“Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik”.
araz.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.
Prezident Ermənistanın hərbi təxribatları barədə məlumat verib.
“Burada heç bir sirr yoxdur. Siyahı bəllidir, beynəlxalq təşkilatlar və ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Onların biri yaralı idi və bizim həkimlər onun qeydinə qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu geri qaytardıq. Bu, həqiqətdir və təsdiqini tapmış məsələdir. Həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir. Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Yəni, onların bundan xəbəri var, beynəlxalq təşkilatların məlumatı var, biz bunu gizlətmirik, çünki burada sirr yoxdur. Eyni zamanda, məhkəmələrin qərarları ictimaiyyətə açıqdır və hər kəs əsirlərin sayını bilir. Lakin yenə də deyirəm, bu, ədalət mühakiməsi məsələsidir. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin sayı 100-dən çoxdur. Məndə olan məlumata görə, xırda cinayətlər törədənlər yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. Bir daha deyirəm, bu şəxslər İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra saxlanılıb. Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib və ötən il dekabr ayının əvvəlində saxlanılıblar. Növbəti qrup isə qeyd etdiyim kimi, bu ilin noyabrında saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır”.
Prezident Ermənistana 10 gün əvvəl 10 hərbçinin qaytarıldığını xatırladıb: “Dediyim kimi, onlardan 10 nəfəri on gün bundan əvvəl qaytarılıb. Proses humanitar əsaslarda davam edir. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır. Bu amillərin vəhdəti mövcuddur, proses gedir, onun davam edəcəyini istisna etmirik. Burada nəyin nə vaxt baş verəcəyini deyə bilmərəm, ancaq proses gedəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.