ilhameliyev77

“Ağdam şəhəri nə gündədir, siz də görmüsünüz. İndi bütün dünya bunu görür. Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb”.

araz.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, müharibənin başa çatmasından bir ildən çox vaxt keçir: “İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb. İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamalıyıq. Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçiyə başucalığı gətirəcək. Bir daha demək istəyirəm ki, sizin qələbəniz sadəcə idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz”, – Azərbaycan Prezidenti qeyd edib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.