photo23456789Dekabrın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Ötən 18 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, görülmüş işlər, əldə olunmuş nailiyyətlər” mövzusunda onlayın tədbir keçirilib.

araz.az bildirir ki, tədbirdə AHİK-in rəhbərliyi və əməkdaşları, həmçinin üzv təşkilatların sədrləri və digər şəxslər iştirak ediblər.

Geniş məruzə ilə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu demokratik siyasi fəaliyyətindən, son 18 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan söz açıb.

Bildirib ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri və üzərinə götürdüyü öhdəlikləri əhatəli şəkildə yerinə yetirən dünya tarixinin nadir liderlərindən biridir: “Bu 18 ildə Azərbaycanda bütün istiqamətlərdə sürətli inkişafa nail olunub, ölkədə tam sabitlik, əmin-amanlıq bərqərar olub, əhalinin sosial vəziyyəti daha da yaxşılaşıb, həyata keçirilmiş düzgün və dəqiq islahatlarla ölkənin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq nüfuzu artıb. Bu gün ölkəmizin yerləşdiyi coğrafi regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövrünün ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ölkəmizin Avrasiya məkanında mövqeyini xeyli artırıb, Azərbaycanı Cənubi Qafqazın liderinə çevirib. Bu layihə ölkəmizlə yanaşı, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də xeyli əhəmiyyətlidir. Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rolu durmadan artmaqdadır. Artıq bir ildir ki, Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanılıb. Layihənin ümumi dəyəri, təxminən, 40 milyard ABŞ dolları təşkil edir. Cənub Qaz Dəhlizi ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradır”.

Ölkəmizin tranzit əhəmiyyətini artıran nəqliyyat infrastrukturundan bəhs edən S.Möhbalıyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib və bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib: “Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yollar yenidən qurulub, paytaxtda və yerlərdə hava limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikilib. Bu istiqamətdə görülən işlər ölkəmizin tranzit imkanlarını daha da gücləndirib.

Azərbaycanın nailiyyətlərinin beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən AHİK sədri bildirib ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında ölkəmiz dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha da irəliləyərək ən islahatçı 20 ölkə sırasına qalxıb. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin

səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir”.

S.Möhbalıyev deyib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata geçirilən səmərəli iqtisadi islahatlar nəticəsində son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artıb, əlverişli sərmayə mühiti yaradılıb. Ölkə iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində vəsait yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə qədər düşüb, işsizlik isə təqribən 6 faiz səviyyəsindədir. Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Bu proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.

Azərbaycanın Zəfər yoluna nəzər salan S.Möhbalıyev deyib ki, Ali Baş Komandan cənab İlham Əliyev qalib Ordu və mübariz gənc nəsil formalaşdıraraq “dəmir yumruq” əməliyyatı ilə cəmi 44 gün ərzində düşməni diz çökdürdü: “Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif təxribatları ilə qarşılaşan xalqımız böyük qələbə ilə müzəffər oldu. Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi. Ümummilli lider Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 18 ildir ki, şərəf və ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha parlaq gələcəyə doğru inamla addımlayır”.

Daha sonra çıxış edən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hüseyn Kərimov və Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Prezident İlham Əliyevin dövləti idarə etmək məharətindən, şəxsi keyfiyyətlərindən, qəbul etdiyi bütün qərarlarda milli maraqlarımızı əsas tutmasından, xalqa misilsiz xidmətlərindən bəhs ediblər.

Yekunda AHİK sədri Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daha böyük uğurları və naliyyətləri qarşıdadır. Onun sözlərinə görə, bundan sonra da xalqımız cənab Prezidentin ətrafında sıx birləşərək parlaq gələcəyə doğru inamla irəliləyəcək. Cənab İlham Əliyevin ömürlük prezident olmasını arzulayan Azərbaycan həmkarlar ittifaqları üzvlərinin istəklərinin reallığa çevriləcəyinə inamını bildirən AHİK sədri bu istiqamətdə hər cür dəstəyi verəcəklərini ifadə edib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

araz.az xəbər portalı.

araz.az xəbər portalı.