Natiq MƏMMƏDLİ:. “İfadə azadlığına tam təminat verən “Media Haqqında” Qanunun bütün maddələri Azərbaycan mediasının gələcək inkişafına hesablanıb”
“Bu ay media subyektləri, yəni həm qəzetlərimiz, həm də veb-saytlar üçün müsabiqəni yekunlaşdırdıq. 55 media subyekti həftəlik, gündəlik qəzet, eyni zamanda xəbər saytları və idman saytları MEDİA-nın bu ilin birinci yarısı üçün dəstəyinə layiq görüldü. Çox təəssüflər olsun bizim bəzi həmkarlarımız elə başa düşürlər ki, onlar hər hansı bir media subyekti, sayt yaradıblarsa dövlət birmənalı şəkildə bunu dəstəkləməlidir”.
araz.az bildirir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA ) şöbə müdiri Natiq Məmmədli Dövlət Gömrük Komitəsinin və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” təliminin bağlanış mərasimində çıxışı zamanı deyib.
Natiq Məmmədli qeyd edib ki, dövlət heç bir media subyektinin yaradılmasını sifariş vermir:
“Bir nüansı xüsusi olaraq bizim media cameəsi üçün qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti medianın sponsoru deyil. Dövlət Azərbaycanın informasiya mühitinin sağlamlaşdırılması, onun rəqabətə davamlılığının artırılması istiqamətində ictimai və dövlət maraqlarından irəli gələn layihələr də həyata keçirir. Bizim media subyektləri də bu layihələrdən faydalanmalıdırlar. Bizim göstərdiyimiz dəstək hər hansı bir media subyektinin fəaliyyət göstərməsi üçün onun xərclərinin təxminən 10%-ni təşkil edə bilər. Əsas məsuliyyət media subyektinin üzərin düşür. Azərbaycanın hər bir qəzetinin, saytının öz siması olmalıdır. Azərbaycan jurnalistinin hörməti, nüfuzu digər peşə sahiblərindən fərqlənməməlidir. Məhz bu hörməti jurnalist öz sözü, siması ilə qazanır”.
Natiq Məmmədli həmçinin qeyd edib ki, bu yaxınlarda Milli Məclisin 3 oxunuşundan keçmiş və geniş ictimai müzakirə olunmuş “Media Haqqında” Qanun Azərbaycan informasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq:
“Bəzilərinin qısqanclıqla qarşılamasına baxmayaraq, “Media Haqqında” Qanun ifadə azadlığına tam təminat verir. Onun bütün maddələri Azərbaycan mediasının gələcək inkişafı üçün hesablanıb. Bu, həyata keçdikcə bizim mediamız bunu öz fəaliyyətində hiss edəcəklər.
Nəhayət, informasiyanın üçüncü tərəfi onu qəbul edəndir. Bu da bizim yaralı yerimizdir. Bizim cəmiyyətin informasiyanı qəbul edən kəsiminin intellektual savadını, media savadlılığını o qədər artırmalıyıq ki, cəmiyyətimiz “fake news” ilə doğru xəbəri fərqləndirə bilsin. Yəni cəmiyyətimiz düzgün, mötəbər xəbərlə yanlış informasiyanı fərqləndirə bilməlidir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.