“Ciddi siyasi fəaliyyətlə məşğul olan, dövlətin və millətin taleyini düşünən, özünə hörmət edən siyasətçi iqtidar-müxalifət məsələlərində ucuzluğa getməz. Avtobusa, nə bilim “Sprinter”ə mindilər, helikopterlə uçdular və s. hamısı məntiqsiz və mənasız yanaşmalardır. Bu, taftalogiya və demaqogiyadır. Bir çoxları xalqa və vətənə xeyirli olan prosesləri ləkələmək, gözdən salmaq, el dili ilə desək, “urvatdan salmaq” üçün belə bəsit fikirlər səsləndirirlər. Görünən odur ki, cəmiyyət də bu fikirlərlə razı deyil. Fikrimcə, ölkədə iqtidar-müxalifət münasibətləri oturuşmayıb”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, siyasətçi rəqabətini məişət davalarından, söyüşlərdən, intriqalardan qorumalıyıq: “Əgər biz bu gün iqtidar-müxalifət münasibətlərini, siyasi partiyaların fəaliyyətlərinə yanaşmanı tənzimləyə bilməsək, hansısa Afrika dövlətinə çevriləcəyik. Bütün bunlar protokollaşdırılmalıdır. Siyasi fərdlər fəaliyyətlərini həmin protokollara uyğunlaşdırmalıdır. Yəni, protokol fərdlərə görə dəyişməli deyil. Təəssüf ki, ötən 30 ildə Azərbaycanda iqtidar-müxalifət münasibətləri normal demokratik dövlətlərdə olduğu kimi inkişaf etməyib. Söz savaşları təhqirlər, aşağılamaq üzərində qurulub. Azərbaycanda siyasi mənzərə xoşagələn deyil. Dövlət siyasi partiyalarla iş üzrə şöbə yaradıb (Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsini nəzərdə tutur-red) və partiyaların fəaliyyətini tənzimləməyə çalışır. Nəzərə almaq lazımdır ki, həmin şöbə həm də Yeni Azərbaycan Partiyası ilə işləyir. Yəni, sabah başqa partiya hakimiyyətə gəlsə, yenə də həmin şöbə ilə iş aparılacaq. Ümumiyyətlə, dövlətlə ünsiyyət qurmayan partiya harda siyasi fəaliyyət göstərəcək? Amerika, yoxsa Fransa səfirliyində, ya SOROS-un Bakıdakı ofisində?! Bütün məsələlərlə bağlı ortaya ciddi yanaşma qoyulmalıdır. Ağ Partiya olaraq biz bu məsələlərdə öz rolumuzu oynayırıq. Müşahidələr onu deməyə əsas verir ki, cəmiyyət bizim münasibəti anlayışla qəbul edir və bizə olan rəğbət get-gedə artır. Lakin Azərbaycan siyasi tarixində xüsusi rola malik olan bəzi partiyaların qurucuları həmin partiyaların indi hansı günə düşdüyünü görsəydilər, gözləri yaşarardı”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.