Narahat olmayın, bu xəstəliyin əzablarından, ağrılarından yox, daha çox onun “faydasından”, günlərlə halsız halda uzanıb yaşadığım qəribə duyğulardan danışacağam.
Deməli, bu il noyabrın ilk günlərində COVİD mənim də qapımı döydü. 2 dəfə vaksin vurdursam da, 3-cüdə “ilişdim”. Həkim məni tam müayinə etmədən iynəni işə saldı və aləm qarışdı.
“Covid qağa” bilmirəm, sonradan “tanıdı”, ya nədisə, mənə çox “ilişmədi”. (Bəlkə də eşidib ki, onsuz da haqq-nahaq mənə ilişən çoxdur, bir az rəhmli davrandı). Necə deyərlər, dad da bildim, iy də bildim, qızma da yox idi. Sadəcə hədsiz halsızlıq, titrətmə, yüngül ağrılar və… Bu “və”dən bir az sonra danışacağam…
Bu “covid” əslində mənim illər boyu bir çox arzularımı reallaşdırırdı. Hələ illər öncə dəfələrlə yazırdım ki, hüzr 3 gün olsun, amma alınmırdı. “Covid” elə “konsert” verdi ki, nəinki 3 gün, hətta hüzr məclisinin 1 gün olmasını da şübhə altına aldı.
Bizlərin xəstəyə qəribə “dəymək” adəti var axı. Şair demişkən, onda ki, “dayım xəstə olur, xəstənin xəstəsi bir dəstə olur”. Guya sənə dəyməyə gəliblər. Bir qutu şokolad qutusu, ya 1-2 kq konfet… Gəlib saatlarla əyləşir – çay, xurma, qeybət, minnət, daxili, xarici siyasət… Şükür ki “covid” bu adəti də sıradan çıxartdı. Yəni, həkim “covid” xəstəsinə dəyməyi qadağan edir – bir özün olursan, bir iynələr, dərmanlar, ən uzağı həyat yoldaşın, bir də tükənməyən xəyallar…
“Covidin” maska məsələsi də bəziləri üçün “faydalıdır” – uzun burnunu, bədköndəm, yöndəmsiz sifətini maska altında gizlədə bilirsən.
Yuxarıda, tamamlamadığım “və” var idi. İndi bir az da o “və” barədə…
Həmin anlar, nəinki insanlardan, kağız-qələmdən, kompüterdən kənar olduğum, tənha qaldığım məqamlarda çox xəyallanırdım – etdiklərim, etmədiklərim, edə bilmədiklərim… xəyallarımda hey cövlan edirdi. Düşünürdüm, kaş filan yazını heç yazmayaydım, ya filan yazının “barıt”ını bu qədər çox eləməyədim. Ya da əksinə… “Axı, niyə filan məqamda susdum, niyə filankəsin dərsin vaxtında vermədim ki, indi bu qədər qudurub, sonra özümü “qapır!”
Dost, sədaqət, vəfa… – bu fikirlərin yükləndiyi söhbətlərə çox bənd olmasam da, amma bəzi misalların, deyimlərin nə qədər dəyərli olduğunun bir daha təsdiqini gördüm.
Bəzilərini sizə də xatırladım:
–O yerdəki Yağla Şorun qiymətində fərq olmadı, oradan qaç, qurtar;
-Başın var, Başını Başsızdan qoru;
-Hamıdan qəhrəmanlıq gözləmək olmaz;
-Sürünmək üçün yarananlar heç vaxt Qartal kimi uça bilməz;
-Acizliyinə min cür don geyindirən “güclülər”in miskinliyi, çox tez bəlli olur;
-Çayı keçəndə onu eşşəyin quyruğuna bağlayan sahibini heç vaxt bağışlamayan dəvənin nümunəsi də çox ibrətamizdir.
Həmin ağrılı günlərdə özünü xeyirxahlıq simvolu sayanların bir çoxu ilim-ilim itdi. “Mənəm şah”, “mənən qanun”, “mənəm hökumət” deyənlərin çoxu elə qeybə çəkildi ki…
Bir zəng nə idi ki, onu da qıymadılar. Bəlkə də düşünürdülər ki, Zahir yaşlı adamdır, yüksək şəkəri, digər xəstəlikləri var – COVİD onu aparacaq, ona bir “quş”.
Sağalmağa başlayan günlərdə öncə belə düşünənləri, bu xəstəlikdən gedəcəyimi bayram edənləri düşündüm.
Yadıma bir hind filmində deyilənlər düşdü: – “Elə bilirdiniz, “Şaka” qayıtmayacaq? Uşaqların pulu sizə qalacaq? Elə bilirdiniz ki, sizin o yaltaq, riyakar, iblis sifətinizi örtən, “ipək”, “zər naxışlı”, iblis “rəngli” örtükləri parçalayan olmayacaq, elə o cür də qalacaq?
Amma ölmədik, ölümün bir addımında olsaq da, nələrinsə xətrinə, ya haqq yolunda etdiklərimin əvəzi kimi Allah qıymadı.
Düşündüm ki, nə yaxşı, “covid”ə görə məcburən 15 gün yataqda oldum, dünyaya kənardan, sanki dronla, yüksəkdən baxdım.
Bəziləri hələ də düşünmür ki, həyat bir günlük, beş günlük deyil. Bir gün “Yel əssə Bağı-Gülüstan tərəfə”, onda görəcəksiniz cəsarətsiz… kişilərin əsl sifətini, yaxud sifətsizliyini, rəhbərə xoş gəlmək üçün buqələmun kimi hansı sifətlərə düşdüyünü.
Sanki bir çoxlarının vicdanına blok, “tampon” qoyulub, yaxud vəzifədə olanlar vicdanların sərvətləri kimi “lombarda” qoyublar.
“Ucaltdığın alçalanda görəsən, əriyərsən, gözün görə-görə sən”, – misraları yəqin ki, yadınızdadır.
Çörəyini hələ də “ağayana” yaltaqlıqdan çıxaran pulu baltakəsməzlərin sınıq-sınıq mənəviyyatı, pölüşgəmiş düşüncələrinin gərəksizliyi hər fürsətdə cəmiyyətə təqdim olunmalıdır.
Cəmiyyətdə, eləcə də yazarlar arasında “Tüpürdüyünü” yalayanlar, bu gün “dediyini” sabah “yeyənlər”… də elə biməsinlər ki, heç kim heç nə görmür. Adama deyərlər ki, qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.
Belələri görəsən, heç sabahlarını, oğlunu, qızını düşünürmü? Onların içində kimsə bir azad düşüncəlisi yetişib, səsini qaldırıb deməz ki, ata, axı, sənin ki hər cür səlahiyyətin, sərvətin vardı, haqsızlığı görüb niyə susdun? Bu qədər əziləni, nahaqdan türmədə çürüdüləni,… görüb niyə “lallıq” etdin?
İndi həbsdə olan bir meyxanaçının dili ilə desək, “kişisiniz axı, kişi olun, ə!”
Deyəsən, söhbət bir az çox uzandı. Üzrlü sayın, çoxdan idi yazmırdım, çox fikirlər içimdə qaynayıb daşırdı.
Sonda isə xəstə olanda “covid”lə etdiyim kiçik söhbəti diqqətinizə çatdırım:
– Deməli, lap tənha olanda, hər şeydən əlimi üzəndə “covidlə” “söhbətləşirdim”. Deyirdim, “covid” qağa, bilirsən ki, gücüm çatandan yüzlərlə insanın haqqını qorumuşam, heç kəsin deməyə cəsarət etmədiyi fikirləri səsləndirmişəm. Nə istəyirsən məndən? Niyə məni öldürmək istəyirsən? Sənə can almaq lazımdırsa, get, o qaniçənlər var e, hər fürsətdə insanlara min əzab verir, qudurğanların qabağında “mədəni-mədəni” quyruq bulayır, get onların canın al da”.
Covid də cavabında dedi ki, onların çoxu özü-özünü öldürüb.
Həmin günlərdə isə ən çox dinlədiyim mahnı “Yolun düşsə, bu dünyaya bir də gəl” nəqarətli mahnı idi.
Mahnıda deyilənə əməl edib, ölümdən dönüb, bu dünyaya bir də gəldim.
Siz də gəlin – insanlara böyük sevdayla, sevgi dolu baxışlarla, xeyirxah əməllərin, yaxşı, nəcib insanların hələ də tükənmədiyi dünyaya yeni nəfəs gətirin. Qoy, bu yaxşılıqların, xeyirxahlığın işığında, nurunda bütün pisliklər, naqisliklər ərisin. Onsuz da bir yerdə yaşamağa məcburuq.
Zahir ƏMƏNOV,
cənub.az saytının Baş redaktoru.
araz.az xəbər portalı.