“Qarabağ Azərbaycan dövlətini sevən hər kəs üçün ən həssas mövzudur. Hamımız fikir, mülahizə, gələcəyin proqnozlaşdırmasını Qarabağ üzərindən irəli sürmək haqqına sahibik. Ancaq bunu hoqqabazlıqla, yalançı vətənpərvərliklə edənlərə qarşı da mövqe sərgiləməyimiz vacibdir. Çünki Qarabağ üzərindən guya hamıdan artıq vətənpərvər görünmənin fəsadlarını biz illər öncə yaşamışıq və yenidən yaşamamaq üçün mövcud reallıqlara uyğun millət və dövlət olaraq daha nizamlı addım atmağa çalışmalıyıq”.
araz.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, sui-istifadə mövzularından biri də Rusiya sülhməramlıları ilə bağlı məsələdir: “Bəri başdan deyim ki, Qarabağda Rusiya sülhməramlılarının olmasına ən ciddi təhlükə kimi baxanlardan biri olsam da, mövcud şəraitdə bunun alternativinin olması barədə hansısa konkret təklifə də malik deyiləm. Ancaq Qarabağ savaşından sonra imzalanan 10 noyabr 2020-ci il bəyanatının bütün müddəlarını da dövrün reallığına uyğun hesab edirəm və ölkə prezidentinin Rusiya ilə bu mövzuda apardığı danışıqların prinsiplərini dəstəkləyirəm. Çünki özününz də görürsünüz ki, dünyanın aparıcı gücləri hər hansı məsələdə Rusiyanın iradəsini sındıracaq addımlar ata bilmirlər, bizsə kiçik dövlət olaraq öz dövlət maraqlarımızı maksimum səviyyədə Rusiya qarşısında qorumağı bacarırıqsa, bu kursa davam etməkdən başqa yolumuz qalmır. Sözümü nəyə gətirirəm, NATO məsələsinə. NATO adından Rusiyaya ultimatum verildi ki, üç ölkədən – Ukrayna, Moldova və Gürcüstandan qoşunlarını çıxarsın. Bizdə dərhal sosial şəbəkə qəhrəmanları yenə də Qarabağ üzərindən siyasətə başlayaraq vurğuladılar ki, bəs NATO ona görə üç ölkəni deyir ki, onların ərazisinə rus qoşunları zorla girib, bizim adımızı da ona görə çəkməyib ki, bizim hakimiyyət rus sülhməramlılarını özü dəvət edib. Yenə də ənənəvi Allahsızlıq! Rusu hələ bir yana buraxaq. Ermənidən başlayaq. BMT qətnamə qəbul etmişdi ki, erməni birləşmələri Kəlbəcərdən çıxsın, əcaba o zaman və sonra NATO o xırdaca Ermənistana ultimatum verdimi ki, işğal olunmuş Azərbaycan torpağından çıxın? Dağlıq Qarabağdan isə ümumiyyətlə danışan olmadı, çünki oradakı erməni ordusunu tamamilə görməzdən gəlirdilər. İllər boyunca NATO da daxil olmaqla bütün Avropada mövcud olan beynəlxalq təşkilatların Ermənistan işğalçı ordu birləşmələrinin Azərbaycandan çıxarılması barədə ultimatum cəhənnəm, adicə bir tələbinə rast gəldinizmi? Olmayıb! Bapbalaca Ermənistandan bunu tələb etməyənlər, guya bizim ərazimizdə olan Rusiya sülhməramlıları barədə əgər bizim razılığımızla gəlməsəydilər belə bir tələbi qoyacaqmışlar? Vallahi, Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi! Qarabağ, Rusiya sülhməramlıları mövzusu çox həssaslıq tələb edir, addım-addım bu problemi də çözəcəyik. Türkiyə-Ermənistan münasibətləri qurulmağa başlayır, yaxınlarda Şuşa Bəyannaməsini parlament təsdiq etməklə Türkiyə ordusunun ərazimizdə mövcudluğunu tam legitimləşdirəcəyik, ermənilərlə sülh sazişi, Zəngəzur yolunun açılışı ardarda görəcəyimiz işlərdir, bu kimi məsələlərə hamılıqla geniş çərçivədən baxmalıyıq. Siyasət üçün daha fərqli mövzular var. İstər xarici, istər daxili siyasətdə. Populizm naminə Qarabağdan istifadə etməməyə çalışmaq daha məqsədəuyğun olardı”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.