Kubra Məhərrəmova yazır…
Biz nə qədər son model smartfon işlətsək də, ən son model cırıq cins geyinsək də, ən son model avtomobil idarə etsək də, etiraf etməliyik ki, adam olmağımıza hələ çox var.
Kim ki özünü üstün sayır, sayğılar. Amma ümumi mənzərə başqa həqiqətdən bəhs edir.
Fiziki məhdudiyyətli insanı görəndə hələ də orta əsr təfəkküründə qulağımızı çəkib “kış-kış” edirik. Onu qəbul etmirik. Onunla evlənmirik. Onunla bir evdə yaşamaq istəmirik. Sanki keçici xəstəlikdir və bizə də keçəcək.
Adi bir hadisəni nəql edirəm. Bir tanış var idi. Cavan, ağıllı, yaraşıqlı oğlan. Qulağı pis eşitdiyi üçün eşitmə aparatı taxırdı. Uzun sözün qısası sevdiyi qızı onunla evlənməyə imkan vermədilər. Qızın valideynləri israrla bildirdi ki, on ilə tam kar olacaq. Biz qızımızı kar oğlana verə bilmərik.
Amma toplum olaraq qızımızı içən, çəkən, döyən oğlana veririk.
İkinci oxşar hadisə. Qızın görməsində qüsur var idi. Təbii ki, eynək taxırdı. Bu dəfə oğlan anası dizini-başını döyürdü ki, bəs onun görmə qabiliyyəti düzəlməyəcək, əksinə illərlə pozulacaq, oğlum da ona qulluq etməli olacaq.
Təbii ki, hər kəs öz övladı üçün ən gözəlini, yaxşısını istəyir. Amma kim zəmanət verə bilər ki, sabah öz övladı hansı hala düşəcək. Və sonunda kim kimə qulluq edib, qayğısına qalacaq.
Cəmiyyətin problemi ondadır ki, çoxu fiziki məhdudiyyətli insan görəndə düşündüyü yeganə şey onlara “nəzir” vermək olur. Ya da onlara yazığı gəlir. Yəni sağlam düşüncədən başqa nə desən, var. Mental düşüncəmizi dəyişmək lazımdır.
Yadınıza salmağa çalışın, axırıncı dəfə əlil arabasında hərəkət edən adamı harada görmüsünüz? Çox nadir hallarda onlara küçədə rast gələ bilərik. Cəmiyyətin onlara qeyri-səmimi münasibəti bu insanların çoxunun evdən çıxmamasına səbəb olur. Çoxları depresiyaya düşür, özünə qapanır.
Çox təəssüf ki, bu insanlara qarşı tolerant deyilik. Biz cinsi azlıqlara, yüngül həyat tərzi keçirən qadınlara, rüşvət alanlara, dələduzluq edənlərə daha tolerant yanaşırıq, nəinki fiziki məhdudiyyətli kəslərə. Və ya fiziki məhdudiyyəti olanlara. Termini necə istəyirsinizsə, ifadə edin. Bundan məğz dəyişmir.
Bəs nə etməliyik?
Anlamalıyıq ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətin bir parçasıdır. Və hər birimiz onların cəmiyyətə inteqrasiyası üçün öz öhdəmizə düşəni etməliyik.
Bu insanları evlərində həbs etməli deyilik. İldə bir dəfə hansısa bayramda onları tədbirlərə dəvət etməklə də iş düzəlmir. Bu kəslər üçün onların fiziki imkanlarına uyğun iş yerləri açılmalı, sosial layihələrdə iştirak etməlidirlər. Onlarla tez-tez ünsiyyətdə olmalı, onların həyat şəraiti üçün lazım olanları araşdırmalıyıq. Bu, məişət problemlərindən tutmuş, təhsil, iş, karyera məsələlərinə qədər əhatə olunmalıdır.
Bir şeyi mütləq bilməliyik!
Bu insanlar sizin düşündüyünüzdən daha güclüdür. Onların çoxu özlərinin fərqli olduğunu qəbul edərək, bununla yaşamağı öyrəniblər. Yaxınlarının dəstəyi ilə böyük uğurlar qazanıblar. Məsələn, bu yay Tokioda keçirilən Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində Azərbaycan 19 medalla 10-cu yeri tutdu. Medallardan 14-ü qızıl, biri gümüş, dördü bürüncdür. Möhtəşəm nəticədir, deyilmi?
Amma Azərbaycan millisi, özündənrazı 44 idmançı ilə Tokio-2020 Olimpiya Oyunlarından evə 3 gümüş və 4 bürünc medalla geri qayıtdı.
Və bu nümunədə bir daha görürük ki, fiziki çətinliyi olan idmançılar sıravi idmançılardan qat-qat əla nəticə göstərdilər. Çünki onlar daha əzmkar və mübarizdirlər. Bəs biz niyə onlara düzgün qiymət vermirik?
Dəfələrlə şahidi olmuşam ki, hər hansı bir toy məclisində idmançıları yuxarı başda əyləşdiriblər. Niyə o yuxarı başda paralimpiyaçılarımız oturmur? Niyə təqdimatlarda, tədbirlərdə yoxdurlar? Olsalar da çox az.
Sonda onu demək istərdim ki, hər şey tərbiyədən, təlimdən başlayır.
Məktəbdən, evdən başlayır. Əgər bir sinifdə uşağı eynək taxdığı və ya eşitmə aparatı taxdığı üçün qısnadan uşaqlar varsa, deməli həm məktəb, həm də ailə xəstədir, qüsurludur. Hər bir kəs evində böyütdüyü uşağa anlatmalıdır ki, bu dünya müxtəlifdir. Müxtəlif genetik xəstəliklər müvcuddur və heç kim bundan sığortalanmayıb. Biz bu müxtəlifliyi qəbul etməli, bir-birimizə doğru-düzgün yanaşmalıyıq.
Mən hələ Daun sindromlu uşaqların valideynlərinin nə çəkdiyini demirəm. Cəmiyyət onları rəsmən hər gün öldürür. Qınayır. Valideynlər cəmiyyətdən, dostdan-qohumdan dəstək almaq əvəzinə mənəvi təzyiqlə üzləşir.
Mövzu isə olduqca böyük və ağrılıdır. İlk növbədə özümüzü düzəltməliyik.
Qüsurlu, əngəlli, problemli bizik, cəmiyyət. Bunun da müalicəsi təfəkkür və tərbiyəni yaxşı tərəfə dəyişməkdir.
araz.az xəbər poretalı.
araz.az xəbər portalı.