Qazaxıstanda strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsi bu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.
Prezident Qasım-Jomart Tokayevin hakimiyyətinin təminatçısına çevrilmiş KTMT silahlı qüvvələrinin ölkəni tərk etməsindən sonra Qazaxıstanda siyasi proseslərin yeni mərhələyə daxil olacağı gözlənilir. Çünki Tokayev hakimiyyəti növbəti dəfə narazı xalq kütləsi ilə qarşı-qarşıya qalıb. Ona görə də ölkədə etiraz aksiyalarının yenidən başlana biləcəyi ilə bağlı ehtimallar gündəmə gəlib. Birinci aksiyalar zamanı xalqa qarşı silah işlətməkdən imtina etmiş Qazaxıstan polisinin və silahlı qüvvələrinin bu dəfə hansı mövqedə dayanacağı da dəqiq bilinmir.
KTMT-nin timsalında Rusiya qoşunlarının etirazları qanla yatırmasından sonra ölkədə siyasi narazılığın xeyli artması fonunda sosial problemlərlə bağlı tələblər arxa plana keçib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezident Tokayev iğtişaşların qarşısını KTMT silahlı qüvvələrinin hesabına almaqla Rusiyadan daha çox asılı vəziyyətə düşüb. KTMT öz qoşunlarını Qazaxıstandan çıxartmağa qərar versə də, Rusiyanın belə bir niyyətdə olduğu inandırıcı görünmür. Çox güman ki, Rusiya yenidən Qazaxıstana nüfuz etməyə çalışacaq:
“Rusiya rəsmilər özləri deyirlər ki, keçmişdə Qazaxıstan adlı dövlət olmayıb. Hətta təhqir edərək deyirlər ki, qazaxlar çoban olub. Qazaxıstanın şimalına ərazi iddiası yenə qalır. O ki qaldı hadisələrin bundan sonrakı inkişafına, Qazaxıstanda siyasi islahatlar dərinləşməsə, oliqarxiya sistemi aradan qalxmasa, cəmiyyətdə etirazı yatırtmaq çətin olacaq. Hakimiyyət reklam xarakterli bir neçə açıqlama yayıb. Qeyd edilir ki, Nazarbayevin hakimiyyətinə son qoyacaq, oliqarxların fəaliyyətini məhdudlaşdıracaq, kasıblara vəsait ayıracaq. Bunlar reklam xarakterlidir. Əslində, Qazaxıstanda dərin iqtisadi, siyasi islahatlara, normal seçkilərə ehtiyac var. Cəmiyyətin sifarişi də bu idi. Bunlar olmasa, Qazaxıstan bir müddət sonra yenidən təlatümlərlə üzbəüz qala bilər”.
Ekspert bildirib ki, son hadisələin səbəbi sosial problemdən qaynaqlanırdı:
“Etirazçılar sıxılmış qazın tariflərini aşağı salmağı tələb edirdi. Tokayev də buna əməl etdi. Amma bundan sonra siyasi tələblər gəldi. 1993-cü ildə qəbul edilmiş konstitusiyanın bərpası tələbləri gündəmə gəldi, Nazarbayevin heykəlini dağıtdılar. Ona görə də gələcək tələblərin sosial, yoxsa siyasi olacağını demək olmur. Sosial tələblər qısa müddətdə siyasi müstəviyə keçir. Qazaxıstanda siyasi və iqtisadi islahatların aparılmasına ehtiyac var. Qazaxıstan çox böyük ölkədir. Şəhərlər arasında minlərlə kilometr məsafə var. Hakimiyyət paytaxtı nəzarətdə saxlaya bilər. Amma bölgələrdə baş verəcək hadisələri nəzarətə götürmək çətindir. “Nazarbayev klanı”nı hakimiyyətdən uzaqlaşdırmaq Tokayevə asan olmayacaq. Bu ailənin sərvəti əlindən alınsa, hakimiyyət daxilində klanlararası mübarizə güclənəcək.
Cəmiyyətin özündə də fikir ayrılığı yaranacaq. İğtişaşlar yatırılsa da bir sıra məsələlər açıq qalır. Nazarbayevin və ailəsinin taleyi ilə bağlı müxtəlif ehtimallar səslənir. Bir məlumatda onun Dubayda olduğu deyilir, ikinci ehtimala görə, Nursultandakı evindədir və xəstədir. Üçüncü ehtimala görə, həbs edilib və ev dustağıdır. Onun öldüyü, yoxsa sağ olduğu da bilinmir. Amma onun qızı Aliyanın adından “Facebook”dan yayılan fikirdən onun sağ olduğu qənaəti yaranır. Qızının statusundan onun Tokayevin fəaliyyətindən narazı olduğu görünür. Mənə elə gəlir ki, Nazarbayev ev dustağıdır. Nazarbayevi yalnız Tokayev deyil, Rusiya da hədəf seçib. Deməli, Nazarbayevə qarşı Tokayev və Kremldəki dairələr də birləşib. Əlbəttə, Nazarbayevin də səhvləri olub. Amma onun türk dünyası üçün xidmətləri də var. Ona görə də Nazarbayevin taleyi ilə bağlı türk dövlətləri də narahatdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.