Milli Məclisin deputatı, Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin müsahibəsi
– Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqla əlaqədar “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi ləğv olundu və “Qarabağa dönüş” İctimai Birliyi təsis edildi. Ötən yarım il ərzində ictimai birliyinizin fəaliyyəti hansı istiqamətləri əhatə edib? Fəaliyyət istiqamətinizdə hansı dəyişikliklər olub?
– “Qarabağa dönüş” İctimai Birliyi təsis edildiyi gündən 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizdən sonrakı dövr üçün keçmiş məcburi köçkünlərin geri qayıtması, onların maarifləndirilməsi, ləyaqətli şəkildə torpaqlarımıza geri dönərək öz gələcək güzəranını qurması uğrunda iş aparırıq. Xüsusilə qeyd etmək lazımdır ki, insanların əsas sualları Qarabağa dönüşün nə cür həyata keçəcəyi ilə bağlıdır. Biz bununla bağlı dövlətimizin müvafiq qurumları ilə bərabər insanların maarifləndirilməsi, onlara doğru-düzgün məlumatların verilməsi istiqamətində çalışırıq. Əsas istiqamət insanlara izah etməkdir ki, birincisi, işğaldan azad olunmuş torpaqlarımızda müvafiq infrastruktur qurulur, hazırda bərpa-quruculuq işləri davam edir, ərazilərin minalardan təmizlənməsi prosesi gedir. İnfrastruktur xətləri, yollar, hava limanları və insanların geri dönüb yaşaması üçün zəruri tədbirlər həyata keçirilir, xəstəxanalar, məktəblər, sosial iaşə obyektləri tikilir.
Bütün bunlar başa çatdıqdan sonra biz keçmiş məcburi köçkünlər artıq torpaqlarımıza geri dönəcəyik. Dediyim kimi, işimiz insanları maarifləndirmək, insanlara doğru məlumat verməkdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Bildiyiniz kimi, artıq Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi artıq yekunlaşmaq üzrədir. İnsanların ora geri dönməsi bu ilin sonu, gələn ilin əvvəli gözlənilir. Şuşa şəhərində də quruculuq və bərpa işləri gedir, kommunikasiya xətləri çəkilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qısa zaman sonra Şuşa şəhərinin də sakinləri geri qayıdacaq.
– “Qarabağa dönüş” İctimai Birliyi azad olunmuş ərazilərə qayıdışla bağlı plan və konsepsiyaların hazırlanmasına cəlb olunubmu?
– İctimai birlik olaraq bizim işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı öz planlarımız və fəaliyyətimiz mövcuddur. Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq və bərpa işləri başa çatandan sonra məskunlaşma prosesi başlan vaxtdan digər dövlət qurumlarına dəstək olaraq, fəaliyyətimizi onlarla əlaqəli şəkildə davam etdirəcəyik. Yüz minlərlə insanın geri dönməsi, orada yaşaması və məskunlaşması, iş tapması, müvafiq sosial həyatlarının təmin olunması istiqamətində əlimizdən gələni edəcəyik.
– Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb. İctimai birliyiniz bu mərkəzlə əməkdaşlıq edirmi?
– Biz ictimai birlik olaraq müxtəlif qurumlarla əməkdaşlıq edirik, fəaliyyətimizi əlaqələndiririk, müxtəlif layihələr həyata keçiririk. Mən Milli Məclisin deputatı kimi beynəlxalq təşkilatlarda təmsil olunuram. Ancaq konkret olaraq Əlaqələndirmə Qərargahı və qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəzlə konkret olaraq hansısa əməkdaşlığımız yoxdur. Biz bir QHT, ictimai birliyik. Bizim öz fəaliyyət istiqamətimiz var. Əsasən, insanların maarifləndirilməsi, informasiya müharibəsində iştirak edirik. Baxmayaraq ki, müharibə başa çatıb, informasiya müharibəsində düşmənlərin informasiya təxribatlarının qarşısının alınması istiqamətində fəaliyyətimizi davam etdiririk. Gələcəkdə Azərbaycan vətəndaşları, “Qarabağa dönüş” İctimai Birliyi olaraq bütün həyata keçiriləcək işlərə öz töhfəmizi verəcəyik.
– Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası yönündə təşəbbüslərlə çıxış etmisinizmi?
– Azərbaycan artıq 44 günlük Vətən müharibəsini uğurla, qələbə ilə başa vurub və artıq nə “Dağlıq Qarabağ” anlayışı, nə erməni icması, nə də süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti mövcuddur. Dağlıq Qarabağ Muxtar Vilayəti 1920-ci illərin ortalarında süni şəkildə yaradılmışdı. Bu anlayış artıq mövcud deyil. Digər bölgələr kimi, yalnız Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Sözügedən məsələ Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi zonalara bölünməsi ilə bağlı müvafiq sərəncamında tam şəkildə əksini tapıb, artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası var. Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi kontingentin nəzarəti altında yaşayan insanlar Azərbaycan vətəndaşıdır. Əgər onlar Azərbaycan qanunlarına, Konstitusiyasına hörmətlə yanaşacaqsa, Azərbaycan qanunlarına tabe olacaqsa, biz onları öz vətəndaşlarımız hesab edəcəyik. Onların gələcəkdə də reinteqrasiyası, Azərbaycan cəmiyyətinin müxtəlif sahələrinə, sosial, iqtisadi, humanitar həyatına reinteqrasiyası üçün hər hansısa maneə, əngəl yoxdur. Çünki Azərbaycan vətəndaşlarının əsas vəzifəsi odur ki, qanunlara hörmət etsinlər. Bizim qanunları tanımayan, hörmət etməyənlərin Azərbaycan vətəndaşı olması da mümkün deyil.
– Azərbaycan qanunlarını tanıyan erməni əsilli vətəndaşlarımızın reinteqrasiyasını təmin etmək üçün tərəfinizdən müvafiq konsepsiya və sənədlər hazırlanacaqmı?
– Biz konkret bununla bağlı hər hansı sənəd və konsepsiya hazırlamağı düşünmürük. Hazırda Azərbaycan vətəndaşlarının sosial-iqtisadi qayğılarının yaxşılaşdırılması, vaxtilə Qarabağdan qovulmuş azərbaycanlıların ləyaqətli şəkildə işğaldan azad olunmuş ərazilərə geri dönməsi üçün fəaliyyət göstəririk. Orada yaşayan erməni əsilli vətəndaşlar isə özləri qərar verməlidir. Onlar bizim qanunlarına tabe olacaqsa, Azərbaycan Konstitusiyasına hörmət edəcəksə, ərazi bütövlüyümüzü tanıyacaqsa, reinteqrasiya təmin olunacaq. Bunu etməyəcəklərsə, Azərbaycan vətəndaşı olmaları mümkün deyil. Çünki Azərbaycan vətəndaşları ilk olaraq öz ölkəsinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Tanımasa, qanundan kənar şəxs hesab olunacaq. Biz də həmin tanıyan insanlarla reinteqrasiya prosesinə öz töhfəmizi verə bilərik. Bu, Azərbaycanın daxili işidir. Öz ərazisində yaşayan insanlarla necə davranmaq, necə reinteqrasiya etmək Azərbaycanın müvafiq dövlət qurumlarının işidir.
– Xankəndinin deputatı kimi gələcəkdə Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə fəaliyyətinizi necə qurmağı düşünürsünüz? Vətən müharibəsində qazandığımız zəfərdən sonra bu və ya digər formada erməni vətəndaşlardan sizə müraciətlər olurmu?
– 122 saylı Xankəndi seçki dairəsini təmsil edən deputat olaraq, mənim seçki dairəmdə eyni zamanda erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Qeyd etməliyəm ki, son dövrlər erməni əsilli vətəndaşlar bizə çoxlu müraciət edirlər. Bu müraciətlərin sayı Vətən müharibəsi başa çatandan sonra daha da artıb. Onlar, əsasən, sosial şəbəkələr vasitəsilə bizə müraciət edirlər. Əsas istəkləri Azərbaycan Respublikasının vətəndaşlığının rəsmiləşdirilməsi ilə bağlıdır. Erməni əsilli Azərbaycan vətəndaşları Azərbaycanın şəxsiyyət vəsiqəsini, pasportunu necə ala biləcəkləri ilə bağlı suallarla müraciət edirlər. Biz də onlara hər şeyi hüquqi prosedur çərçisində izah edirik. Bu gün orada yaşayan etnik ermənilər özləri də bilir ki, onların gələcəyi, perspektivi konkret şəkildə yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində Azərbaycanın qanunlarına hörmət çərçivəsində mümkün olacaq. Əks halda, bizə müraciət etməzdilər. Onlar anlayırlar ki, yeganə himayədarı Azərbaycan dövləti, yeganə müraciət edəcəyi qurumlar da Azərbaycan Respublikasının müvafiq qurumlarıdır. Biz onlara bunu başa salırıq.
Bundan əlavə, bəzi ermənilər iş yerləri, mülkiyyətləri, Azərbaycan vətəndaşı kimi hüquq və vəzifələrinin nədən ibarət olacağı ilə maraqlanırlar. Biz də qanunlarımızın verdiyi imkanları onlara izah edirik.
– Qarabağda yaşayan erməni əsilli şəxslərin sizə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu almaq üçün müraciət etdiyini dediniz. Onlar bu sənədləri necə əldə edə bilərlər?
– Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu almaq üçün hazırda kifayət qədər təkmil, mütərəqqi qanunvericiliyimiz mövcuddur. Bizə müraciət edən erməni əsilli vətəndaşlara həmin qanunlardan istifadə edərək cavablar veririk. Ümid edirik ki, bu məsələlər yaxın gələcəkdə həllini tapacaq. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməlidir. Yekun sülh sazişi imzalandıqdan, Azərbaycanın Ermənistan tərəfindən ərazi bütövlüyü və suverenliyi tanındıqdan sonra digər bütün məsələlər Azərbaycanın daxili işi olaraq həllini tapacaq. Bunun hamısını dövlət qurumları həyata keçirəcək. Əsas odur ki, biz hazırda öz vətəndaşlarımızla Azərbaycanın daxili işi kimi davranırıq. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni vətəndaşlarımızı necə reinteqrasiya edəcəyimiz bizim daxili məsələmizdir.
– Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sosial vəziyyəti yaxşı deyil. Onların məşğulluğa cəlb edilməsi, sosial rifahının yaxşılaşdırılması üçün hökumət qarşısında hansı məsələləri qaldırmağı planlaşdırırsınız?
– Bizim əsas vəzifəmiz öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların, keçmiş məcburi köçkünlərin geri dönüşü işinə töhfə verməkdir. O ki qaldı Qarabağ bölgəsində yaşayan digər erməni əsilli əhaliyə, onlar da dövlət başçısının dediyi kimi, Azərbaycan vətəndaşları olaraq bütün imtiyazlardan istifadə edəcəklər. Azərbaycan vətəndaşlığının verdiyi statusdan və imtiyazlardan istifadə edib məmnun olacaqlar. Ancaq bizim hazırda əsas vəzifəmiz birincisi öz torpaqlarımıza geri dönmək, və dayanıqlı məskunlaşmanı həyata keçirməkdir. Daha sonra digər məsələlərə baxmaq olar. Biz ilk olaraq torpaqlarımıza dönməliyik və sonra digər məsələlər tədricən həll olunacaq.
– Növbəti parlament seçkilərində erməni əsilli Azərbaycan vətəndaşlarının səsini ala biləcəyinizi düşünürsünüzmü?
– Mən Xankəndi millət vəkili olaraq seçicilərin etimadını qazanmaqdan ötrü öz fəaliyyətimi davam etdirməyi düşünürəm. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan insanlara gəldikdə, deməliyəm ki, Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunlarına hörmət edən şəxsləri öz vətəndaşlarımız kimi qəbul edəcəyik, bütün Azərbaycan vətəndaşları kimi onlarında etimadını qazanmağa çalışacağıq.
Bəzən görürük ki, Qarabağdan olan bəzi ermənilər, diaspor təşkilatlarının üzvləri bizə qarşı iftira, qarayaxma kampaniyası aparır. Azərbaycanafobiya istiqamətində fəaliyyət aparan insanların hansısa etimadını, hansısa istəyini də qəbul edə bilmərik. Çünki onlar nifrət saçır. Biz yalnız o insanlardan danışırıq ki, onlar praqmatik düşünməyə, Azərbaycan qanunlarına hörmət etməyə meyllidirlər. Bunu qəbul etməyən insanların səsini qazanmaq, onlarla hansısa şəkildə münasibət quracağımızı düşünmək mümkün deyil. Birincisi, sən öz yaşadığın ölkənin qanunlarını, ərazilərini, suverenliyini tanımalısan. Bunu etməyən insanlarla biz necə danışa bilərik?! Əsas odur ki, bizim vətəndaş dediyimiz insanlar hamısı suverenliyimizi, üçrəngli bayrağımızın altında yaşamağı qəbul etsinlər.
– Bəzi dairələrdən azərbaycanlıların Xankəndi, Xocalı, Xocavəndə qayıtmağacağı ilə bağlı fikirlər səsləndirilir. Xankəndidən seçilən millət vəkili kimi bu fikirlərə münasibətiniz necədir?
– Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərə biz qayıdacağımızla bağlı heç kim də şübhə olmamalıdır. Biz Xocalıya da, Xankəndiyə də, Xocavəndə də dönəcəyik. Ora Azərbaycanın ərazisidir. Dəfələrlə qeyd olunub ki, rus sülhməramlıları burada müvəqqəti məskunlaşıblar. Diplomatik danışıqlar yolu və digər şəkildə bu məsələ həllini tapacaq. Əsas məsələ Ermənistanın bizim ərazi bütövlüyümüzü və suverenliyimizi tanımasıdır. Sərhədlərin delimitasiya və demarkasiya prosesi baş tutmalıdır. Bundan sonra biz beynəlxalq tanınmış ərazilərimizdə yerləşən şəhər və qəsəbələrimizə daha rahat şəkildə qayıdacağıq, yaşayacağıq. Hamısı bizim ərazimizdir. Xankəndiyə, Xocalıya, Xocavəndə qayıtmayacağımızı deyənlərin fikirlərini qəbul etmirəm. Biz öz Vətənimizi, torpağımızı seviriksə, şəhər və qəsəbələrimizə qayıdacağımıza da əmin olmalıyıq. Bunlar hamısı yalnız manipulyasiyadır, kimlərinsə fikirlərini təhrif etmək, yaxud ruh düşkünlüyü yaratmaqdır. 3000 şəhidimiz o torpaqları öz qanlarıyla suvarıb ki, biz torpaqlarımıza geri qayıdaq, sahib çıxaq. Və biz torpaqlarımıza sahib çıxmışıq da.
– Rusiya Prezidentinin təşəbbüsü ilə bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Vladimir Putin arasında Soçidə görüş baş tutacaq. Bu görüşdən nə gözləyirsiniz?
– Biz də səbirsizliklə Rusiyada və Brüsseldə keçiriləcək görüşlərin nəticələrini gözləyirik. Azərbaycan üçtərəfli bəyanatdan sonra öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan tezliklə söz oyunundan əl çəksin, sərhədlərin delimitasiyası və demarkasiyasına başlanılsın, ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınsın. Ermənistan regionda bütün təklif olunan kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasına razı olmalıdır. Onsuz da Ermənistan istəsə də, istəməsə də, bu dəhlizlər açılacaq. Paşinyanın sosial şəbəkədə etdiyi canlı yayımda səsləndirdiyi fikirlər, etdiyi söz oyunları, insanları çaşdırmağa yönələn fikirləri qəbuledilməzdir. Paşinyan bəlkə də Qərbdəki və ya Avropadakı havadarlarının tapşırığı ilə vaxt qazanmağa çalışır, yaxud başqa məqsədləri var. Ancaq o, heç nəyə nail olmayacaq. Çünki üçtərəfli bəyanat mövcuddur. Orada açıq şəkildə göstərilib ki, Ermənistan silahlı qüvvələri işğaldan azad olunmuş Azərbaycan torpaqlarından çıxarılmalı, bütün nəqliyyat və kommunikasiya xətləri açılmalı, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri dönməlidir. Paşinyanın hansısa şəkildə Fransadan, yaxud Qərbdəki havadarlarından tapşırıq alaraq, nə isə etməyə çalışması həm Rusiyaya bir badalaqdır, eyni zamanda da bu addımlar Paşinyanın öz seçicilərini aldatmasıdır.
APA
araz.az xəbər portalı.