1635848364 naxcivanBu gün Azərbaycan gündəmi olduqca zəngindir. Həyatımızın elə bir sahəsi yoxdur ki, bu gündəmdə öz əksini tapmasın. Gündəmdə olan məsələlərin böyük bir hissəsi dövlətimizə, dövlətçiliyimizə, iqtidarımıza və xalqımıza xidmətə yönəlmişdir. Ancaq, nə yazıq ki, gündəmdə olan bir çox məsələlər heç bir ictimai-siyasi əhəmiyyət kəsb etməyən, sadəcə olaraq, insanların diqqətini əsas problemlərdən yayındırmaq, beyinləri yumaq, cəmiyyətdə ikitirəlik və xaos yaratmaq, hakimiyyətin bütün sahələrdə həyata keçirdiyi geniş maştablı tədbirlərə kölgə salmaq, iqtidar-xalq münasibətlərinə xələl gətirmək məqsədi güdür. Gündəmi bu şəkildə formalaşdıranları iki qrupa bölmək olar. Onlardan birinci qrup bunu ya səviyyəsizlikdən, ya da ucuz şou yaratmaq və daha çox publika əldə etmək xatirinə edir. İkinci qrup isə Azərbaycan dövlətçiliyi, iqtidarı və xalqı əleyhinə işləyənlərdir. Bu qrupda təmsil olunanların, demək olar ki, hamısı savad, qabiliyyət, bacarıq, təcrübə və şəriştələri ilə ambisiyaları tərs mütənasib olanlardır. Xüsusən, yaxın qonşularımızın ölkəmizdə olan beşinci kalonlarını məhz belələri formalaşdırır. Əlbəttə, beşinci kalonun (əslində kalonların) fəaliyyət dairəsi kifayət qədər geniş və çoxcəhətlidir. Onlardan biri və bəlkə də, birincisi iqtidar komandasını zəiflətmək üçün onun ən sədaqətli kadrlarını sıradan çıxartmaqdır. Bundan ötrü ən optimal yol ölkənin I şəxsinə belə kadrlar haqqında yanlış informasiyaların verilməsidir. Son 1 ildə bunun bariz nümunəsi Ümummilli Liderimiz Heydər Əliyevin, daha sonra isə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ən sədaqətli əsgərlərindən olan sabiq baş prokuror, keçmiş fövqəladə və səlahiyyətli səfir Eldar Həsənovun həbsi və ona qarşı saxta ittihamların irəli sürülməsidir. Dədə-babadan deyiblər ki, qul xətasız olmaz. Hər birimizin müəyyən səhvləri olub, var və olacaqdır. Bəşər övladı yaşadıqca, bu cür davam edəcəkdir. Ancaq səhvlərin böyüyü-kiçiyi var, əhəmiyyətlisi-əhəmiyyətsizi var… 
Eldar Həsənovun Azərbaycana, onun dövlətinə və dövlətçiliyinə, iqtidarına xidmətləri haqqında çox danışmaq olar. 
İnsan daha çox hansı gündə sınanar? Əlbəttə, çətin gündə! Eldar Həsənov həmişə çətin günün dostu olub. Çox yaxşı xatırlayıram. Mən o zaman Naxçıvan Nazirlər Kabinetində  Hərbi-səfərbərlik şöbəsinin müdiri idim. Naxçıvan ən ağır və acınacaqlı günlərini yaşayırdı. Ərzaq çatışmırdı, qaz, su, elektrik kəsilmişdi. Erməni dığaları sərhəd boyu, xüsusən, Sədərək, Şərur, Şahbuz istiqamətlərində hücum edirdilər. Belə bir şəraitdə Allah-tala Naxçıvan camaatının üzünə baxdı, Heydər Əliyev Naxçıvana gəldi, əvvəl Naxçıvanı, sonra bütün Azərbaycanı xilas etdi… Naxçıvanın o çıxılmaz və ümidsiz vəziyyətində Heydər Əliyevə ən çox dəstək olanlardan və Naxçıvanımıza hərtərəfli kömək edənlərdən biri, bəlkə də, birincisi, o dövrdə Gəncədə polis rəisi işləmiş Eldar Həsənov idi. Hətta Heydər Əliyev ona təşəkkür məktubu da ünvanlamışdı. Mən bunun canlı şahidi olmuşam. O zaman, xüsusən, iş başında (vəzifədə) olanların hamısı bunu təsdiq edə bilər. Naxçıvan balaca yer olduğu üçün əksər sıravi vətəndaşların da bu barədə məlumatları var idi.
Mən, öz çapımda kiçik xidmətləri olmuş (müharibə iştirakçısıyam, orden və medallarla təltif olunmuşam, ehtiyatda olan zabitəm, müxtəlif vəzifələrdə və ictimai işlərdə, eləcə də, dövlət qulluğunda çalışmışam, əndər mütəxəssis-şərqşünasam, filologiya üzrə fəlsəfə doktoruyam, “XIX əsr İrəvan ədəbi mühiti farsdilli mənbələrdə” doktorluq işim bitirilmək üzrədir, 20-dən artıq kitabım, 80-dən artıq məqaləm çap olunub, 100-ə qədər filmi rus və fars dillərindən Azərbaycan dilinə tərcümə etmişəm və s.) sıravi bir vətəndaş kimi, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciət edir və Eldar Həsənovun məhkəmə işinə bir an öncə xitam verilməsi üçün müvafiq göstəriş verməsini xahiş edirəm.     
Şəmsi PƏNAHOĞLU.

araz.az xəbər portalı.