Həmin ölkə 2018-ci ildən Türkiyənin yaratdığı Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır…
Türkiyə Macarıstana 50 sərhədçi göndərəcək və onlar həmin ölkənin Serbiya və Rumıniya ilə sərhədlərində xidmət edəcəklər.
araz.az xəbər verir ki, bu haqda Balkanist.ru portalı informasiya yayıb.
Məlumata görə, müvafiq protokolu Macarıstanın daxili işlər naziri və baş nazirinin müavini Şandor Pinter və Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu imzalayıblar.
Bildirilir ki, iki ölkənin hərbçiləri qeyri-qanuni miqrasiya, narkotik qaçaqmalçılığı və transsərhəd cinayətlərin qarşısını almaq üçün birgə çalışacaqlar.
Süleyman Soylu protokolun imzalanmasından sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, pandemiya, miqrasiya və artan enerji qiymətləri qlobal miqyasda çətinliklər yaradır, lakin narahatlıq doğuran regional problemlər də var.
“Təəssüf ki, biz terrorizm, narkotik ticarəti və kibercinayətkarlıq kimi transsərhəd cinayətlərlə üzləşmişik”- deyə türk naziri bildirib..
Öz növbəsində Şandor Pinter Türkiyə tərəfinə hərbi əməkdaşlıq təşəbbüsünə görə minnətdarlığını ifadə edib.
Macarıstan baş nazirinin müavini “Təklifə görə Türkiyəyə minnətdarıq və onu hörmətlə qəbul edirik”- deyib.
Nazirlər qeyd ediblər ki, imzalanmış protokol 2021-ci il noyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orbanın sədrliyi ilə keçirilən Strateji Əməkdaşlıq Şurasının iclası zamanı iki ölkə arasında əldə olunan razılaşmaların tərkib hissəsidir. .
Qeyd edək ki, Macarıstan 2018-ci ildən Türkiyənin yaratdığı Türk Dövlətləri Təşkilatında (2021-ci ilə qədər – Türk Şurası) müşahidəçi statusundadır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.