“Milli Qəhrəman” adına layiq görülmüş keçmiş hərbi hissə komandiri Rasim Əkbərovu qətlə yetirməyə cəhd edən şəxsin məhkəməsi başlayır.
araz.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq dekabrın 28-ə təyin olunub.
Qeyd edək ki, Rasim Əkbərovun ölümünə cəhdə görə Xaliq Məmmədov həbs olunub. Hadisə bu ilin sentyabrında Goranboy şəhərində baş verib. X.Məmmədov Rasim Əkbərovu bıçaqla yaralayıb. Xəstəxanaya yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olub. X.Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham irəli sürülüb. X.Məmmədov istintaqa ifadəsində hadisəni qadın üstündə törətdiyini deyib.
Xatırladaq ki, Rasim Əkbərov Goranboyda N saylı hərbi hissənin komandiri olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 1992-ci ildə “Milli Qəhrəman” adına layiq görülüb. 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd etdiyi üçün 2000-ci ildə həbs edilən R.Əkbərov “Milli Qəhrəman” adından da məhrum edilib. 2008-ci ildə prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.
Rasim Əkbərovun atası Ağa Əkbərov 1994-2000-ci illərdə Goranboy rayonunun icra başçısı olub. O, həmçinin sabiq deputat Səfiyar Musayevin kürəkənidir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.