Yüksək gərginlikli elektrik xətlərinin, neft və qaz kəmərlərinin mühafizə zonasında tikilən evlərin sökülməsi ilə bağlı və o cümlədən tikilinin sökülməsinə görə kompensasiyanın ödənilməsinin mümkünlüyü haqqında narahatedici vəziyyət və qeyri müəyyənlik var.
Həmin mühafizə zonalarında tikililərin daşınmaz əmlak kimi qeydiyyatı və kommunal xidmətlərlə təchizatında da həllini gözləyən problemlər də mövcuddur. Hazırda da bəzi sakinlər həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi təhlükəsi ilə üz-üzə qalıb. Müvafiq təşkilatların həmin bir çox sakinlərə qarşı evlərinin sökülməsi ilə bağlı iddia tələbləri məhkəmələrdə icraatdadır və bu məsələdə Dövlət Neft Şirkəti (SOCAR) xüsusən fəallıq göstərir.
Vəziyyəti düzgün qiymətləndirmək üçün qeyd etmək lazımdır ki, həmin mühafizə zonaları təşkilatlar tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilir. Məsələn, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara görə xəttin gücündən asılı olaraq 10 metrdən 30 metrədək məsafə,
ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci 4 aprel il tarixli 129 nömrəli qərarı ilə hər tərəfə 201 metr məsafə müəyyən edilmişdir.
Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il N-103 saylı qərarı ilə müəyyən edilmiş normalara görə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə 50 metr, kənd təsərrüfatı torpaqlarında xətt boyunca isə 25 metr mühafizə zonası, çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə 50 metr torpaq sahəsi mühafizə zonası müəyyən edilib.
Əhalinin bilməli olduğu əsas məqam isə ondan ibarətdir ki, mühafizə zonalarına səlahiyyət, sərəncam hüququ yerli icra hakimiyyət orqanlarına aid deyil, bu səlahiyyət müvafiq təşkilatların və o cümlədən Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətlərinə aiddir. Qısası, həmin mühafizə zonalarında evlərin tikintisinə icazəni yerli icra hakimiyyəti verə bilməz. Belə halla üzləşənlər isə bilməlidir ki, belə bir icazəni (həm şifahi və həm də yazılı) icra hakimiyyəti qanunsuz vermişdir.
Yeri gəlmişkən, fərdi yaşayış evlərinin tikilməsi üçün icazə tələb olunmur. Evlərin tikilməsi üçün 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur, sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Söhbət üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən torpaq sahəsindən gedir.
O ki, qaldı həmin mühafizə zonalarında tikilən evlərin sökülməsi məsələsinə qeyd edim ki, məsələ əhalinin yaşayış yeri ilə bağlı olduğu üçün sözü gedən məsələnin həlli üçün yüksək səviyyədə qərar verilməlidir, çünki bu məsələ təkcə hüquqla bağlı deyil. Sözsüz ki, göz qabağında olan qanun pozuntuları var və həmin qanun pozuntularına görə sakinlərin həyatı da real təhlükə altındadır. Məsələnin həlli əslində texniki zonaların, təhlükəsizlik zolaqlarının boşaldılmasından keçir və təbii ki, bunun üçün də maraqlı qurumlar həmin ərazilərdə qanunsuz tikilmiş evlərin sökülməsi üçün məhkəməyə müraciət etməlidir. Həmin təhlükəsizlik zonasında
qanunsuz tikililərin məhkəmə qərarı ilə sökülməsi üçün qanunla kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Ancaq bəllidir ki, həmin mühafizə zonalarında fərdi evlərin tikilməsinə icazə verən ya da tikintiyə göz yuman vəzifəli şəxs olub. Belə bir vəziyyətdə mühafizə zonasında tikilən həmin evin sahibini təkcə günahlandırmaq düz deyil və mövcud vəziyyətdən çıxış ancaq dövlətin müdaxiləsi ilə mümkündür.
Yaranmış vəziyyətdə dalana dirənmiş sakinin evinin sökülməsinə görə kompensasiya məsələsinin həlli cinayət işi çərçivəsində “zərərçəkmiş” və “mülki iddiaçı” qismində mülki qaydada mümkündür. Təbii ki, şikayətçi tikintiyə icazə vermiş və ya tikintiyə şərait yaratmış vəzifəli şəxsdən hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etməlidir. Ancaq cinayət işinin açılması o halda mümkündür ki, mühafizə zonalarında tikintiyə icazə vermiş və ya o tikintiyə göz yumuş vəzifəli şəxsin əməlində cinayət faktı aşkar edilsin. Cinayət işi çərçivəsində vətəndaş “zərərçəkmiş” və “mülki iddiaçı” kimi tanınır və bundan sonra mülki iddiaçı kimi dəymiş ziyanın (kompensasiyanın) ödənilməsi cinayət məsuliyyətinə cəlb edilmiş həmin o vəzifəli şəxsdən tələb edə bilər. Kompensasiyanın tələbi inzibati məsuliyyətə cəlb edilmiş həmin o vəzifəli şəxsə qarşı da qaldırıla bilər.
Hər bir halda, müəyyən vasitələrlə mühafizə zonalarında fərdi yaşayış evləri tikmiş sakinlərin mülkiyyətindən tam məhrum olma ehtimalı çox yüksəkdir və praktika göstərir ki, böyük əksəriyyətdə də həmin sakinlərə kompensasiyanın ödənilməsi təmin edilm
Vüqar DADAŞOV,
MCP SŞ-nin üzvü, hüquqşünas, Qarabağ qazisi.
araz.az xəbər portalı.