elman89“Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun sözləri ilə desək, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə iki saat davam edən görüş qarşılıqlı anlaşma şəraitində keçib. Görüş müddətinin uzun olması müzakirə olunmuş məsələlərin aktuallığı ilə bağlıdır. Görüş çərçivəsində ölkə həyatının ən mühüm məsələləri, partiyalararası mövzular diqqətdə saxlanılıb. Qeyd edim ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması bir həqiqətdir. Yeni siyasi dialoq mədəniyyəti inkişaf edib, bu istiqamətdə partiyalararası dialoqların dərinləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Ədalət Vəliyevin üzərinə bu mənada böyük məsuliyyət düşür və o, komandası ilə birgə onlara verilən öhdəliyi şərəflə yerinə yetirirlər. Demək olar ki, bütün siyasi partiyalarla intensiv xarakterli görüşlər təşkil edilir. Biz partiyalararası dialoq mühitinin inkişafının faydasını görürük”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu  Milli Məclisin deputatı Elman Nəsirov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun dekabrın 15-də baş tutmuş görüşü barədə danışarkən deyib.

Parlament üzvünün sözlərinə görə, Əli İnsanovla keçirilən görüş sübut edir ki, xüsusilə dövlətçilik məsələlərində “müxaliflik” olmamalıdır: “Əli İnsanovun Haqq Ədalət Partiyası, əlbəttə ki, müxalif partiyadır, yəni, iqtidarın bu və ya digər fəaliyyətini bəyənməyə, razı qalmadığı məqamları kontitutsion qaydalara əsasən tənqid edə bilər. Müxalif partiyalar tənqidlərlə yanaşı, konkret təkliflər də irəli sürməlidirlər. Lakin söhbət dövlət və dövlətçilikdən gedirsə, birmənalı olaraq müdafiəyə qalxmaq lazımdır. Hesab edirəm ki, Əli İnsanovla Ədalət Vəliyevin görüşündə bu məsələlər xüsusi müzakirə predmeti olub”.

E.Nəsirov həmin görüş barədə səsləndirilən tənqidlərə də münasibət bildirib. Qeyd edib ki, “Əli İnsanov satıldı” kimi yanaşmalar kökündən yanlışdır: “Sosial şəbəkələrdə müəyyən qaragüruh qüvvələr fəaliyyət göstərir və onlar hər şeyi qaralamaq, ləkələmək yolunu seçiblər, daim çirkab ifraz edirlər. Bu, həqiqətdir. Burada söhbət iqtidarla müxalifətin dialoqundan gedir. Təkrar edirəm, Əli İnsanov müxalifət partiyasının sədri olaraq iqtidarın hansısa fəaliyyətindən narazı qala bilər, burada qeyri-adi heç nə yoxdur. Əli İnsanovun satıldığını deyənlərin özləri belə komplekslə yaşayanlardır. O, görüşə razılıq verərək, sadəcə olaraq, Azərbaycan dövlətinin mənafeyi ilə bağlı məsələlərdə dövlətimizin yanında olduğunu sübut edib. “Satılıb” deyənlərdən soruşuram, müxalif partiyaların sədrləri belə vəziyyətdə ermənilərin yanında olmalı idilər?! Əli İnsanov Azərbaycan dövləti və dövlətçiliyi ilə bağlı aydın mövqe ortaya qoyursa, dövlətin yanında olduğunu bəyan edirsə, burada satılmaq haradadır?! Bunun əksini deyənlər, qaralayanlar belə həssas dövrdə bunun əksinimi edərdilər?! Gərək, məsələlərə obyektiv və doğrudan da, haqq və ədalətlə yanaşasan. Mövcud görüşə ləkə atmaq istəyənlərin özləri ləkəlidirlər. Belə görüşlər siyasi dialoq mühitinin dərinləşdirilməsi baxımından çox vacibdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.