Hər kəs tərəfindən iftixar və qürur hissi ilə çəkilən adı yaddaşlarda əbədi yaşayacaq VƏTƏN OĞLU
“Vətən müqəddəsdir, Vətən əzizdir!” — deyib, onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, bu yolda canından keçməyə hazır olan, atdığı addımları ilə, bənzəri olmayan qəhrəmanlıqlar göstərən, tarixdə xariqələr yaradaraq, ömür yollarında silinməz izlər buraxan Vətən övladlarının adları heç zaman unudulmur, heç zaman yaddaşlardan çıxmır. Taleyinə xalqına qarşı bağlılıq duyğusu, sevgi hissi ilə yanaşmaq, doğma Vətənini sevmək, onun hər qarış torpağına bağlı olmaq istəyi yazılmış İbarət Faiq oğlu Əkbərovun ömür yolundan söhbət düşərkən, bəlli olur ki, bu Qəhrəmanımız da, canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verməyə hazır olan Vətən oğullarından biri olub. Bəli, zaman keçəcək, illər, dövrlər bir-birini əvəzləyəcək, o halda da, əbədiyyətə qovuşduğu adı hər kəs tərəfindən iftixar və qürur hissi ilə çəkiləcək İbarət Əkbərovun atdığı addımlara ulu tarix bir daha öz qiymətini verəcək. Çünki, bu Qəhrəmanımız da, ölümü ilə ən uca zirvəyə — Şəhidlik Zirvəsinə ucalmış Vətən oğullarından biridir. Bu elə bir zirvədir ki, ucadan da ucadır — əlçatmazdır!
Yeri gəlmişkən, qeyd edək ki, İbarət Əkbərov 1993-cü ilin gözəl bir günündə — ən əziz bayramımız olan Novruzu qeyd etdiyimiz mart ayının 21-də Yardımlı rayonunun Mirimli kəndində dünyaya gəlib. Ömrünün uşaqlıq və yeniyetməlik illəri belə yaddaqalan olub. Bunun bir sübutu, 2008-ci ildə Məlikli kənd ümumi orta məktəbində 9-cu sinif təhsilini uğurla başa vurmasıdır. Xeyli vaxt keçdikdən sonra, İbarətin valideynləri Cəlilabad rayonunun Privolnoye kəndinə köçdüklərinə görə, elə, o da, tam orta təhsilini E. Hüseynov adına Privolnoye kənd 1 saylı tam orta məktəbində davam etdirməli olub və burda da, uğur qazanıb.
İbadət Əkbərovun həyat və fəaliyyəti haqda əldə etdiyimiz məlumatlarda bildirilir ki, gənc yaşlarında ikən, o, xalqına, doğma Vətəninə bağlı bir oğul kimi də seçilib. Konkret desək, hələ orta məktəbdə oxuyarkən, o, tez-tez həmyaşıdları ilə, vətənpərvərlik mövzusunda müzakirələr ararıb, polemikalara girişib və ölkəmizin gələcək inkişafı barədə maraqlı düşüncələrini həmyaşıdları ilə bölüşüb. Bir sözlə, o, gənc yaşlarından qəlbində Vətən sevgisi, torpağa bağlılıq hissi gəzdirib — hər kəsə hansı əxlaqa, hansı qabiliyyətə malik olduğunu nümayiş etdirə bilib. Bütün bunlardan əlavə, İbarət Əkbərov vətənsevərlik duyğularından ruh alan cəsur bir Azərbaycan gənci olaraq, istər ötən əsrin əvvəllərində və ortalarında, istərsə də 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ermənilərin xalqımıza qarşı insanlığa sığmayan təcavüzünün baş verdiyini və bunun nəticəsində, soydaşlarımızın doğma dədə-baba torpaqlarından qovulduqlarını, min bir məşəqqətlərə, olmazın faciələrə düçar olduqlarını da görüb. Mənfur və xain düşmənin xalqımıza qarşı törətdiyi vəhşiliklər haqda lazımi qədər məlumatlı olduğundan, bu, onun milli sevgilərə köklənən heysiyyatını daha da gücləndirib. Beləcə, İbarət ermənilərə qarşı qəlbindəki nifrətini heç cür gizlədə bilməyib və düşmən tapdağindakı Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan cəsur Vətən oğulları ilə bir yerdə olmağa qərar verib. Başlıca amalı isə o olub ki, imkan düşdükcə, ermənilərdən Xocalı faciəsinin qisasını alsın və bununla da, bir qədər özündə təskinlik tapa bilsin.
Elə ki, 2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları başlayır, onda, İbarət Əkbərov da, doğma torpaqlarımıza olan sevgi hissini heç cür gizlədə bilmir. Digər qəhrəmanlarımızla birlikdə, müharibənin ilk günlərindən qaynar nöqtələrdə döyüşməyə başlayır. Yəni, Vətən Müharibəsinin başladığı ilk günün səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Dəniz Aslanın rəhbərlik etdiyi bölük, Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətindən hücuma keçib, Alxanlı kəndinin azad olunması uğrunda ölüm-dirim savaşına başlayır. İbarət Əkbərov keçirilən döyüş əməliyyatında piyadaların döyüş maşını “BMP-1”-i idarə edir. O, ilk əvvəl sürücü-mexanik vəzifəsində çalışsa da, rəhbərlik onun olduqca bacarıqlı olduğunu görür və çox keçmir ki, İbarəti baş sürücü-mexanik vəzifəsinə təyin edir.
Qeyd edək ki, İbarət Əkbərovun tərkibində vuruşduğu bölük, ilk döyüş əməliyyatlarında iştirak edən bölüklərdən biri olub. Bir faktı da qeyd edək ki, müharibənin ilk günündə bu bölüyə məxsus keçidaçan trakror ermənilər tərəfindən vurulur. Belə olan halda, bölüyün döyüşkən qüvvələri minaların təmizlənmədiyi ərazilərdən keçməli olurlar. Döyüş əməliyyatlarının ikinci günündə, yəni sentyabrın 28-də nankor ermənilər İbarətin idarə etdiyi “BMP-1”-i Alxanlı kəndində idarəolunan raket qurğusu ilə vururlar. Belə bir səbəbdən də, bölük komandiri Dəniz Aslan bərk yaralanır və o, baş-beyin travması alır. Bölük komandirini piyadaların döyüş maşınından İbarət Əkbərov və zirehli texnikanın tuşlayıcısı çıxarırlar. O, xəstəxanaya yerləşdirilsə də, baş-beyin travması və müəyyən yanıq xəsarətləri almış İbarət isə, zirehli texnikanın tuşlayıcısı ilə birlikdə, döyüş əməliyyatlarını davam etdirirlər. Oktyabrın 2-si günü keçirilən döyüş əməliyyatlarının birində, İbarət Əkbərov, mənfur düşmənin nəçələrlə canlı qüvvəsini qətlə yetirən, texnikasını məhv edən, eləcə də savaş meydanlarındakı döyüş yoldaşlarını hər zaman qələbəyə ruhlandıran əlindən ağır yaralanır. Ölümün gözünə dik baxan və düşmənə amansız divan tutan bu cəsur Qəhrəmanımızı, əlindən aldığı yaraya görə hərbi hospitala yerləşdirsələr də, beş gündən sonra, o, geri qayıdır və oktyabrın 7-sində yenidən döyüş əməliyyatlarında iştirak edir. Çox keçmir ki, komandanlığın verdiyi tapşırıq əsasında, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ceyhun Müzəffərovun rəhbərlik etdiyi bölük Qaraxanbəyli kəndinə transfer edilir və keçirilən döyüş əməliyyatlarına cəlb olunur. Oktyabrın 12-sində keçirilən qızğın döyüş əməliyyatları zamanı, yağı düşmənin atdığı “AQS-30” dəzgahlı qumbarası İbarətin boyun nahiyəsinə dəyir. O, ağır bədən xəsarətləri aldığından, həmin gün də şəhid olur.
Onu da qeyd etmək istəyirik ki, 2020-ci ilin oktyabrın 12-sində Füzuli uğrunda həyata keçirilən döyüş əməliyyatları zamanı şəhid olan İbarət Əkbərovun atası Faiq Əkbərov, öz oğlu haqqında danışdığı xatirələrin birində qeyd edir: “İllər öncə Tatarstanda İbarətlə ermənilərin arasında bərk dava-dalaş oldu. Həmin vaxt bir erməni mənə: “Gücünüz çatırsa, özünüzü Qarabağda göstərin”, — dedi. Həmin an oğlum önə atıldı və yerində: “Qarabağda atam yox, mən gücümü sizlərə göstərərəm!” — deyə, ermənilərin cavabını verdi. Bu, əslində, elə, belə də oldu: Oğlum verdiyi vədinə sadiq qalıb, Vətən Müharibəsinin ilk günündən öz gücünü ermənilərə göstərdi”.
Bu yerdə, onu da qeyd edək ki, iki övladı yadigar qalan şəhid İbarət Əkbərovun ötən ilin oktyabr ayında Cəlilabad rayonunun Pirvolnoye kəndində il yas mərasimi keçirilib. Mərasimdə onun oxuduğu məktəbin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri… iştirak edirlər. Onlar İbarət Əkbərovun əziz xatirəsini bir daha yada salırlar, keçdiyi döyüş yollarından bəhs edirlər, vətənpərvərlik ruhunda şeirlər səsləndirirlər və onun ruhuna dualar oxuyurlar. İl mərasimində “Şəhidlərimizi tanıyaq, tanıdaq” layihəsinin rəhbəri İqamət Sadıqlı da iştirak edib.
Sonda onu da bildirmək istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən İbarət Əkbərov, ölümündən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında “Vətən uğrunda” medali ilə təltif olunub. Bundan əlavə, o, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaətlik nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında, ölümündən sonra, “Fizulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə də təltif olunub. Artıq, bu Qəhrəmanımızın şəhidlik zirvəsinə ucaldığı gündən bizi 1il 101 gün tarixi zaman ayırır. Döyüşçü yoldaşları şəhid İbarət Əkbərov haqqında xatirələrində bildirirlər ki, İbarət olduqca mehriban və cəsur döyüşçü idi: “O, həmişə çalışardı ki, qaynar nöqtələrdə döyüşsün. Üstəlik, o, döyüş əməliyyatlarının gedişi zamanı yoldaşlarını müdafiə etməyə də çalışardı. Onun ermənilərə qarşı xüsusi nifrəti var idi və bizimlə söhbət edərkən: “Bu ermənilər çörəyimizi yedilər, sonra da bizə qarşı nankorluq etdilər. Ona görə də, mənfur düşmən qonşularımıza qarşı son damla qanımıza kimi vuruşmalıyıq və bir metr olsa belə, torpaqlarımızı yağı düşmənə verməməliyik!” — deyirdi.
İbarət olduqca vətənpərvər, qormaz, xalqını sevən, hər kəsə qarşı diqqətcil olan, döyüş əməliyyatlarının gedişi zamanı heç nədən qorxmadan, çəkinmədən vuruşan, ermənilərə qan udduran cəsur Vətən oğlu idi”.
Bu cəsur Vətən oğlunun keçirilən döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıqlar haqda lazımi məlumatları əldə edərkən, o da bəlli olur ki, o, həqiqətən də Vətəninə, torpağına bağlı bir insan olub. İbarət Əkbərov ərazilərimizin bütövlüyünün təmin olunması uğurunda həyata keçirilən döyüş əməliyyatları zamanı şəhid olsa da, o, hər zaman qəlbimizdə cəsur döyüşçü, ləyaqətli Vətən övladı olaraq əbədi yaşayacaq. Yəqin ki, illər keçəcək, zaman dəyişəcək və gələcək nəsllər istər 1992-1993-cü illərdə, istərsə də 44 gün ərzində davam edən Vətən Müharibəsində mənfur düşmənə qarşı keçirilən döyüş əməliyyatları zamanı baş verən hadisələri xatırlayacaqlar. Onda da, İbarət Əkbərovun adı yada salınacaq, daim xatırlanacaq.
Bəli, tarixdə belə bir iz buraxmaq, hər kəsin qəlbində sönməz məşəltək qalmaq o kəslərə nəsib olur ki, həmin insan övladları: “Vətən anamdır, vətən həyatımın varlığıdır!” — deyib, qorxub, çəkinmədən Vətənin müdafiəsinə qalxır. Bəli, İbarət Əkbərov da belə bir yanaşmasını ortaya qoymağı bacaran, atdığı addımları ilə ömür yollarında silinməz izlər buraxan qəhrəman oğlullardan idi. Məhz buna görə də, bu gün hər kəs onun adını fəxrlə, iftixarla çəkir və bundan sonra da, bu əbədi olaraq belə olacaq. Onun ömür yolu sanki bir tarixdir, gələcək nəsllərə örnək ola biləcək layiqli bir nümunədir. Elə, bu yüksək insani xüsusiyyətlərinə görə də, o, ən yüksəkdə duran bu adı daşımağa layiq Vətən oğullarından biri idi. Bütün şəhidlərimizlə bərabər, ona da, Böyük Allahımızdan bir daha rəhmət diləyirik! Qəbirləri nurla dolsun, məkanları cənnət olsun!
Kamal MİRZƏ.
araz.az xəbər portalı.