WhatsApp Image 2021 12 13 at 01.19.07

 

ELDAR HƏSƏNOV: “Dövlətin sifarişlərini yerinə yetirmişəm, müstəntiqsə, heç nəyi araşdırmadan adıma yeyinti yazıb. Bu qədər qərəz, bu qədər qisas olarmı?!.”

Həbsdəki dövlət xadimini mühakimə edən Bakı Ağır Cinayətlər Məhkəməsinin son məhkəmə iclası prosesində də, ictimai narahatlıq doğuran bir sıra məsələlər ortaya çıxıb

Xeyli vaxtdır həbsdə olan dövlət xadimi Eldar Həsənovu mühakimə edən Bakı Ağır Cinayətlər Məhkəməsinin dekabrın 10-da keçirilən növbəti iclasında da, ictimai narahatlıq doğuran bir sıra vacib məsələlər ortaya çıxıb. “Araz” Media Qrupundakı media vasitələrinin və araz.az xəbər portalının məlumatlarına görə, öncə bu iclasda Eldar Həsənov: “Səfirlik olaraq hər il qənaət edilmiş pulları Xarici İşlər Nazirliyinə qaytarırdıq. Birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. Büdcədən ayrılan vəsaitin büdcəyə qaytarılması qənaətdir. Bunun başqa adı yoxdur. Prokurorluq isə bunu yeyinti kimi yazıb. Mən səfirlikdə 3 nəfəri ixtisar etmişəm. Onların da vaxtı bitəndən sonra. Mən 3 dəfə vəsaitə qənaət edib, büdcəyə qaytarmışam. Elə ona görə də, burada oturmuşam, qaytarmasaydım, indi burada oturmazdım!” — deyə, səfirliyə ayrılan vəsaitlərə qənaət olunması məsələsindən ətraflı danışıb. Bundan sonra, bu prosesdə məhkəməyə gəlməyən şahidlərin ifadələri elan edilib. Bosniya və Herseqovinada yaşayan, səfirlik üçün alınmış binanın keçmiş sahibləri olan ər-arvadın ifadələri oxunub. Məlum olub ki, onlar ifadələrində sabiq səfiri tanımadıqlarını xüsusi vurğulayıblar.
Məhkumun bu ifadəyə münasibət bildirən vəkilləri də bildiriblər ki, hər iki ifadə çox qısa və səthidir, Sarayevo Şəhər Prokurorluğunda aparılan dindirmədə müstəntiq Teymur Qarayev də iştirak edib, amma, nədənsə, şahidlərin heç birinə aydınlaşdırıcı normal bir sual da verilməyib.
Eldar Həsənov isə, bu məsələyə belə münasibət bildirib: “Mən orada özbaşına olmamışam, dövlətin etibar etdiyi adam olmuşam, dövlətin maraqlarına xidmət etmişəm. Dövlətin sifarişlərini yerinə yetirmişəm. Müstəntiq isə, heç nəyi araşdırmadan yeyinti yazıb. Guya, mən, elə orada oturub bildiyimi eləmişəm. Sarayevo epizodu ilə bağlı istintaq vaxtı dəfələrlə Baş prokurora və prezidentin köməkçisi Hikmət Hacıyevə xidməti qeyd qaydasında müraciət etmişəm. Bu məsələnin ittihama salınmasının iki dövlət arasında münasibətlərə xələl gətirə biləcəyini çatdırmışam. Dövlət sirri olduğuna görə, məktubu burada elan etmək istəmirəm. Həmin məktub iş materiallarında var, vaxtınız olanda ona baxarsınız. Bu məsələ haqda bundan artıq danışmaq istəmirəm.
Prokurorluq provokativ hərəkətlər etsə də, elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Mənə qarşı irəli sürülmüş qondarma ittihamlar məhkəmədə tamamilə çökdü. Mənim əleyhimə bir şahid ifadə verməyib. Mənə verilən ittihamlarla bağlı heç bir sübut, hansısa sənəddə imzam yoxdur. İstintaq vaxtı əleyhimə ifadəsi alınmağa cəhd göstərilən şəxslər məhkəmədə bildirdilər ki, belə ifadə verməyiblər. Prokurorluq hər şeyi gözəl bilir. Məni danışdırmayın. Mən istəmirəm ki, hər şeyi danışım və siz də, məni buna məcbur etməyin”.
Respublika Baş Prokurorluğunun Baş İstintaq İdarəsində onun işi üzrə istintaqı aparan müstəntiqdən gileylənən Eldar Həsənov bildirib ki, o, səfirlik üçün alınan binanın sahibi olmuş iki qardaşın ifadələrini alsa da, onların həmin vəsaitləri necə almaları barədə dediklərini cinayət işinə əlavə etməyib: “Evin sahibinin iki qardaş olduğunu, pulun yarısının bir qardaşa, digərinin isə, başqa qardaşa verildiyini niyə yazmayıb?! Tək bu məsələyə görə, müstəntiqi hüquq mühafizə orqanlarından, ən yaxşı halda, xaric etmək lazımdır. Amma normal ölkədə, normal hüquq olan yerdə. Bu qədər qərəz, bu qədər qisas olarmı? Bu məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatətlərin heç biri təmin olunmadı. O cümlədən də, əlavə şahidlərin dindirilməsi haqda Vəsatət. Prokuror artıq çıxışa da hazırdır. Çıxarın sifariş verilən hökmü, bu məsələ bitsin”.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
O, 1993-1995-ci illərdə Baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəmizi, həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən, eyni zamanda, Monteneqroda, həmin il avqustun 31-dən, həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il avqustun 13-ü Bakıda həbs olunan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənova 2010 — 2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürülüb. Eldar Həsənov isə, indiyədək ittihamları rədd edir.
Həbs olduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov, Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.
Bu məhkəmə prosesinə adı çəkilən məhkəmənin sədr müavini Əfqan Hacıyev sədrlik edir. Hakimlər kollegiyasına isə, məhkəmənin hakimləri Əhməd Quliyev və Zeynal Ağayev daxildirlər.
Eldar Həsənovu müdafiə edənlər isə, tanınmış dörd vəkil — Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev və Valeh Mehrəliyevdir.
Səhhəti ağır olan Eldar Həsənov 2021-ci ildə üç dəfə (iyul, avqust və oktyabr aylarında) Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında müalicə alıb.
Onu da qeyd edək ki, Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlığa, xüsusilə də, terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Rumıniya, Makedoniya, Ukrayna, Serbiya, Monteneqroda nəşr olunmuş kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, həbsdəki tanınmış dövlət xadimi haqqında, ölkə mətbuatı ilə bərabər, “Araz” Media Qrupundakı media vasitələri və araz.az xəbər portalı da, günü bu günədək, daha çox, müdafiə xarakterli yazılarını gündəmə gətirib. Həmin yazılar sırasında, sərlövhələrini aşağıda verdiklərimiz daha yaddaqalanlardır:

— “Şikayət verilsə də…Məhkəmə qərarı dəyişmədi”;
— “Eldar Həsənov həbsi barədə nə deyir?!”;
— “Eldar Həsənovun bir istəyi təmin olundu”;
— “Eldar Həsənovun səhhəti yaxşı deyil”;
— “Sabiq Baş prokurorun, sabiq səfirin… ictimai maraq doğuran gündəliyindən”;
— “Mənim düşmənim yoxdur, ermənidən başqa”;
— “Eldar Həsənovu buraxmadılar, o, qərarını dəyişirmi?”;
— “Eldar Həsənov – 65. Ziyalıların Azərbaycan Prezidentinə Müraciəti”;
— “Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”;
— “Gənclərdən Prezidentə Eldar Həsənovla bağlı Müraciət”;
— “Eldar Həsənovun vəkili nələr deyir?! Vəkillər də Prezidentə üz tutublar”;
— “Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib”;
— “Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib”;
— “Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb”;
— “Avropa Məhkəməsindən Eldar Həsənov qərarı və tələb”;
— “Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?!”;
— “Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır”;
— “Eldar Həsənovun işi yeni mərhələdə”;
— “Adamlarımızı asanlıqla xərcləməyək! — Eldar Həsənov barədə”;
— “Eldar Həsənov Hərbi Hospitala köçürüldü”;
— “Eldar Həsənov reabilitasiya kursu keçir”;
— “Eldar Həsənov təcridxanaya qaytarılıb”;
— “Eldar Həsənovun səhhəti daha da ağırlaşıb. Həbsin bir ili”;
— “Eldar Həsənovun məhkəməsi təyin olunub. Vəkili yeni açıqlama yayıb”;
— “Eldar Həsənovun işi: Hazırlıq iclasının vaxtı dəyişdi”;
— “Eldar Həsənovun məhkəməsində vəkili balaca zaldakı böyük problemlərdən söz açır”;
— “Eldar Həsənovun mühakiməsi, yeni vəsatətlər”;
— “Eldar Həsənov: “Qəsdimə yönələn istintaq aparılıb!”;
— “Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb”;
— “Eldar Həsənov: “Fələk oğlu fələk də dözməz bu haqsızlıqlara”;
— “Ev dustaqlığına yox deyildi. Eldar Həsənovun vəziyyəti yenə pisləşdi”;
— “Hamınızın bildiyi şöbə müdiri xəbər göndərib ki…”;
— “Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib”;
— “Avropa Məhkəməsindən Eldar Həsənov sualları”;
— “Kəlbəcərlilərdən Prezidentə Eldar Həsənov Müraciəti”;
— “Eldar Həsənovun qızı: “Atamla bərabər həbs yaşayırıq!”;
— “Kəlbəcərli ziyalılar da Eldar Həsənova azadlıq istəyir!”
— “Eldar Həsənovun qızı: “Kömək edin, ədaləti bərpa edin!”;
— “108 yaşlı qadından Eldar Həsənov Müraciəti”;
— “Eldar Həsənov qızına nə tapşırıb?!”;
— Proses 15 dəqiqə çəkib, Eldar Həsənov zaldan xərəkdə çıxarılıb”;
— “Ayıbdır! Bu qədər qanunsuzluğa məəttəl qalmışam!”;
— “Eldar Həsənovun uduşu”;
— “Eldar Həsənov: “Yaşamaq hüququmu tələb edirəm”;
— “Avropa Məhkəməsi Eldar Həsənovla bağlı daha bir qərar qəbul edib”;
— “Eldar Həsənovun işi: bir iclasın özü və əks-sədası”;
— “Eldar Həsənovun istəyi!”…Eldar Həsənov hüquqşünas

Səməndər QURBANOV,
“Araz” Media Qrupunun və araz.az xəbər portalının xüsusi müxbirl.

araz.az xəbər portalı.