istintaq mərhələsinin obyektiv olmadığı qənaətinə gəlib prosesi genişləndirib həmin şəxsi istintaqa geri göndərə bilər”.
Hüquqşunas Əli Həsənovu hansısa “gizli əl” vasitəsilə istintaqdan yayındırılması ilə bağlı məsələyə də toxunub:
“Azərbaycanın məhkəmə-hüquq sistemində bu sürpriz deyil. Ölkə məhkəməsinin ədalətli, eyni zamanda, müstəqil qərar vermə baxımından ciddi problemlər yaşadığını bilirik.
Arzu olunandır ki, məhkəmə bu tip işləri heç bir təzyiqə və sifarişə boyun əymədən yekunlaşdırsın. Lakin reallıq var ki, Azərbaycanda bu cür hay-küylü, siyasi içərikli, siyasi qarışımı olan işlərin tam obyektiv və hüquq çərçivəsində yekunlaşması hadisəsi baş vermir. Ya həddən artıq şişirdilir, ya da ümumiyyətlə yox sayılır”.
araz.az xəbər portalı.