1638289740 1630488999 1630477047 0001

   Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
   araz.az  Senzor.az-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

   Şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır: ““Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə isə Gülər Vəliyevaya 580 min manat pul verdim”.    Elan edilib ki, “Portos” MMC ləğv edilmiş KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb.   Sonra jurnalistlər üçün tikilən binaların tikintisi ilə bağlı ekspertiza rəyi elan olunub.
   Daha sonra ifadə verən şahidlər istintaq zamanı verdikləri ifadələrini təsdiq ediblər.
Məhkəmədə əvvəlki prosesdə vəkil Cavanşir Süleymanovun Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun, oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəmədə dindirilməsi ilə bağlı qaldırdığı vəsatətin təmin olunmadığı elan olunub.

    Cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı bildirilib.

    Proses dekabrın 2-də davam etdiriləcək.

   Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
   Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
   İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi (MEDIA) tanınıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.