Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərin ictimai nəqliyyatının, parklanmasının, intellektual idarəedilməsinin təşkilində qarşıya qoyulan tapşırıqların heç yarısını yerinə yetirməsə də, bu günə qədər saysız-hesabsız tenderlər keçirərək külli miqdarda vəsait xərcləyib.
araz.az TİA.Az-a istinadən bildirir ki, BNA İdarə Heyətinin sədri Vüsal Kərimli tenderlərlə bir çox maxinasiyalara imza atıb. Əvəzində isə ortalıqda heç bir layihə, gözəgəlimli iş, əhalinin rahatlığını təmin edəcək hansısa fəaliyyət nəzərə çarpmır. Deməli, BNA da tender korrupsiyasına bulaşıb.
Misal üçün BNA “qanunsuz parklanmalara, dayanma və durma qaydalarını pozan sürücülərə qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək 12 (on iki) aylıq texniki dəstək xidmətinin və digər aidiyyəti texniki işlər”in satın alınması üzrə müsabiqəyə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “Mobilex” MMC olub. BNA göstərdiyi xidmət müqabilində şirkətə 425 137.1 manat ödəyib.
Əgər yarm milyona yaxın vəsait köçürülübsə, Bakıda qanunsuz parklanmalar, dayanma və durma qaydalarını pozan sürücülərə qarşı mübarizədə hansı nailiyyət əldə olunub? Şəhər başdan-başa qanunsuz parklanma, sarı jiletlilərin pul yığması ilə doludur. O halda Vüsal Kərimli dövlətin 425 137.1 manatını həqiqətən həmin şirkətə ödəyib, yoxsa həzm-rabedən keçirib?
Gəlin növbəti tenderə diqqət ayıraq:
“Techmaster” MMC Bakı Nəqliyyat Agentliyinin böyük tenderlərinin qalibidir.
Deməli, bu ilin oktyabrında Bakı Nəqliyyat Agentliyi sahə avadanlıqların, köməkçi qurğuların və kommunikasiya xətlərinin fasiləsiz və dayanıqlı fəaliyyəti üçün texniki dəstək xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibi “Techmaster” MMC-yə 2 790,6 min manat xərclənəcək. Təkcə keçən il keçirilən 3 tender üçün BNA “Techmaster” MMC-yə 8 milyon 379 min 307 manat ödəyib.
Şirkət BNA-nın martda 4,5 milyonluq, iyunda 1,8 milyonluq, avqustda 2,1 milyonluq tenderlərini qazanıb. Amma nə işıqforların təşkili, nə quraşdırılması yönündə kompleks işlər aparılır.
Vaxtaşırı hansısa ərazidə hədsiz zərurət olduğu halda yol hərəkəti dəyişdirilir, BNA işıqfor qoyur. Faktiki isə Prezidentin ayırdığı vəsaitləri Vüsal Kərimli ayrı-ayrı şirkətlərin vasitəsi ilə havaya sovurur.
Qurumun həyata keçirdiyi tenderlərə həmişə şübhə ilə yanaşılıb. Məsələn, götürək yolların rənglənməsini. Mediada yazılanlara görə, BNA 3 il ərzində Bakı yollarının rəngləməsinə 22 milyon manata yaxın pul xərcləyib. Qurumun bununla bağlı elan etdiyi tenderlərin qalibi isə “Yol Xətt” MMC olub.
Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyi Azərbaycanın son illərdə təsis olunan ən yarıtmaz qurumlarından birincisidir. Ona görə birincisidir ki, bu agentlikdə ən aşağı palatadan ən yüksək instansiyaya qədər heç kim işini yerinə yetirmək istəmir.
BNA zaman keçdikcə idarə olunan xaotik gestapo rejiminə bənzəyir. Yəni, bu sahədə hər şey anarxiyadır, problemlər çiban kimi yetişib, kosmetik görüntü, imitasiya var, amma qurum rəhbərliyi rəsmi, boz və quru açıqlamalarla özünü haqlı çıxarmağa çalışır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.