İtaliyanın Azərbaycanla olan əlaqələrinin genişlənməsi, iki ölkə münasibətlərinin daha da yaxşılaşması Ermənistanda ciddi narahatlıqla izlənilir. İtalyan şirkətlərinin işğaldan azad olunan ərazilərdə bir sıra layihələrin həyata keçirilmədsinə xüsusi maraq göstərməsi, bir sıra muzeylərin layihələndirilməsində iştirakı qarşı tərəfin məyusluğuna səbəb olub. O cümlədən, İtaliya mətbuatının Prezident İlham Əliyevin müsahibəsinə geniş yer verməsi erməniləri bərk hiddətləndirib.
Vəziyyət o yerə gəlib çatıb ki, erməni mediası italyanları bütün bunlara görə təhqir edir: “İtalyanları tez-tez aşağılayıcı şəkildə makaron adlandırırlar. Bu, onların spagetti, makaron və digər şeylərə böyük sevgiləri ilə bağlıdır. Amma rəsmi Romanın mövqeyinin makaron sözündən qat-qat aşağılayıcı ada layiq olduğunu söyləmək daha düzgün olardı. Çünki xristian İtaliyası, katolikliyin mərkəzi, Vatikanın yerləşdiyi bu ölkə neftli Azərbaycana əməlli-başlı satılıb. İtaliyanın “C Group” şirkətinin əməkdaşlarının Füzuliyə səfər etməsi bu alçaqlığın dərinliyinə yeni sübutdur. Bu, xristian birliyinə və demokratiya ənənələrinə xəyanətdir. Bu, siyasi fahişələrin ən pis ənənələrindəki xəyanətdir”.
Bununla belə, ermənilər xəstə təfəkkürlərinə xas olaraq İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olmasını ölkənin mafiya keçmişi ilə əlaqələndirirlər.
- “Bütün bunlar o deməkdir ki, Avropa qurumlarında İtaliya Azərbaycanın maraqlarını daha çox qoruyacaq”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadə Ermənistanın Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsindən bu dərəcədə narahat olmasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, İtaliya Avropa İttifaqının 3 aparıcı ölkəsindən biridir. İtaliya Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan Avropa İttifaqının 9 üzv dövlətindən biridir. Üstəlik, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xristian dövləti olan İtaliyanın Azərbaycanla bu dərəcədə yaxşı münasibətlər qurmasını ermənilər həzm edə bilmir. Ermənilər yaxşı anlayır ki, Avropa Parlamentində təmsil olunan italiyan deputatlar Azərbaycanın maraqlarını daha yaxşı qoruyacaq. Onları ən çox narahat edən İtaliyanın Azərbaycanın qeyri-neft sektoruna, o cümlədən işğaldan azad olunmuş ərazilərə daha çox sərmayə qoymaq perspektividir. İqtisadi maraqlar siyasi maraqların fövqündə dayanır. Bütün bunlar həm də o deməkdir ki, Avropa qurumlarında İtaliya Azərbaycanın maraqlarını daha çox qoruyacaq. Separatçıların, ən azından, İtaliyada fəaliyyəti məhdudlaşdırılacaq. Əvvəlki kimi Ermənistan pasportu ilə istədikləri təbliğatı apara bilməyəcəklər. Bir sözlə, hərtərəfli əlaqələrin genişlənməsi Avropa qurumlarında İtaliyanın Azərbaycanın maraqlarını daha çox qoruması deməkdir. Bu isə erməni lobbisinin Azərbaycana yönəlik fəaliyyətinin dolayısı ilə məhdudlaşması deməkdir. Nəzərə almalıyıq ki, İtaliya NATO-nun aparıcı üzvlərindən biridir. Bütün bunların fərqində olan ermənilər xristian dövləti olan İtaliyanın Azərbaycanla bu qədər yaxınlaşmasından narahatdır. Ona görə də belə kəskin mövqe sərgiləyirlər”.
Partiya sədri onu da əlavə etdi ki, Aİ ilə əlaqələr nə qədər yaxın olsa, bu bir o qədər ölkəmizin maraqlarına uyğundur.
Vidadi ORDAHALLI.
araz.az xəbər portalı.