“Azərsun Holdinq” – Rza Məmmədov: “Bağlama “Azərçay” qablaşdırmasında saxta məhsul və ya qəsdən edilmiş təxribat ola bilər”
Sosial şəbəkələrdə çayın içindən qurbağa çıxması ilə bağlı fotolar yayılıb. Müştəri N. Rəhimli mağazadan aldığı “Azerçay” bağlamasından qurbağanın çıxdığını iddia edib. Vətəndaş onu da qeyd edib ki, hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunub.
Məsələ ilə bağlı “Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Rza Məmmədov açıqlamasında bildirib ki, sözügedən bağlama “Azərçay” qablaşdırmasında saxta məhsul və ya qəsdən edilmiş təxribat ola bilər: “Çay istehsal prosesində qablaşdırmaya qədər ələk və başqa bu cür proseslərdən keçir. Ona görə belə bir halın baş verməsi mümkün deyil. Alınmış məhsul özü saxta ola bilər ki, bu halla dəfələrlə rastlaşmışıq. Bizim üçün keyfiyyət ən vacib məsələdir. Ona görə tam əmin ola bilərsiniz ki, bu problem ən yüksək səviyyədə araşdırılacaq. Mütəxəssislər qablaşdırmanın keyfiyyətinə, qutuya daha öncə müdaxilənin olub-olmamasına, çayın növünə və s. baxacaqlar”.
- Eyyub Hüseynov: “Çay qutusundan qurbağa çıxması absurddur, çünki çayın istehsal prosesində su və ya hansısa canlı ilə təmas olmur”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da bildirdi ki, çay qutusunun içindən qurbağa çıxması absurddur: “Çayın istehsal prosesində su və ya hansısa canlı ilə təmas olmur. Dəfələrlə yerli və xarici çay fabriklərində olmuşam. Müşahidələrimə əsasən deyə bilərəm ki, çay xırda doğrama keçdiyi üçün qablaşdırmada qurbağanın olması mümkün deyil. Hesab edirəm ki, sosial şəbəkədə yayılmış məlum xəbər adıçəkilən çay fabrikinə qarşı təxribatdır. Ümumiyyətlə, bu cür hadisə hər hansı bir çay fabrikində baş verə bilməz. Yaxşı olardı ki, faktla rastlaşan şəxs nümunəni Azad İstehlakçılar Birliyinə gətirərdi və birlikdə lazımi tədbirlər görərdik”.
Günel CƏLİLOVA.
araz.az xəbər portalı.