50009d7226443d97cc7efcc52a8fad77Alqış Həsənoğlu: “Həmin dövrdə mən özüm bir necə gecə Vejnəlidə avtobusda gecələmişəm”

“Hərbi qələbənin miqyasını, dəyərini əldə edilən uğurların maksimum həddiylə yox, əməliyyatlar zamanı verilən itkilərin minimum həddinə görə qiymətləndirmək daha ədalətli olardı”

“Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoyun bu dəfəki həmsöhbəti, 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olan və 1991-ci ildə ailəlikcə kəndi tərk etmək məcburiyyətində qalan Alqış Həsənoğlu ilə maraqlı müsahibəsini, araz.az xəbər portalı da, öz dəyərli oxucularının diqqətinə çatdırır.

– Alqış bəy, əsgərimizin Zəngəzurun qapısında olması sizə nə deyir? Belə demək olarmı ki, Nüvədiyə aparan yol da xeyli qısalıb? Bu günlərdə hansı hissləri keçirirsiniz? Zəngəzur, Nüvədi daxil təbii ki, ən azı kompensasiya olaraq Azərbaycana qaytarıla, yaxud kəndin sakinləri yurduna qayıda bilərmi? 

– Mehri rayonunun Nüvədi kəndi qədim türk yaşayış məskənidir. Rayon mərkəzindən 28 km şimal – şərqdə , Zəngilan rayonunun sərhədində, Arazqırağı ərazidə yerləşir. Bildiyiniz kimi, 1920 cil ildə Zəngəzur Ermənistana verildiyindən, 1929 -cu ilə kimi bizim kəndimiz Cəbrayıl qəzasının Zəngilan rayonuna tabe olub. 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi Komitəsi Nüvədi, Ernəzir, Tuğut – hər üçü Azərbyacan kəndidir – kəndlərinin Ermənistan SSR-nin Meğri qəzasına aid edilməsi haqqında qərar qəbul edib. Amma bu qərar xeyli müddət, 40 ilə kimi qeydiyyatdan keçməyib. Yalnız 1969-cu ildə hər iki respublikanın – Vəli Axındovun vaxtında – qanunverici orqanları tərəfindən təsdiq edilib. 1987-88 ci ilərdə Azərbaycanlıların kütləvi deportasiyası zamanı nüvədililər kəndi tərk etmədilər. Nüvədi camaatı dirəniş göstərdi, 3 il öz dədə-baba torpağnın keşiyində dayandı. Nüvədililərin bu şücaəti Ulu Öndərimiz Heydər Əliyevin də diqqətini çəkmişdi. Çixışlarının birində o, nüvədiləri “cox dəyanətli insanlar” adlandırmışdı. Nüvədilər 1991-ci il avqustun 7 –dən 8-nə keçən gecə kəndi tərk etmək məçburiyyətində qaldılar. Əks təqdirdə, ermənilər kənddə soyqırım həyat keçirməyi planlamışdılar. 

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

– O günləri necə xatırlayırsınız?

– Mən həmin vaxt kənddə idim. Kəndi tərk edəndən sonra Zəngilan rayonun Vejnəli kəndində məskunlaşdıq. Çünki nüvədililər yenidən kəndə qayıtmaq haqında düşünürdülər. Bu barədə danışıqlar aparılırdı və bu danışıqlara Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın 2 – ci katibi Polyaniçko rəhbərlik edirdi. Sonra bəlli oldu ki, Nüvədinin boşaldılmasıyla bağlı qurulmuş xəyanətkar qurğunun baş texnoloqu elə Polyoniçkonun özüyümüş. Həmin dövrdə mən özüm bir necə gecə Vejnəlidə avtobusda gecələmişəm. 

– Qayıdışa inanırsınız? 

– Əlbəttə ki, bu gün Zəngilanın işğaldan azad edilməsi hamı kimi məndə də fövqəladə bir hiss yaradıb. Sadəcə, o hissi təsəvvür etmək, sözlə qarşılamaq belə çətindir. Bilirsiniz insan üçün ən qorxulu ən dəhşətli nədir? Doğulduğun yerə bir daha qayıda bilməmək, görmək istədiyin yerləri bir daha görə bilməmək. Bundan əzablı və işgəncəli bir məhdudiyyət yoxdur. İnşallah ki, bu əzabları adlatmaq üçün ciddi resurslar əldə etmişik. Tarixi yaddaşımız yerindədir, güçlü ordumuz formalaşıb, Azərbaycan bölgənin lider dövlətinə çevrilib, “biz öz tarixi torpaqlarımıza mütləq qayıdacağıq” nidasını gündəmdə saxlayan Alı Baş Komandanımız var. Xatırladım ki, Nüvədi kəndi iki dəfə, ötən əsrin əvvələrində 1905 və 1918-ci illərdə ermənilər tərəfindən işğal edilib. Amma nüvədililər yenidən öz kəndlərinə qayıda biliblər. Nüvədi 3-cü dəfə 1991-ci ildə işğal olundu. Niyə nüvədililərin 3-cü qayıdışı reallaşmasın ki? Mən tarixi və ilahi ədalətə inanıram.

Nüvədi həm də əlverişli, hərbi-strateji bir məntəqə idi. Nüvədinin işğalından sonra Zəngilanın müqavimətini qırmaq erməni silahlıları üçün cox asanlaşmışdı. Bura rayonun ən iri təsərrüfata malik, geniş ərazisi, bənzərsiz yaylaqları olan kəndiydi. Rayon ərazisinin 36 faizi Nüvədinin payına düşürdü. Nüvədinin əhalisi 3 mindən çox idi. Qeyd etdiyim tarixlərdə kəndi tərk edən nüvədililərin bəziləri kənd qayıtmayılar. Qeyd edim ki, Ordubadda, Cəbrayilda, Zəngilanda, Cənubi Azərbaycanda məskunlaşmış kifayət qədər nüvədili var. Cənubi Azərbaycanda Nüvədi adlı kənd salınıb vaxtilə. Nüvədidə tarixi yerlər var. Xətai düzü var ki, Şah İsmayılın ordusu düşərgə salarmış. Osmanlının vergi dəftərində Nüvədinin adı keçir. Nüvədidə Haralı dərəsi deyilən yer vardı. Yaşlı kişilər danışırdılar ki, Şarl de Qolun babası orada mis çıxarırmış. Yəni belə bir tarixi məkandır bizim Nüvədi.

-Belə demək olarmı ki, əslində Ali Sovetin 1969-cu il qərarı ləğv olunmalıdır, faktiki olaraq cinayətə yol verilib. Sanki Heydər Əliyev hakimiyyətə gəlir deyə, 40 illik məsələni tələsik “həll” ediblər…

– Yəqin ki. Vəli Axundov İrəvanda doktorluq işini müdafiə edərkən Nüvədinin verılməsi rəsmləşdirilib.

– Alqış bəy, 44 günlük Vətən Müharibəsinin müzakirəsi davam etməkdədir. Fərqli dəyərləndirmələr var. Bəziləri bu qələbəni natamam hesab edirlər. Sizin yanaşmanız necədir? 

 – Tarixin heç bir səhifəsində birmənalı qəbul edilən, haqq etdiyi məzmunda – qələbınin özü kimi dəqiq və  konkret olaraq – qiymətləndirilən  qələbə nümunəsi yoxdur. Bu, bəlli və xroniki bir səbəbdən belədir: əsgər, ordu, komandan silahı və rəşadətiylə  işini görüb, döyüş meydanından  öz ənənəvi  – siyasətdən və ictimai diqqətdən kənar və mütavazi postuna qayıdır. Adətən, post müharibə dövrünün “ulduzları” hərbçilər yox, siyasilər olur. Hərbi qələbənin tarixdəki yerini araşdırmaçılar, filosoflar tərtib edir, onun  ictimai fikirdəki obrazını siyasilər və təbliğatçlar  cızır. İstənilən hərbi qələbəyə aşırı siyasi düşüncəylə yanaşsaq, bir xeyli kəm-kəsir, qusur və suallar qurdalayıb üzə çıxarmaq mümkündür. Siyasi mülahizələr çox vaxt populizmə hesablandığı, fərqli və rəngli ambisiyalar  daşıdığı üçün uzaq, həm də  real olmayan  nəticələrə iddia edir. Necə ki, bu gün siyasi ehtiraslar Azərbaycan adlı coğrafiyanın və tarixin ən hündür məqamında – Şuşada belə qərar tutmayıb, “bəs qalanlar” deyə,  Xankəndinə, Zəngəzura Göyçəyə, İrəvana  və sair   səmtlərə pərvazlanır. Hərbi qələbənin miqyasını, dəyərini əldə edilən uğurların maksimum həddiylə yox, əməliyyatlar zamanı verilən itkilərin minimum həddinə görə qiymətləndirmək daha ədalətli olardı.

– Konkretləşdirsək…

– Vətən Müharibəsindən, İkinci Qarabağ savaşından Azərbaycan hansı itkilərlə çıxa bildi? Əsas məsələ budur. Birincisi, vaxt müharibədə həlledici və mühüm amildir. Azərbaycan ordusu 44 gün ərzində, 27 sentyabrdan noyabrın 10-a qədər olan məsafəni yox, ən azı 26 illik-14 may 1994-cü ildən 2020-ci il noyabrın 10-na kimi olan uzun bir bir məsafəni qət edə bildi. Demək, burada hər hansı vaxt itkisindən söhbət gedə bilməz. İkincisi, hərbi texnika və canlı qüvvə sarıdan minimum itkilərimiz var. Azərbaycan ordusu hücum edən tərəf idi. Nəzəri və praktiki cəhətdən hücüm edən tərəf daha çox itki verməli olur. Amma erməni tərəfi bizdən bir neçə dəfə çox hərbi texnika və canlı qüvvə itirib. Üçüncüsü, işğal edilmiş ərazilərimizin böyük hissəsi azad edilib, cox cüzi bir hissəsi isə hələ ki, bizim nəzarətimizdə deyil. Ümumi itkilərimizin minimum həddinə istinad etsək, Azərbaycan ordusu cox böyük tarixi bir zəfər qzanıb. Biz əslində, bir yox, üçqat qalibik. Dövlət kimi qalib gəlmişik. Millət kimi qalib gəlmişik: uzun illər biz “erməni və onun himəyadarları ilə müharibə edə bilərikmi?” dilemmasıi ilə üz-üzə qalmışdıq. “Münaribəni başlasaq, necə olacaq?”,- deyə, bir xof, bir qorxu var idi. Biz 44 gün ərzində o xofu darmadağın etdik, qorxuya qalib gəldik. Bu qələbə xalqımızın özünə inamını bərpa etdi, fövqəladə psixoloji üstünlük gətirdi. Coğrafiya kimi qalib gəlmişik, geosiyasəti, gələcəyi udmuşuq. Bizim üçqat qalib olmağımız, eyni zamanda ermənilərin üçqat məğlub olması deməkdir. Ermənilər dövlət kimi məğlub olublar. Millət kimi böyuk hesabla uduzublar: ermənilər həm bizə uduzublar, həm də özlərinə, öz yalanlarına. Millətin öz-özünə uduzması bir intihar hadisəsi deməkdir. Ermənilər nəhayət, geosiyasəti, gələcəyi qaçırıblar… 

– Yəqin ki, ölkə prezidentinin ötən ilin yekunlarına həsr edilən cıxışını dinləmisiniz. Diqqətinizi çəkən əsas məqamlar nə oldu?

– Təkcə son nitqində deyil, ümumilikdə Prezident əksər çıxış və müsahibələrində tariximizə  diqqətlə yanaşıb. Əlbəttə ki, bu  sayğı təsadüfi yox, ardıcıl bir dəst-xəttin ifadəsidir. Burada Prezidentin niyyəti milli yaddaşı həmişə canlı, ayaq üstdə, diri tutmaqdır. Hansı ki, İkinci Qarabağ savaşındakı qələbəmizi təmin edən vacib şərtlərdən birinə çevrildi. Yaxşı xatırlayırıq, Tovuz döyüşlərindən sonra, 14 iyulda gənclər küçələrə axışdılar, paytaxtımızda böyük, son illər görünməmiş bir izdiham yaşandı.  Həmin günlər bütün dünyanın izlədiyi o qələbəliyin enerji mənbəyi nə idi? Bu, təkcə şəhid generalımız Polad Həşimova və digər şəhidlərimizə göstərilən  ehtiram,  ermənilərin Tovuz təxribatına etiraz nidasi deyildi. Bu, daha çox Arazda ikiyə bölünmüş, zaman – zaman deportasiya olunmuş, İrəvanı, Göyçəsi, Zəngəzuru, Qarabağı işğal edilmiş, Xocalıda soyqırımza məruz qalmış bir etnosun təhtəlşüurundan irəli gələn reaksiya idi. Bu bir gerçəklilkdir ki, bizim tarixə və tariximizə  münasibətdə qüsurlarımız  var və bu qüsurlar vaxtaşırı çox qabarıq şəkildə özünü büruzə verir. Naşükür və bədxah  qonşumüz erməni özünün olmayan “tarixindən” nəsə bir yalan tapib üzə çıxarır . Və birinci  özü o yalana, uydurmaya bərk – bərk  inanır, sonra o yalana başqalarını, dünyanı inanmağa təhrik edir. O yalanın ətrafında öz milli məfkurəsini, fəaliyyət proqramını qurur. Amma biz öz həqiqətlərimizə çox zaman özümüz laqeyd yanaşırıq. Ya öz həqiqətlərimizi üzə çıxarmaq istəmirik, ya da üzdə olan həqiqətlərimizi  özümüz şübhə altına alırıq, ya da təqdim edə bilmirik.

– Sizcə, bunun səbəbi nədir?

– Bir qədər sərt səslənsə də, bizim ictimai-siyasi yaddaşımız çox qısadır. Bizim yaddaşımız məsaməli yaddaşdır. Sahil qumu kimdir. Necə ki, sahil qumu üzərində yeriyirsən, bir-iki addımdan dönüb geriyə baxanda görürsən ki, sənin ayaq izlərindən əsər-əlamət qalmayıb. Bir faktı deyim: Heydər Əliyev müsahibələrinin birində deyir ki, 1967-ci ildə Xankəndində baş vermiş bir insidentlə – üç nəfər azərbaycanlının maşında ermənilər tərəfindən diri-diri yandılımasıyla bağlı Qarabağa getmişdim. Həmin günlər Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istədim. Əvvəl o məzarı tapa bilmədilər. Amma mən göstəriş verdim, tapdılar, məzarı ziyarət etdim. Və gördüm ki, məzar baxımsız durumda, Vaqifin şəxsiyyətinə uyğun olmayan səviyyədədr.

Bu qürurverici bir hadisədir ki, Heydər Əliyev böyük Azərbaycan şairinin məzarını ziyarət edib, sonra orada möhtəşəm bir məqbərə – kompleksinin ucaldılmasına nail olub. Amma bu, həm də acınacaqlı, çox məyusedici bir faktdır ki, Heydər Əliyevə kimi Vaqifin məzarıyla heç maraqlanan olmayıb. Bu, dəhşətdir, ibrətamiz bir haldır. Xalqın öz tarixiylə, öz tarixi şəxsiyyətləriylə soyuq davranışı düşmən təcavüzündən daha qorxuludur.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.