Son zamanlar vətəndaşlar tərəfindən avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olub. Qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var. Bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.
araz.az Avtosfer.az-a istinadənn bildirir ki, bunu Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapıb. “Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər.
Təbii ki, yol hərəkəti qaydaları müzakirə edilmədən yerinə yetirilməlidir. Bununla da qanunun aliliyi təmin edilməlidir.
Bu qanunu pozanlar anlamalıdır ki, baş verən qəzalar, süni sıxlıq məhz dayanma-durma qaydalarınının pozulmasının nəticəsidir”.
Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə tədbirlər planına start verib. “Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən əl çəksinlər. Əks halda polis müvafiq tədbirlər görəcək.”
Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.