Məlum olduğu kimi, media haqqında qanun layihəsinin cəmiyyətə təqdim olunması ciddi müzakirələrə yol açıb.
Xüsusilə də media subyektinə dair bəzi tələblərin müəyyənləşməsi ilə bağlı elan olunan bəzi bəndlərə birmənalı münasibə yoxdur.
Media subyektinə dair bəzi tələbləri nəzərə çatdırırq. Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
1. Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
2. Məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
3. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
4. Siyasi partiyalar (çap mediası istisna olmaqla) və s.
Siyasi partiyalarla bağlı qoyulan tələb çox maraqlıdır. Əgər onlara KİV təsis etmək qadağan olunursa, onda niyə yalnız çap mediası açmalarına icazə verilir? Məgər qəzet belə hörmətsiz KİV vasitəsidir ki, onu açmaq olar, ancaq sayt və internet televiziyasını yox? Bu məsələyə siyasi partiyaların münasibətini öyrənmək qərarına gəldik.
- Elşad Musayev: “Məntiq yoxdur, qəzet olar, ancaq sayt yox”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, media haqqında yeni qanun layihəsinin müzakirəyə çıxarıldığı məlumdur: “ Bu, cəmiyyətin ciddi müzakirəsinə səbəb olub. Hesab edirik ki, təklif olunan variantda bir sıra məhdudiyyətlər var. Məsələn, siyasi partiyaların KİV təsis etməsi ilə bağlı müddəanı buna misal göstərə bilərəm. Bizə çap mediasından başqa KİV təsis etməyə icazə vermirlər. Belə olan halda siyasi partiya öz təbliğatını necə aparacaq? Onsuz da proporsional seçki sistemi ləğv ediləndən sonra partiyalar dərnək səviyyəsinə endirilib. Bu onu göstərir ki, partiyanın əlində heç bir təbliğat resursu olmayacaq. Düşünürəm bu yanlışdı. Məntiq yoxdur, qəzet olar, ancaq sayt yox. Qəzet bəyəm KİV deyil? Bizdə senzura ləğv olunubsa, onda partiyalara qarşı yönələn bu senzura nə anlama gəlir? Müasir dünyanın tələblərində belə məhdudiyyət yoxdur. İnsanlar partiyada çəmləşir ki, fikirlərini azad ifadə edə bilsinlər.
- Əli Orucov: “Gözəl bilirlər ki, çap mediası həm populyarlığını itirib, həm də böyük vəsait, xərc tələb edir”
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sərbəst toplaşma azadlığı haqqında, informasiya almaq haqqında və s. bu kimi qanunlar dəyişik və düzəlişlərə məruz qalmamışdan əvvəl bir qədər demokratik görünürdü: “KİV haqqında qanunu parlamentin plenar iclasının gündəliyinə salıblar. Yeni qəbul edəcəkləri qanunda, əslində biz medianın tənzimlənməsindən çox, tətbiq olunacaq məhdudiyyətlər görürük. Həmin anlaşılmazlıqlardan biri də siyasi partiyaların elektron media təsis edə bilməməsinin nəzərdə tutulmasıdır. Müasir dünyamızda elm-texnika sürətlə inkişaf edir, internet resurslarının cəmiyyətə təsiri və mövqeyi günü-gündən güclənir, texnoloji vasitələr hər gün yenilənir. Həm də bu ucuz və keyfiyyəti, operativliyi və çevikliyi ilə diqqət çəkir. İnformasiya çap media vasitə ilə oxucuya gec çatır, hətta heç çatmır da. İndiki sosial gərginlik dövründə heç kim büdcəsindən qəzetə pul xərcləmək istəmir, bunu izafi xərc hesab edir. Əlavə vaxt itkisi yaradır və s. Amma internet və sosial media bu xərcləri tələb etmir və əvəzində daha çox informasiya və daha çox mənbəyə giriş imkanı yaradır.
Gözəl bilirlər ki, çap mediası həm populyarlığını itirib demək olar ki, həm də böyük vəsait, xərc tələb edir. Maddi-texniki bazası sıfır olan siyasi partiyaların da çap mediası çıxarmaq, yaxud sponsorluq etməyə gücü çatmır. Bu gün YAP-dan başqa hansı partiyanın gündəlik mətbuat orqanı nəşr olunur? Demək olar ki heç birinin. Hesab edirəm ki, KİV haqqında yeni qanunun bu maddəsı qanunun tələblərinə cavab vermir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.