Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə müsahibə verib.
araz.az Sfera.az-a istinadən müsahibəni təqdim edir:
– Cavanşir bəy, Brüsseldə Fransa prezidenti Makronun təşkilatçılığı ilə prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsi nədən xəbər verir? Makronun Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxiləsi Azərbaycan üçün nə vəd edir?
– Makronun dəvətsiz olaraq belə bir görüşdə iştirakı özlüyündə Azərbaycanın qələbəsi deməkdir. Avropa ölkələrindən biri olaraq Fransa Azərbaycanın apardığı siyasətə zidd mövqe sərgiləyib. Fransanın torpaqlarımız işğal altında olduğu 30 illik dönəmdə ikili standartlar sərgiləməsi, Azərbaycan həqiqətlərinə kölgə salması, bu həqiqətlərin əksinə siyasət yürütməsi hər kəsə məlumdur. 44 günlük müharibə dövründə Fransa rəsmi dairələrinin Azərbaycanla bağlı qarayaxmalarının ardı-arası kəsilmədi. Bu gün isə Fransa kimi bir sıra digər dövlətlər də Azərbaycanın bölgədə və dünyada yürütdüyü siyasətin doğru olduğunu anlayıb. Makron və onun kimilər artıq Azərbaycanla bağlı yeni yanaşma tərzi tapmağa çalışırlar. Brüsseldəki görüş də məhz bundan xəbər verir. Cənubi Qafqazda sülhün bərpası isə tək Azərbaycana yox, eləcə də Avropa ölkələrinin işinə yarayacaq.
– Maraqlıdır, bəs İranın Qarabağla bağlı mövqeyni, bölgədəki proseslərə münasibətini necə qiymətləndirirsiniz? Sizcə, İran Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi tərəf ola bilərmi?
– İranın bundan əvvəlki mövqeyi ilə indiki arasında çox böyük fərqlər var. Düzdür, müəyyən dövr ərzində anlaşılmazlıqlar oldu, İran tərəfinin gözü bizi götürmədi, lakin bütün bunlar da tərəfimizdən cavabsız qalmadı. Lakin sonradan İran rəhbərliyinin münasibətindən aydın oldu ki, Cənubi Qafqazda sülhün bərpası artıq Azərbaycandan asılıdır. İran və onun kimi dövlətlər anlamırdı ki, Azərbaycan prezidenti siyasəti ilə elə bir mənzərə yaradacaq ki, dünya Azərbaycan siyasətindən danışacaq. İndi İran başa düşüb ki, Cənubi Qafqazda sülhün təminatı onun da iqtisadiyyatının güclənməsi ilə nəticələnəcək.
– İranla bağlı danışmışkən, bir məsələyə də aydınlıq gətirmənizi istərdim. Bir neçə ay öncə İranla münasibətlərin kəskin dövründə etnik və dini separitizmin alovlandırılmasına cəhdlər müşahidə edildi. Əksəriyyət təxribatçıların birbaşa İranla əlaqəli olduğunu, oradan maliyyələşdirildiyini bildirirdi. Sizcə, ölkədəki hansısa qruplaşma doğrudanmı İran tərəfindən maliyyələşdirilir?
– Artıq 90-cı illər deyil. Məlum olduğu kimi o vaxt səriştəsiz dövlət rəhbərlərinin dövründə xarici ölkələrdən bizə axın edən, din adı altında separatçılıqla məşğul olan əlaltılar çeviriliş və təxribatlara əl atdılar. Hələ qardaş Türkiyədən gələnlər arasında buna təşəbbüs göstərənlər var idi. Lakin sonradan ümummilli lider elə bir sistem qurdu ki, bu problem öz aktuallığını itirdi. Bir neçə ay öncə dini separatçılıq vasitəsilə təxribat məqsədi güdənlər barədə yayımlanan materiallar isə bəzən çox şişirdildi. Dövlətin verdiyi statistika ilə təqdim olunan materiallar bir-biri ilə əks idi.
– Dindən söz düşmüşkən, bir ara təkliflər səsləndirilirdi ki, uşaqlar hicab geyinməyə məcbur edilir və məktəblərdə hicab qadağası tətbiq olunmalıdır. Sizcə, təhsil müəssisələrinə belə bir qadağa gətirmək nə dərəcədə uyğundur?
– Bəlli məsələdir ki, din dövlətdən ayrıdır. Təbii ki, bəzi ailələr uşaqlarına hələ yetkinlik yaşına çatmamış onlara hicab geyindirirlər. Məlumdur ki, bu uşağın iradəsi deyil, valideynin istəyidir. Uşaq 16-17 yaşına çatsın, sonra özü müstəqil qərar versin ki, başını bağlamaq istəyir, ya yox. Lakin məktəblərdə hicabla bağlı qadağanın tətbiqinə gəldikdə, bu məsələ bir neçə il qabaq problemlər yaratdı, cəmiyyətdə narazılıqların yaranmasına gətirib çıxardı. Bəzi məktəblər var ki, belə qadağa tətbiq edir, bəziləri var ki, problem yaratmır. İstərdim ki, insanlar ilk növbədə başlarını nə üçün bağladıqlarını anlasınlar. Başını bağlayıb, əməlində başqa cür hərəkət edirsənsə, hicabın mənası qalmır. İstərdim ki, orta məktəblərdə dini dərslər keçirilsin və dinlərin mahiyyəti uşaqlara çatdırılsın.
– Cavanşir bəy, dinlə aranız necədir? Namaz qılıb, Həcc ziyarətinə gedirsinizmi?
– Həcc ziyarətinə 90-cı illərdə getmişəm. Hamı kimi mən də müsəlmanam, başqa da heç nə…
– Qardaşınız Allahşükür Paşazadə son zamanlar çox az görünür. Tez-tez görüşürsünüzmü, hər şey yaxşıdır?
– Şeyx çox yaxşıdır, hər şey də qaydasındadır. Onun mətbuat xidməti var, istəyən də əlaqə saxlaya bilər.
– Sizinlə bağlı qalmaqallı xəbərlər yayımlananda başlıqda “Şeyxin qardaşı” kimi təqdimat verilir. Bu qardaşınızı qıcıqlandırmır ki?
– Yox, nə üçün qıcıqlandırsın ki?! Qardaşıyam axı… 10-15 il əvvəl “Cavanşir Paşazadnin qardaşı Şeyxülislam…” formasında başlıqlar da yayımlanmışdı. Onda şeyx dedi ki, mənim haqqqımda yazırlar yazsınlar, nə üçün başlıqda sənin adınla təqdimat verirlər? Yəni belə hallar da olub. Mən Şeyxin qardaşı olmaqla fəxr edirəm, 100 yaşım da olsa o mənim qardaşımdır.
– Bir müddət əvvəl ailə biznesinizlə bağlı məlumatlar yayılmışdı və oğlunuzun böyük biznesinin olduğu bildirilirdi. Elə bu məsələdə sizin də adınız keçirdi…
– Mən biznesmen deyiləm, siyasətçiyəm və 17 ildir ki, biznesdən uzağam. İki oğlum, bir qızm var və biznesinin olduğu deyilən oğlumun yaşı 40-dan çoxdur. Onların hamısının şəxsi biznesi var və istəsələr gələcəkdə daha böyük bizneslə də məşğul ola bilərlər. Hamı necə, onlar da elə. Burada qəbahətli nə isə görmürəm.
– Bir ara feysbukda paylaşdığınız və yanlışlara yol veridiniz paylaşımlar geniş müzakirə olunurdu. Belə məlumat yayıldı ki, sözügedən paylaşımı sürücünüz edib və işdən çıxarmısınız. Sosial şəbəkə hesabınızı özünüz idarə etmirsiniz?
– Sosial şəbəkə hesabımızı bəzən özüm idarə edirəm, bəzən də yox. Sürücümü isə işdən çıxarmamışam, bu yalan məlumatdır. Bu məsələni mənimlə də zəng edib dəqiqləşdirə bilərdilər, mediaya açıq adamam. Mənim sözlərimi konteksdən çıxaranlar reketliklə məşğuldurlar. Belə şəxslər doğru məlumat yazandan sonra da onlara inam qalmır. Mən sonradan başqa bir paylaşım da etmişdim, yenə orada yanlışlar tapdılar. Lakin onu da deyim ki, o paylaşım ediləndə mən 18 yaşlı şəhidin məzarının başı üstündə idim, həssas məqam idi. Onlar şəhidə fikir vermirlər, mənim vergülümdə yanlış tapırlar…
– Bəzi həmkarlarınızla əlaqə yaratmaq sözün əsl mənasında müşkül məsələyə çevrilib. Deputatların jurnalistlərdən qaçması nə ilə əlaqəlidir?
– Təbii ki, belə etmək doğru deyil. O deputatlar nə qədər düşünsələr ki, mediadan uzaq olsalar, hər şey gizli qalacaq, yanılırlar. Xalqın gözü tərəzidir və media mənsubları da xalqın nümayəndəsidir. Mənfi və müsbət fikirlər ola bilər, bu o demək deyil ki, deputatlar jurnalistlərdən qaçmalıdır. Xalqın içərisindən seçilən deputat jurnalistə də, digər şəxslərə də açıq olmalıdır.
– Bəzən plenar iclaslarda deputatların sözü bir-birinin boğazından keçmir, anlaşılmazlıq yaşanır. Bütün bunlar sonrakı münasibətlərə də təsir edirmi?
– Yox, belə hallar sonrakı münasibətlərə təsir etmir. Milli Məclis müzakirə yeridir və fikirlər bir-biri ilə ziddiyyət təşkil edə bilər. Mən hələ elə halla rastlaşmamışam ki, orada olan söhbətlər sonradan münaqişəli şəkildə davam etsin. Məclisdə olan söhbət elə orada da qalır.
– Cavanşir Paşazdənin küsülü olduğu həmkarı varmı?
– Mənim parlamentdə heç kimlə münasibətim pis ola bilməz. Milli Məclisdə müxalifət təmsilçisi də var, Yeni Azərbaycan Pariyasının (YAP) üzvü də. Təbii olaraq deputatların bəzilərinin fikirləri ilə razılaşmaya bilərəm, lakin bu şəxsi münasibətlərə təsir etmir.
– Gənc həmkarlarınızdan necə, razısınızmı?
– Yeni seçilən gənc deputatlar pandemiya ilə əlaqədar özlərini cəmiyyətə çox da tanıda bilmədilər. Milli Məclis məktəbdir, onlar nə qədər savadlı olsalar da, parlamentdə öyrənəcəkləri şeylər olur. Əvvələr onlardan bəziləri yeni seçiləndə alovlu çıxışlar edirdi, sonradan başa düşdülər ki, təmkinli olmaq lazımdır. Həmin gənc deputatlar da artıq mühitə uyğunlaşıb. Köhnə deputatlar jurnalistlərə necə öyrəşibsə, onlar da Milli Məclisə elə öyrəşəcəklər.
– Növbəti dəfə deputat olmaq üçün namizədliyinizi verəcəksinizmi?
– Bildiyiniz kimi mən YAP təmsilçisiyəm. Partiya sədri mənə yenidən etimad göstərib namizədliyimi irəli sürsə, təbii ki, deputat olmaq üçün seçkilərə qoşulacam. Bu məndən asılı məsələ deyil.
– Bir ara YAP üzvləri ilə bağlı xoşgəlməz görüntülər yayıldı, xəbərlər yayımlandı. Bu hadisələrə münasibətinizi öyrənmək istərdik…
– Düşünmürəm ki, belə xəbərlərin ard-arda yayılması məqsədli şəkildə baş verdi. İnsanın hansı partiyada təmsil olunmasından asılı olmayaraq, onun daxili tərbiyəsi daha önəmlidir. Dünyanın hər yerində belə hadisələr yaşanır. Bəziləri partiyanın, dövlətin onun üçün yaratdığı şəraitdən sui-istifadə edir, məsuliyyətini hiss etmir. Bu isə ona həm YAP üzvü kimi, həm aillə başçısı, həm də insan olaraq xələl gətirir.
– Milli Məclisdə boş qalmış dairələrə seçkilərin keçirilməməsi nədən qaynaqlanır? Eks həmkarlarınızdan, yaxud yeni namizədlərdən kimləri deputat olaraq görmək istərdiniz?
– Bir tərəfdən pandemiya, bir tərəfdən də 44 günlük müharibə və ondan sonrakı dövr müəyyən çətinliklər yaratdı. Bu çətinliklər boş qalmış dairələrə seçkilərin keçirilməsi məsələsini bir qədər arxa plana atdı. Hesab edirəm ki, gələcəkdə bu məsələyə yenidən baxılacaq. Namizədlər arasında YAP üzvü olaraq Çingiz Qənizadənin seçilməsini istərdim. Lakin ümumilikdə layiqli partiya təmsilçilərinin parlamentdə yer alması müsbət hal olardı. Bəzən elə insanlar olur ki, 30 il siyasətdə çiyin-çiyinə olurlar, siyasətdən gedən kimi əlaqə kəsilir. Mən elə deyiləm, eks deputatlarla bu gün də əlaqəm var.
– Parlamentdə büdcə müzakirələri zamanı ərzaq məhsullarının qiymətinin artması ilə bağlı həmkarlarınız tərəfindən iradlar bildirildi, bu istiqamətdə işlərin görülməsinin zəruriliyi qeyd olundu. Cavanşir bəy, süni qiymət artımının qarşısını necə alaq?
– Azərbaycanda bəzi yerli məhsulların qiymətinin artmasının səbəbi daxili bazarın nizamlanmamasından irəli gəlir. Bu istiqamətdə işlər düzgün aparılmır. Prezident bu istiqamətdə göstərişlər verib, lakin adiyyatı qurumlar tapşırıqlara əməl etmirlər. Bazarlar özəlləşib, orada daha kəndlilər yox, alverçilər oturur. Əgər kəndli bazara gəlib, məhsulunu sata bilsə, qiymətlər baha olmaz. İcra strukturları da yalandan bazarlar təşkil edərək, adını qoyur həftəbazar, yarmarka və s. Bunlar gözdən pərdə asmaq üçündür. Bazara gedəndə görürəm ki, bazarın bir başında eyni məhsul 2 manatdır, bir başında 5 manat. Demək ki, burada alverçilər oturub, kəndli yox. Hər şeydən əvvəl bu yöndə nəzarət mexanizmi tətbiq olunmalıdır. Bundan başqa bazarda vergidən yayınmalar var və bu büdcəyə ciddi mənada təsir edir. Eyni zamanda marketdə təqdim olunan qiymətləri vətəndaşlar dəyişə bilmir, yəni orada alver etmək olmur. İnsanları məcbur edib, marketə yollamaq olmaz. Onların vəsaiti marketə uyğunlaşacaq qədər deyil.
– Qarşıdan Yeni il, dünya azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bayramı necə qeyd edəcəksiniz?
– Hamı kimi mən də bayramı ailəmlə birgə qeyd edəcəm. Lakin heç sözsüz ki, bu günlərdə şəhid ailələrini ziyarət edib, onlara təsəlli olmaq da ilkin vəzifələrdən olacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.